XƏBƏRLƏR
Məhəmməd Füzuli obrazı Azərbaycan təsviri sənətində.
Azərbaycanın mütəfəkkir şairi Məhəmməd Füzulinin şeir dünyası sahilsiz bir ümmandır. Türk, ərəb və fars dillərində bənzərsiz bədii-fəlsəfi əsərlər yaradaraq geniş ədəbi-bədii və elmi fəaliyyətilə hələ öz sağlığında Şərq ölkələrində böyük şöhrət qazanan dahi şəxsiyyət iti ağlının və cilalı qələminin qüdrətilə bəşəriyyətə nadir sənət inciləri bəxş etmişdir.
Füzulinin bədii obrazı ilk dəfə olaraq elə şairin özü tərəfindən yaradılmışdır desək heç də yanılmarıq. Bir cox füzulişünasların fikirlərinə əsaslanaraq əminliklə deyə bilərik ki, şairin ədəbi-fəlsəfi irsində müəllif obrazı pərakəndə şəkildə yaradıcılıq nümunələrinə səpələnmişdir. Belə ki, obrazin bədii səciyyəsindəki avtobioqrafik cizgilər daha çox Füzulinin qəsidələrində, psixoloji məqamlar isə qəzəllərində ozünü göstərməkdədir.
Dərin məna tutumu, bəşəri və humanist ideyalara, bütövlükdə işıqlı fikirlərinə görə əbədiyaşar söz sənətkarlarından biri olan Məhəmməd Füzuli obrazına bir çox Azərbaycanın görkəmli sənət nümayəndələri müraciət etmişlər. Bunların timsalında bir neçə əsərlərə nəzər salaq.
Azərbaycanın təsviri-sənətində mənzərə janrına yeni bir nəfəs gətirən usta sənətkar Səttar Bəhlulzadə özünəxas üslubu, nəfis rəng seçimi və poetik yanaşma tərzi ilə tanınan, milli incəsənət tariximizin ən dəyərli nümayəndələrindən biridir. Rəssamın yaradıcılığında Füzuli poeziyasının xüsusi yeri vardır. Bu portretdə rəngkar “Eşq və iztirab şairi” Füzulini yalın, sadə və ən önəmlisi duyğu dolu təsvir etmişdir. Rəssam, usta şairin daxili zənginliyi, mənəvi sərvəti ilə xarici görkəmini, kompozisiya düzümünü təzad bir şəkildə icra etmişdir. Ruhu ilahi eşqə ac olan Füzulinin baxışları izləyicilərə tuşlanmayıb. Mahir fırça ustası Səttar Bəhlulzadə şair ilə aramıza xəyali bir rübənd tutur. Eşqə könüllü əsir olan Füzuli ruhunun qəm dağını ifadəli bir şəkildə təsvir edən rəssamın məhdud rəng seçimindən istifadə etməsi əsərə bədii güc aşılamışdır.
Azərbaycan rəssamlıq sənətinin inkişafında xüsusi xidmətləri olan peşəkar rəssamlardan biri olan Tofiq Ağababayevin “Məhəmməd Füzuli” tablosu da diqqətəlayiqdir. Bakının ilk baş rəssamı vəzifəsində fəaliyyət göstərmiş sənətkarın Füzuli obrazına yanaşması olduqca emosionaldır. Rəbbinə dərin məhəbbətini hər məqamda ifadə edən Məhəmməd Füzulini dünyəvilikdən uzaq icra edən rəssam Tofiq Ağababayev şairi ədəbi fəaliyyətinin rəngarəngliyi ilə təsvir edir. Kompozisiyada divan şairi Allahın hüzurunda, fani dünyanın sahibsiz dərdinə həmdərd olmağa istəkli bir şəkildə əks olunmuşdur.
Xalçaçı rəssam Eldar Mikayılzadənin yaradıcılığı xüsusilə əlvanlıq və zəngin kompozisiyalar ilə seçilir. Rəssamın Füzuliyə həsr etdiyi sənət əsəri də zəngin və dolğun bədii ifadə tərzi ilə icra olunmuş, xəyal və yaxud da yuxu aləmini xatırladan maraqlı nümunələrdən biridir. Yaradıcılığı orijinal dəst-xətt ilə seçilən sənətkarın həll etdiyi kompozisiyada mərkəzi fiqur Məhəmməd Füzuli olsa da, onu tamamlayan daha kiçik ölçülü fiqurlar və təsvir predmetləri müəllifin izləyicilərə çatdırmaq istədiyi düşüncələrin təcəssümü kimi çıxış edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə qranit postament üzərində ucaldılanan bürünc heykəldən və postament qarşısında yerləşən fəvvarədən ibarət Məhəmməd Füzuli abidəsinin açılışı1963-cü ildə baş tutmuşdur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda Füzulinin bədii obrazı ilk dəfə olaraq Fuad Əbdürrəhmanov tərəfindən yaradılmışdır. Belə ki, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının fasadı işlənərkən, fasadı bəzəyən heykəllərdən birinin Füzulinin heykəli olması nəzərdə tutulur və elan edilmiş müsabiqədə Fuad Əbdürrəhmanovun layihəsi qalib gəlir. Sənətkarın 1939-cu ildə muzey binası üçün yaratdığı Füzuli obrazı sonradan şairin xalq tərəfindən, daha sonra isə rəsmən qəbul edilmiş portreti kimi tanınır. 1958-ci ildə Məhəmməd Füzulinin 400 illiyi münasibəti ilə şairin abidəsinin yaradılması üçün elan edilən müsabiqədə Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihəsi qalib gəlir. Füzulinin heykəli hazırlanarkən heykəltaraşlar Fuad Əbdürrəhmanov tərəfindən yaradılmış obrazın ümumi cizgilərinə sadiq qalmışdırlar.Hər iki sənətkar əsərlərində qəhrəmanın psixoloji aləminə, ruh dünyasına nüfuz edərk daxili vəziyyətini əks etdirdiyindən Füzuli heykəli çox uğurlu alınmışdır. Heykələ diqqət etsək sanki öz daxili dünyasında səyahət edən bir müdrik səyyahı görərik. Bir əlində "Divan" tutan, digər əlini isə çənəsinə söykəyən şair sanki keçmişdən bu günə, bu gündən gələcəyə, gələcəkdən də əbədiyyətə uzun bir yolçuluqdadır. Bu yolçuluq məhz fikir yolçuluğudur ki, əbədiyyətə qədər davam etməkdədir. Düşünürəm ki, müəlliflər fəlsəfə ilə şeriyaatı, müdrikliklə hüznü çox gözəl sintez etməyi usatlıqla nail olmuşlar. Hansı səmtdən baxılırsa baxılsın, öz görüm nöqtəsini itirməyən heykəl uzaqdan başqa, yaxından isə tamam başqa təəssürat yaratmaqdadır. Rakurs fərqinə baxmayaraq heykəl vahid kompozisiyaya tabedir. Burada hər bir kiçik detal belə heykəldəki Füzuli ruhu ilə ahəngdədir. Bu ahəngin kökündə isə Şərq mənəviyyatı dayanır.Heykəlin postamentində isə Leyli və Məcnun obrazlarının təsvirini görürük. Postament, mahiyyət etibarilə abidənin ayrıca memarlıq hissəsi olmaqla yanaşı, ümumi obraz həllinin mühüm məna yükü daşıyan bərabərhüquqlu iştirakçı olduğunu xüsusi vurğulamalıyıq. Eyni zamanda o, konkret olaraq həm də təsviridir və bu təsvirdə olduqca zərif lirik olan Füzulinin poetik personajlarını gormək mümkündür. Onu da qeyd etməliyik ki, heykəltaraşların Füzuli heykəli 1963-cü ildə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülmüşdür.
Bölgələrimizdə də dahi şairin heykəllərinə rast gəlmək mümkündür. Belə sənət nümunələrindən biri də 1970-ci ildə Füzuli şəhərinin mərkəzində parkda ucaldılmış heykəl idi. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən şəhər işğal ediləndən sonra heykəl vandalizmə məruz qalmışdır. Güman edirik ki, işğaldan azad edildikdən sonra yenidən qurulan şəhərdə dahi şairin adına layiq abidəsi də qoyulacaq.
Göründüyü kimi, böyük Füzuli irsi təsviri sənətimizə geniş şəkildə nüfuz edərək xalqın da qəlbində özünə əbədi məskən salmışdır. "İlahi feyzindən yaranan söz" elə bir tükənməz xəzinədir ki, onu nə qədər sərf etsən də tükənməz, bitməz. Sözü yaradanlar özləri dünyadan köçsələr də, söz həmişə yaşayır. Daim ürəkləri riqqətə gətirən, insanları düşündürən, onların yaxın dostuna, məsləhətçisinə çevrilən Füzuli irsi həmişə yaradıcı insanların diqqət mərkəzində olmaqla yüksək bədii sənətkarlıq nümunələrinin yaranmasına vəsilə və təsviri sənətimizdə bundan sonra da müraciət edilən mövzulardan biri olacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı
Könül Vəliyeva