Dünyanı təcəssüm etdirən motiv -“Həyat ağacı”

15.02.2024 /
Dünyanı təcəssüm etdirən motiv -“Həyat ağacı”

 

   Arxetiplər içərisində ağac arxetipi diqqəti xüsusi olaraq cəlb edir. Kamal Abdulla “Sirr içində dastan və yaxud gizli Dədə Qorqud” kitabında qeyd etdiyi kimi: “Ağac, adətən üç hissədən ibarət, dünyanın əvvəlini-axırını özündə birləşdirən bir simvol kimi ortaya çıxır”. Kainatın ilk məkani bölgüsü ağacla bağlıdır: onun kökləri-yeraltı, qaranlıq dünyanı, gövdəsi -yeri, işıqlı dünyanı, budaqları - səmanı təcəssüm edir. Ağac simvolu ilkin olaraq məhsuldarlığı simvolizə etmiş, tədricən həyat, nəsil, şaman ağacları kimi təsnif olunmuşdur.

      Müxtəlif xalqlar arasında mövcud olan ağac simvolunun təkcə islam dünyası, bütpərəstlik, xristianlığa deyil, başqa inanc və mədəniyyətlərə də təsiri məlumdur. O, bir-birinə qarışmış budaqlar və köklər kimi təsvir edilir və bununla da həyat və ölümün, yerlə mənəvi, keçmiş və gələcəyin vəhdətini ifadə edir.

        “Həyat ağacı” bir çox mədəniyyətlərdə mifoloji obrazdır. “Həyat ağacı” anlayışı dində, fəlsəfədə və mifologiyada geniş istifadə edilmişdir. Cənnətlə yeraltı dünyanı və bütün həyat formalarını birləşdirən həyat ağacı həm dünya ağacının, həm də kosmik ağacın formasıdır və müxtəlif dinlərdə,  fəlsəfələrdə eyni ağac kimi təsvir olunur.

         Azərbaycan folklorunda Dünya ağacının xüsusiyyətlərini «Məlikməmməd» nağılında Zümrüd quşunun yuvası yerləşən ağacda özünün biruzə verir. Ağacın kökləri və gövdəsinə əjdaha sarmaşmış və Zümrüd quşunun ağacın budaqlarındakı yuvasına can ataraq, balalarını yemək istəyir. Məlikməmməd əjdahanı öldürərək quşun balalarını xilas edir və bunun sayəsində işıqlı dünyaya çıxır. Göründüyü kimi, ağacın gövdə və kökləri, orada yerləşən məxluq yeraltı dünya və şər qüvvələr, budaqları işıqlı dünya və xeyirlə bağlıdır.

      Qədim Misirdə və digər yerlərdə də sidr müqəddəs hesab edilirdi. Misir əsatirində allah Osirisin tabutu Bibl çayının sahilindəki sidrə yan alır. Quranda rast gəldiyimiz Sidrətül-müntəha, Sidreyi-Əla da yəqin ki, bu ənənənin məcrasına daxildir.

      Qədim yunanlarda ağaclar ilahi mahiyyət daşımış və müxtəlif tanrılarla bağlanmışdır. Bu baxımdan qədim Osiris kimi ölüb-dirilən Dionis - törəyiş, məhsuldarlıq kultunu ifadə edən tanrı xüsusi qeyd olunmalıdır. Zevs insanların üçüncü nəslini palıddan yaratmış, ellinlər palıd ağacını «ilk ana» adlandırmışlar.

     Ağac simvolu türk şamançılığının, əsatir və folklorunun, etnoqrafiyasının, xalq sənətinin özəyini təşkil edir. Buna görə də türk mifoloji sistemlərinin tədqiqində ağac simvolunun təfsiri xüsusi əhəmiyyət kəsb edir.

       Demək olar ki, bütün əsatiri sistemlərdə Dünya ağacının zirvəsi günəş, işıqlı dünya ilə bağlı olur və həmin anlayışlar quş şəkli ilə rəmzləşdirilir. Ağacın dibində isə onu qaranlıq dünyanın şər qüvvələrindən qoruyan tanrılar təsvir olunur.

