Balaxanının rənglər dünyası. İstedadlı rəssam Vüsalə Yunusova yaradıcılığı

22.02.2024 /
Balaxanının rənglər dünyası.  İstedadlı rəssam Vüsalə Yunusova yaradıcılığı

Bakı şəhərinin 32 kəndindən biri də qədim Balaxanıdır. Bildiyimiz kimi Balxanı zəngin nefti ilə tanınsa da isdedadlı insanlar da yetişdirir. O şəxslərdən biridə istedadlı rəssam Vüsalə Yunusovadır. Yunusova Vüsalə Dəyanət qızı 19 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 3 yaşından Tibb İşçilərinin Mədəniyyət evində rəqs,  ingilis dili,  rəssamlıq, fortepiano kurslarına qoşulub, daha sonra 1991-1992-ci illər Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin "Fortepiano" sinifini bitirib. 1992-1999-cı illərdə Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbinin "Fortepiano" sinifində dərs alıb. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin "Dizayn" ixtisasından məzun olmuşdur. 2018-2020-ci il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti "Qrafik dizayn" ixtisaslaşması üzrə Magistr pilləsini bitirib.

Yunusova əsasən 3 istiqamətdə-rəngkarlıq, qrafika və mandalalar üslubunda işləyir. Əsərlənin çoxu müəyyən tematika üzrə qurulmuş abstrakt üslubundadır. Qrafikalarında 3 rəngdən qırmızı, ağ və qara istifadə edir. Vüsalə daha çox öz təfəkkürünün nəticəsi olaraq əsərlər yaratmağı sevir. Onun sözlərinə istinad edərək deyə bilərik ki, rəssam çoxşaxəli olmalıdır və hər cür texnikada işləməyi bacarmalıdır. Hətta Vüsalə Yunusova realistlik stildə etüdlər çəkir, həmdə qrafik dizayner kimi, plakatlar reklam afişaları dijital rəsmlərdə yaradır və kitab kataloqlarının dizaynı ilə də məşğuldu. Rəssam yaradıcılıq fəaliyətini uğurla davam etdirərək bir çox diplom və sertifikata layiq görülmüşdür. Eyni zamanda Xalq rəssamı, professor Arif Əzizə həsr olunmuş "Arif Əziz Bəyaz" sənədli filminin (2019) çəkilişində iştirak etmişdir.

   Rəssam yaradıcılıq dünyasını günbəgün daha da zəngiləşdirərək bir çox əsərlərin altına öz imzasını atmışdır. Bu qiymətli sənət dünyasına səyahətimiz zamanı rəssamın xəyal dünyasının, duyğularının, arzularının şahidi oluruq. Bu əsərlərdən sadəcə bir neçəsi ilə sizi yaxından tanış etmək istəyirəm. İlk öncə “Xalçadan Kainata yüksələn ulduzlar” adlı əsərlə yaxından tanış olaq. Kətan üzərində akril boya ilə  kainatı müxtəlif ölçüdə rəngli dairələrlə təsəvvür edən rəssam, hətta Azərbaycanın Respublikasının Dövlət Bayrağının  səkkiz guşəli ulduzunun təsvirinə də bu tablosunda yer verib. Əsər hal-hazırda Rusiyada İtersputnik Beynəlxalq Kosmik Təşkilatında qorunub saxlanılır.

Rəssamın “Balalı Buta” əsərində Qobustan qayaüstü rəsimləri ilə yanaşı mərkəzdə iri butanın daxilində iki balaca buta sanki bala anasına sığınırmış kimi təsvir olunmuşdur. Əsər öz kreativliyi ilə seçilir. Bu mövzunun davamı olaraq “Bürclər” adlı əsərinə diqqət etsək görərik ki, rəssam hər bir insanın həyatında mühüm əhəmiyətə malik bürclər mövzusuna toxunmuşdur.  Əsərin mərkəzində şəhərin əsas rəmzi “Qoşa qala qapısı” adlanan şimal darvazaları üsdündə yerləşən buynuzlu öküz başı bukraninın təsviri verilib.

 Bu əsərlərlə yanaşı rəssamın bir çox dərin mövzulu əsərlərin adlarınıda qeyd edə bilərik. “Cazın rəngləri”, “Mahatma Qandi”,  “Nar ətrafında yallı”, “Jazz”, “Qadın incəliyi və s. bir çox əsərləri buna bariz nümunədir. İstedadlı rəssam Vüsalə Yunusovaya yaradıcılıq yolunda uğurlar arzu edirik.

Lamiyə Əliyeva

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı