#ArtData-hindistanlı kurator, incəsənət tarixçisi Dos. Dr. Gayathri Dhasal ilə onlayn müsahibə.

06.03.2024 /
#ArtData-hindistanlı kurator, incəsənət tarixçisi Dos. Dr. Gayathri Dhasal ilə onlayn müsahibə.

#ArtData rubrikasının növbəti qonağı hindistanlı kurator, incəsənət tarixçisi, sənət festivallarının və tədbirlərin koordinatoru, təşkilatçısı və bədii rəhbəri kimi fəaliyyət göstərən Dos. Dr. Gayathri Dhasal-dır.

 

-Salam, Gayathri xanım. Gəlin, müasir hind incəsənətində əsas səciyyə daşıyan mədəniyyət, adət-ənənə və köklərdən bəhs edək.

 

-Bəli, Nigar xanım. Çox yerində bir sual verərək, söhbətimizin açılışını etdiniz. Həqiqətən də, hindlilər üçün müasir incəsənət bizim köklərimiz, mədəniyyətimiz və xalq sənətimizdir. Ən son bədii rəhbəri olduğum “Zəhmətkeş, yaradıcı və güclü qadın” sərgisində məhz bu müasirlik və ənənəvilik arasında balansı qoruyan sənətin bədii qüvvəsini araşdırmışdıq. Mənə görə ilahə statusuna layiq görə biləcəyimiz qadınlarımız həm incəsənəti, həm müasirliyi, həm də ənənəviliyi özlərində birləşdirməyə qadirdir.

 

-Maraqlıdır, bəs hind mifologiyası və incəsənəti arasında əlaqədən bəhs edə bilərsinizmi?

 

-Hind mifologiyasında əsrlərdir kök salan çoxlu metafora və simvollar mövcuddur. Biz hindlilər uşaq yaşlarımızdan bu günədək daima mifik hekayələrə qulaq asıb, bir növ onlarla böyüyürük. Sənətkarlar da yaradıcı ehtiyaclarını çox zaman mənəviyyatlarına səyahət edərkən və yaxud da hind mifologiyasının ən dərin qatlarına qərq olarkən kəşf edə bilirlər.

 

-Kəşf edə bilmək bacarığı çox önəmlidir…Meditasiya rolunu oynayan incəsənət… Bu haqda nə deyə bilərsiniz?

 

-Hər bir halda incəsənət fərdə yaradıcılıq ehtiyaclarını ödəməyə imkan verən meditasiya kimi qiymətləndirilə bilər.

 

-Yaradıcılıq ehtiyacı, başqa cür ifadə etsək ilham mənbəyi…Təbii ki, ilham çoxşaxəli, çoxölçülü bir anlayışdır. Bəziləri təbiətdən və onun canlı çalarlarından, bəziləri isə fərdi istəklərdən və yaradıcı ehtiyaclardan ilham ala bilirlər. Sizin dediyiniz kimi həqiqətən də bu ilham mənbəyi fərdin meditasiyasına çevrilməyə qadirdir.

 

-Çox gözəl ifadə etdiniz, Nigar xanım. Gözəl hesab edə biləcəyimiz hər bir incəsənət məhsulunun arxasında ilham, ideya, təxəyyül və düşüncə dayanır.

 

-Sizinlə razıyam. Haqqında bir çox maraqlı məlumatlar duyduğumuz “Pattachitra” sənətindən bir az bizə bəhs edə bilərsiniz?

 

-Əcnəbi sənətşünaslardan mənə adətən ümumi suallar ünvanlanır. Əziz Nigar, siz məni bu sualınızla lap həyəcanlandırdınız. Sizin kimi peşəsini və missiyasını layiqincə yerinə yetirən sənət mütəxəssislərini tanıdıqca çox şad oluram. “Pattachitra”…Bu sənət növünün tarixi 12-ci əsrə qədər uzanır. Əvvəlcə bu sənət növü divar rəsmlərində incəsənət tarixinin səhnəsində özünü biruzə verirdi. Sonralar rəssamlar parça və xurma yarpaqlarının üzərində bu sənəti icra etməyə davam etdilər. Pattachitra termini sanskritcədən tərcümədə “parça üzərində çəkilmiş rəsmlər” mənasını verir. Patta sözü parçanı, çitra isə rəsmi ifadə edir.

 

-Bu haqda oxumuşdum, Pattachitra-da motivlər qədim Hindistandan gələn Sanskrit dastanı olan Ramayan kimi mifologiyaya əsaslanmalıdır.

 

-Elədir ki var. Bu sənət növü tamamilə Şərqi Hindistana aiddir. Bu gün də Hindistanın ən məşhur sənət formalarından biridir. Pattachitra özünəməxsus üslubunu bəzi bədii qaydalardan əldə edir. Misal üçün, bu rəsmlərdə istifadə olunan rənglər tamamilə təbii bitki boyalarından əldə olunmalıdır. Əsas istifadə olunan rənglər qırmızı, ağ, sarı, yaşıl və qaradır. Məhz buna görə biz pattachitranı torpağın çalarlarına bənzədirik. Çəhrayı, bənövşəyi kimi rəngləri biz bu rəsmlərdə görə bilmərik. Rənglər təbii maddələrdən toz piqmentləri şəklində hazırlanır. Qara çıraq tüstüsündən, yaşıl müəyyən yarpaqlardan, sarı və qırmızı isə daşlardan və ya minerallardan hazırlanır. Daha sonra piqmentlər yapışqan ilə qarışdırılır - kiçik "kristallar" şəklində tətbiq olunur.

 

-Olduqca mürəkkəb prosesə bənzəyir. Səy, səbir, zəhmət və nizam-intizam tələb edir.

 

-Onu dəyərli edən də məhz budur.

 

-Hər bir sualımızı dolğun bir şəkildə cavablandırdığınız üçün sizə təşəkkür edirəm. Son olaraq, oxucularımıza, sənətsevərlərə demək istədiyiniz hər hansısa bir sözünüz varmı?

 

-Mən başda sizə, daha sonra isə Azərbaycan Dövlət Rəsm Qalereyasının rəhbərliyinə öz minnətdarlığımı məmnuniyyətlə bildirmək istəyirəm. Çünki, bu layihəniz sənətin vizual baxımdan beynəlxalq mübadiləsi deyil də, incəsənətin elmi çərçivədə peşəkar bir nöqtədən hər iki ölkədə paylaşılması deməkdir. ArtData dayaz bir layihə hesab olunmamalıdır. Əksinə ali bir düşüncənin məhsulu olduğu üçün populyarlıq qazanmalıdır . Belə layihələrin saysız-hesabsız olmasını arzu edirəm. Əlçətan bir dövrdə, dijital bir çağda belə projelər ön planda olmalıdır.

 

 

 

 

 Müsahib ilə əlaqə: [email protected] 

Layihədə iştirak etmək üçün: [email protected]