       Ağac obrazı təsviri sənətdə getdikcə daha da rəmziləşmiş və şərtiləşmiş, Azərbaycan incəsənətində ən kamil ifadəsini xalçaçılıqda tapmışdır. Azərbaycan xalçaçılığında işlədilən ən parlaq nəbati naxışlardan olan «buta» dünyanın ahəngdarlığını və estetikliyini, həyati başlanğıcın təbiliyini və əbədiliyini, kainatın vəhdətini təcəssüm edir. Müxtəlif variantlarda Azərbaycan, Orta Asiya, Anadolu xalçaçılığında yayılmış «buta» kainatın mərkəzində dayanan, onu simmetrik hissələrə, bir-birini tarazlayan əksliklərə parçalayan, həyati başlanğıcı yaradan və qoruyan qüvvənin - Dünya ağacının rəmzi işarəsidir.

        Azərbaycan xalçaçılığında Dünya ağacı ilə bağlı bütov kompozisiyalardan da istifadə olunur. Quba-Şirvan məktəbinə məxsus «Pirəbədil», «Şirvan» xalçalarında üslubi işləmələrə məruz qalmış Dünya ağacının və onun aşağısında iki qanadlı qoruyucu tanrıların təsvirini görmək olar. Yenə həmin məktəbə məxsus «Qobustan» xalçasının məzmununu isə tamamilə “Həyat ağacı” motivi təşkil edir. Ümumən Azərbaycan xalçalarının semantikasında Dünya ağacı motivləri mühüm yer tutur.

       “Həyat ağacı” ilə bağlı motivlərə dulusçuluqda, zərgərlikdə, bədii keramikada, həkkaklıqda, memarlıqda da olduqca tez-tez rast gəlinir. Hələ e.ə. VII əsrə aid Ziviyə xəzinəsindəki əşyalarda, məsələn, qızıl yaxalıqda dünya ağacının təsviri nəzərə çarpır. Qədim ənənədən xəbər verən ağacın ətrafındakı əfsanəvi məxluqların, insanbaşlı qanadlı şirlərin, qanadlı atların yüksək sənətkarlıqla təsviri əcdadlarımızın olduqca “Həyat ağacı”na tapındığını bir daha təsdiq edir.

Eneolit dövrünə aid gil və daş qadın hey­kəlciklərinin qarın nayihəsində ağac təsviri cızılmışdır. Belə heykəllər təd­qi­qat­çı­lar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir.

      Dünya ağacının çeşidli atributları və funksiyaları, xüsusən ondan törəyən üçlü bölgü insanların psixologiyasına, dünyabaxışına o dərəcədə nüfuz etmişdir ki, Yaxın Şərqdə hətta şəhərsalma texnikası da həmin ənənənin təsiri ilə üçhissəli bölgüyə (qala, şəhristan, rabad) əsaslanıb. Bu təsirin izlərini məişətdə də görmək olar. Azərbaycanda indi də qalmaqda olan təkəlduz, güləbətin, pilə, cülmə və s. tikmə üsulları, qəbirdaşı, taxta üzərində şəbəkə, cəfəri kimi oymalar, müxtəlif tikililərin tərtibatındakı nəbati ornament və kompozisiyalar həmin ənənədən gəlir.

        Zərgərlik, miniatür sənətimizdə, həkkaklıqda nəbati naxışlardan geniş istifadə olunur. Memarlıq, təsviri, tədbiqi-dekorativ sənətimizin nadir nümunələrindən olan Şəki xan sarayının tərtibatında nəbati ornamentlərdən, əyri, düz, sınıq xətlərdən ibarət həndəsi fiqurlardan yaradılmış kompozisiyaların bədii kamilliyi diqqəti cəlb edir. İnşası XVIII əsrə aid Şəki Xan Sarayının  interyerini süsləyən bəzək elementləri  arasında “Həyat ağacı” motivinə rast gəlinir. Tətqiqatlar bu təsvirlərin dəqiqliklə kimə məxsusluğunu üzə çıxarmamışdır. Lakin divar rəsmlərinin binanın istismara verilərkən çəkilmiş ilkin variantı sonradan XIX əsrdə dəfələrlə bərpa edilmiş, bəzi təsvirlər isə tamamilə yenidən işlənilmişdir. Bu səbəbdən də oradakı rəsmlərin bir neçə rəssam tərəfindən ərsəyə gətirildiyini söyləmək olar. Araşdırmalar burada XVIII əsrdə Abbasqulunun, XIX əsrin ilk qərinəsində (1819-1820) bir avropalı rəssamın, XIX əsrin sonlarında (1895-1896) isə şamaxılı rəssamlar Mirzə Cəfər, Əliqulu və Qurbanəlinin, XX əsrin başlanğıcında (1902) şuşalı Usta Qənbər, onun qardaşı Səfər, oğlu Şükürün çalışdıqlarını təsdiqləyir. İnteryerdə yer almış divar rəsmlərinin müxtəlif yerlərində onların adlarına rast gəlmək mümkündür. Aşağı mərtəbədə zamanında müqəddəs qəbul olunan – stilizə olunmuş tovuz quşlarının mərkəzdəki “Həyat ağacı”na yönəli təsvirini yaşadan panno da diqqətçəkəndir. Xan sarayının divarını bəzəyən, nəbati ornamentlər ilə əhatələnmiş və tağ işərisində təvir olunmuş  iki ədəd “Həyat ağacı” müsəlman dünyasında müqəddəs meyvə kimi tanınan nar ağacı timsalında təsvir olunmuşdur. Tünd mavi tonlu fon ilə şux qırmızıya boyanmış narın təsviri gözqamaşdırıcı təsirə malikdir. Bir çox əfsanələrdə “Həyat ağacı” şər qüvvələri simvolizə edən obrazlar və ya ağacın kökü ilə bir təsvir olunmuşdur. Lakin sarayın divarlarında əks olunmuş ağac motivi bu dəfə dövlətin biriyini, bütövlüyünü və onun şaxəlnən nəsil şəcərəsini simvollaşdırır.

