#ArtData - maltalı sənətşünas, kurator Yana Lupi Scarparo ilə onlayn müsahibə.

28.02.2024 /
#ArtData - maltalı sənətşünas, kurator Yana Lupi Scarparo ilə onlayn müsahibə.

Əziz izləyicilər! Azərbaycan Dövlət Rəsm Qalereyası ölkəmizin və xarici ölkələrin sənət mütəxəssislərinin bilik və təcrübələrini sizinlə bölüşmək üçün #ArtData isimli yeni rubrikaya start verir. Rubrikanın ilk qonağı;

Malta Sərbəst Sənətkarlar Alyansının qurucusu, fəal sənətsevərlər platformasının önəmli nümayəndəsi, bir çox beynəlxalq və yerli sərgilərin təşkilatçılığında mühüm rol oynayan maltalı sənətşünas, sərgi kuratoru və kolleksioner Yana Lupi Scarparo-dur.

 

-Salam, Yana xanım. Sizinlə incəsənətin birləşdirici gücündən bəhs etmək istəyərdik. Bu haqda nə deyə bilərsiniz?

 

-Salam, Nigar xanım. İlk öncə bu maraqlı layihəniz üçün sizə minnətdaram. Maraqlı bir mövzudur… Sənətin birləşdirici gücü! Bu ifadəni biz müasir dövrümüzə, müasir incəsənətə və müasir düşüncənin məhsulu olan-texnologiyaya aid edə bilərik. Bu gün mən frilanser bir kurator kimi, azərbaycanlı bir sənətşünas ilə incəsənət haqqında təcrübələrimi bölüşə bilirimsə, deməli sənətin bizi birləşdirən gücünə əsaslanıram.

 

-Bəli, elədir ki, var. Bu, bir növ incəsənətin ümumbəşəri dil rolunu oynaması ilə də əlaqədardır. Elə deyilmi?

 

-Əslində, incəsənətin qlobal miqyasda bəşəriyyət tərəfindən mənimsənilə bilməsi məhz onun təsir gücünü artıran əsas amil hesab olunmalıdır. Marksa görə; Yaradıcı fəaliyyət insan və təbiətin qarşılıqlı təsir mərhələsidir. Ona görə də incəsənət ictimai xarakter daşıyır. Məhz elə sənətin ümumbəşəri xarakterə malik olması onun bəşəriyyətin və çağın inkişafına töhfə verməsinə vasitəçi olur.

 

-Maraqlıdır. Belə çıxır ki, sosial və mədəni sahədə baş verən bütün dəyişikliklər incəsənətin inkişafına mühüm təsir göstərməyə qadirdir. Doğrudur?

 

-Sənət öz mövcud olduğu dövrün ruhunu əks etdirir. Hər bir əsər istehsal olunduğu dövrün ictimai, siyasi və mədəni ab-havasını nümayiş etdirir. Necə ki, incəsənətin cəmiyyətə təsir gücü danılmazdır, mədəni və sosial dəyişikliklərin də sənətə təsiri danılmaz hesab oluna bilər.

 

-Bəli, hər bir halda incəsənət cəmiyyətin yenidən düşünməsi və özünü dəyişdirməsi üçün ən püxtə vasitələrdən biri hesab olunmalıdır. İncəsənət müxtəlif mədəniyyətlərə malik insanlar arasındakı uçurumları aradan qaldıra bilərmi?

 

-Çox maraqlı bir sual verdiniz mənə… İncəsənət bizə sosial problemləri müzakirə etməyə geniş bir imkan verir. Məhz sənətin bu unikal kommunikativ gücü fərqli mədəniyyətlərə bir-biri ilə əlaqə yaratmağa kömək edir. İndi bizim bir-birimizlə qurduğumuz əlaqə kimi…

 

-Haqlısınız, bu gün incəsənət özü bizim aramızda önəmli körpü rolunu oynayır. Biraz da incəsənətin  emosional səviyyəsindən bəhs edək.

 

-Emosionallıq xüsusi bir xarici stimulun mövcudluğundan asılı olur. B.Krose görə isə, “Sənət intuisiyadır”. Sənətkar da bu gözəgörünməz intuisiyasını arzuları ilə birgə dərindən emal edir, onlara effekt verir və vizual formalara çevirərək bizlərə təqdim edir. Yəni emosional səviyyə estetik meyarı qabaqlayır.

 

-Bəs incəsənətin estetik zövq standartları barəsində nə deyə bilərsiniz?

 

-Sənətin nəyə aid olduğu mövzusu əsrlərə, cəmiyyətlərə və bu gün də mövcud olan sənət sahəsinə görə dəyişir. Sənət insani bir fəaliyyətdir.  İnsanlara təsir edən hər şey sənətə də təsir edir. Sənət sənətkardan asılı bir məhsul kimi həm də rəssamın şəxsiyyətindən, dünya görüşündən və orijinal üslubu ilə yanaşı zövqündən çox təsirlənir.

 

-Bəli, doğrusu bu məqamda xatırlayırıq ki, sənət əsərini yaradan, üç ünsür olur: rəssam, sənət əsəri və sənət əsərini anlayan və qiymətləndirən auditoriya.  Bu gün sürətlə inkişaf edən rəqəmsal əsrdə qlobal auditoriyaya çatmaq bu qədər asankən, bəşəriyyət və ya incəsənət dünyası hansı təhlükə ilə üzləşə bilər?

 

-Rəqəmsallaşma və rəqəmsal transformasiya özü ilə bərabər sürətli dəyişikliklər və yeni imkanlar gətirir. Bu proseslərin gələcəkdə necə formalaşacağı və cəmiyyətlərə necə təsir edəcəyi ilə bağlı fərziyyələr var. Amma biz bu fərziyyələri təhlükə kimi görməkdə nə dərəcədə haqlıyıq? Rəssamlar rəqəmsal texnologiyalardan istifadə etməklə yeni əsərlər yaratmaq və əsərlərini daha geniş auditoriyaya çatdırmaq imkanı əldə edə bilirlər. Bu, fikrimcə müsbət haldır.

 

-Təşəkkür edirəm, Yana xanım. Söhbətimiz çox maraqlı oldu. Ümid edirəm ki, müsahibəmiz oxucularımız üçün faydalı olar. Son olaraq, demək istədiyiniz bir söz varmı?

 

-Nigar xanım, mən sizə dərin təşəkkürlərimi bildirmək istəyirəm. Nəhayət ki, sənətsevərlərə incəsənəti yalnız yaradıcı şəxslərdən deyil, yazıb, analiz edib, tənqid edən şəxslərdən də duymaq şansı verirsiniz. Məhz ona görə bu layihəniz çox yerində və mükəmməl hesab oluna bilər. Təkcə vizuallıq deyil, nəzəri çərçivədən də incəsənətə baxmaq çox önəmlidir. Sizi tanımağıma çox məmnun oldum. Həm Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyinə, həm əməkdaşlarına və xüsusən də sizə bu layihəyə görə çoxlu təşəkkür düşür. Sizə uğurlar!

 Müsahib ilə əlaqə: [email protected]

Layihədə iştirak etmək üçün: [email protected]