        Dünyanın müxtəlif mədəniyyətlərində rast gəlinən «Həyat ağacı» motivi Avropa incəsənətində də özünəməxsus tərzdə yanaşma ilə seçilirdi. Qustav Klimtin Brüsseldəki Stoklet sarayında yeməkxananı bəzəmək üçün çəkdiyi “Həyat ağacı” triptixin mərkəzi hissəsini təşkil edir. İki yan hissədən fərqli olaraq mərkəzdə iri fiqurlar yoxdur, burada yalnız tünd quş diqqəti cəlb edir. Şəkil parlaq şux qızılı rəngin üstünlüyü ilə ərsəyə gətirilib. Həyat ağacı Klimtin rəsmində virtuoz əksini tapmış həcmli bir fəlsəfi konsepsiyadır. Tünd rənglərə boyanmış tutqun quş həyata həmişə gözlənilmədən gələn ölüm, yəni çağırılmamış qonaqdır. Əsərin süjetini xeyir və şərdən bəhs edən “Həyat ağacı” haqqında Qədim Bibliya hekayəsi ilə də əlaqələndirmək olar. Bu irimiqyaslı və qlobal ideya müxtəlif rəssamların bir çox əsərlərində öz əksini tapmışdır, lakin yalnız Klimt bu ideyanı sarayın əsl bəzəyi olmağa xidmət edən zəngin, möhtəşəm əsər şəklində təcəssüm etdirərək parlaq şəkildə həyata keçirə bilmişdir. Əsər dekorativliyi ilə diqqəti cəlb edir. Yuvarlaq təsvir edilən budaqlar əsas ideyanı - əbədiyyət və varlığın sonsuzluğuna işarə edir, ağacı vurğulayan xüsusi spiral  forma ritmə səbəb olur.

       Klimtin obrazlı təfəkkürü ona dərin məna daşıyan, heyrətamiz dərəcədə möhtəşəm və dekorativ obraz yaratmağı təklif edirdi. Tablo həm lirizm, həm də simvolizmlə doludur. Zəngin qızılı rəng sxemi tablonu son dərəcə zərif, möhtəşəm və yaddaqalan edir. Bu rəsm rəssamın aldığı son böyük sifariş idi, ona görə də bu əsəri onun istedadının zirvəsi hesab etmək olar. Bir vaxtlar çoxlarının onun yaradıcılığında Freydin motivlərini başa düşməməsinə baxmayaraq, bu gün Klimt öz dövrünü qabaqlayan və örnək olan çox məşhur rəssamlardan biridir. “Həyat ağacı”nın mərkəzi hissəsi olan triptix hələ də təxəyyülü heyran edir, qlobal ideyası və unikal mürəkkəb təcəssümü diqqətləri cəlb edir.

       İtalyan rəssam Paçino di Buonaqvidanın 1305-1310-cu illərdə çəkdiyi "Həyat ağacı" tablosu 248 × 151 sm ölçülü lövhədə tempera boya ilə çəkilmiş rəsmdir. Hal-hazırda Florensiyada Akademik Qalereyada saxlanılır.  Əsərin yuxarı tərəfinə doğru böyük lövhədə Florensiyada Monticellidəki monastırdan olan Klarissinilər tərəfindən sifariş edildiyi yazılmışdır. Burada ordenin banisi Müqəddəs Klara və onun bacısı, Florensiyadakı ordenin monastırının ilk abbessi Müqəddəs Aqnesin şəkillərinin olması da sifarışçilərə işarə edir. 1531-ci ildə Klarissintlər onu Malkontenti küçəsindəki yeni məskənlərinə apardılar. 1808-ci ildə monastır ləğv edildikdən sonra qurbangah Montedominidəki dindar zəhmətkeşlik evinə köçürüldü, burada yalnız 1849-cu ildə aşkar edildi və dərhal Florensiyadakı İncəsənət Akademiyasının qalereyasına köçürüldü. Obrazın yaradılmasında rəssam Kasaledən rahib Ubertinonun 1305-ci ildə yazdığı “Çarmıxa çəkilmiş İsa Məsihin Həyat Ağacı” traktatından və Baqnoreciodan olan Bonaventurenin “Həyat ağacı” mövzusu İsa Məsihinin çarmıxa çəkilmə hekayəsindən bəhs edən “Həyat ağacı” meditasiya kitabından ilhamlanıb. Bu kitabdakı mətn, rəssamın rəsmdə dəqiq şəkildə əks etdirdiyi kimi 12 budaq və 48 fəsilə bölünür.

      İlk vaxtlar təsvir demək olar ki, bütün sənətşünaslar tərəfindən Paçino di Buonaqvidanın əsəri kimi göstərilsə də, buna şübhələrini bildirənlər də olmuşdur. Sənətşünas Bernard Berenson əsərin müəllifinin Umbriya və Rimini arasındakı bölgədə yaşayan naməlum bir rəssam olduğunu, digər sənət tarixçisi Pietro Toesca isə onun Giotta (Cotto) məktəbinin ustadlarından birinə aid olduğunu iddia edirdi. Sonrakı tədqiqatlar burada Rimini və ya Bolonya rəssamlıq məktəblərinin təsirinin olduğunu göstərərək Paçino di Buonagvidanın müəllifliyini təsdiqlədi.

      Əsərin mərkəzində İsa Məsihin çarmıxa çəkilmiş obrazı realistik tərzdə həll edilmişdir, bu da Cottonun rəssamın yaradıcılığına təsirindən xəbər verir. Ağacın gövdəsindən hər bir tərəfə bir-biri ilə növbələşən qırmızı və yaşıl rəngli altı budaq ayrılır. Hər budaqda İsanın fəzilətlərini simvolizə edən xristoloji səhnəli “meyvələr”dən ibarət dörd medalyon asılıb. Yuxarı sağ küncdə cənnətə girişi göstərən sonuncu budaq istisna təşkil edir.Gövdənin yuxarı hissəsində sinəsini yararaq, tökülən qanı ilə balalarını bəsləyən bir qutan quşunun yuvası var - bu, Allahın insanlara olan sevgisinin və Məsihin kəffarə qurbanının simvoludur. Əsərin aşağı hissəsində “Yaradılış” haqqında kitabdan götürülən, sonradan İsa Məsihin çarmıxı üçün vasitə kimi istifadə edilən xeyir və şəri təcəssüm etdirən  “Həyat ağacı” ilə bağlı səhnələr təsvir edilmişdir. Bunlar “İnsanın yaradılması”, “Qadının yaradılması”, “Allah əcdadlara xeyir və şərin “Həyat ağacı” haqqında danışır", “Adəmin vəsvəsəsi”, “Günaha düçar olmaq”, “Allahın vəftizi”, “Cənnətin dörd çayının mənbəyi” və “Cənnətdən qovulma” kimi səhnələrdir. Yaradılışdan olan səhnələrin üstündə əllərində svitokların olduğu  dörd müqəddəs yer alır: Musa peyğəmbər,  Assisili Fransisk, Assisili Klara, Allahın elçisi Yəhya peyğəmbər “Yaradılış haqqında” kitabdan, Qalatiyalılara məktubdan, “Nəğmələr nəğməsindən” və Apokalipsisdən sitatlar var. Əsərin yuxarısında  səma qatı, müqəddəslərin, peyğəmbərlərin, ən üst qatda isə cənnətdə əyləşmiş halda Məryəm ana və müqəddəs İsa təsvir edilmişdirlər.

    Beləliklə, ayrı-ayrı mədəniyyətlərdə “Həyat ağacı” motivi sənətkarların adi ağac təsviri kimi deyil, öz dərin simvolik anlamına görə, qədim dini inanclara bağlılığından qaynaqlanaraq tərənnüm obyektinə çevrilmişdir.

Dürdanə Qurbanova

Azərbaycan Dövlət Rəsm Qalereyasının elmi işçisi