Heydər Əliyev simasına müasir baxış.

11.03.2024 /
Heydər Əliyev simasına müasir baxış.

   Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev eyni zamanda Azərbaycan incəsənətinin ən böyük himayədarı olmuşdur. Heydər Əliyevin incəsənət mövzulu çoxsaylı çıxışları, müsahibələri və tanınmış sənətkarlarımızın Ulu öndər haqqında xatirələrinə nəzər yetirərkən incəsənət tendensiyaları barədə mükəmməl biliyi və özünəməxus yanaşmasını görə bilərik. Məhz bu səbəbdən Heydər Əliyev şəxsiyyətinin özü bu gün də həm klassik, həm də müasir incəsənətimizdə ən çox müraciət olunan mövzulardandır. Böyük sənətkarlarımız tərəfindən Ümummilli Liderimizə həsr olunmuş əsərlər daim öz əzəməti və dərinliyi ilə tamaşaçıların rəğbətini qazana bilmişdir. Bunun ən böyük səbəbi, Heydər Əliyevin ölkə başçısı olduğu ilk illərdən etibarən, ciddi siyasi məsələlərin həlli ilə yanaşı incəsənətlə bağlı problemləri də gündəmdə saxlaması, onların həllinin gələcək nəsillər üçün vacibliyini göstərərək lazımi qərarlar verməsi və sənətkarlara qayğı ilə yanaşmasının nəticəsində onların sevgisini qazanması, ruhən həssas olan sənətçilərimizin də bu sevgi və hörmətdən yaranan səmimiyyəti bir başa öz əsərlərində əks etdirməkləri olmuşdur.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkə miqyasında çoxsaylı elmi və mədəni tədbirlər təşkil olunmağa başlandı. Əlbəttə ki, sənətçilərimiz də bu tədbirlər çərçivəsində fərdi şəkildə və ya dövlət müəssisələri ilə əməkdaşlığa böyük həvəslə qoşuldular.

Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan müasir incəsənətinin ən parlaq nümayəndələrindən biri olan, əsərləri nəinki Azərbaycanda, dünyanın qabaqcıl muzey və qalereyalarının kolleksialarında saxlanılan Rəşad Ələkbərovun Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Heydər Əliyev-100” adlı instalyasiyası və İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə yaratdığı “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyası “Heydər Əliyev” ili çərçivəsində təqdim olunan əsərlərdən ən çox diqqət çəkəni oldu.

Heydər Əliyev Mərkəzində təqdimatı olan “Op art” üslubunda yaradılan “Heydər Əliyev-100” adlı instalyasiyanı digər əsərlərdən fərqləndirən bir çox nüanslar vardır ki, bunlardan başlıcası üslubun xarakteriktik xüsusiyyətlərinin verdiyi dərinlikdir. Məxsusi olaraq diqqətlə seçilmiş məkanın verdiyi və illuziyanı daha da gücləndirilməsi məqsədi ilə tamaşaçılar yalnız təyinat nöqtəsinə yaxınlaşdıqdan sonra insaliyasiyanı tam olaraq anlaya bilir. Kənardan sadəcə metal dirəklər kimi anlaşılan art obyektə düzgün istiqamətdən baxdıqda Ümummilli liderin portretinin təsvir olunduğunu görə bilərik. İlk baxışda tamaşaçını özünə heyran qoyan instaliyasiyanın fiziki cəhətdən hazırlanmağının çətinliyini düşünməmək mümkün deyil. Burada müasir incəsənətin bir hissəsi halını almış müasir texnologiyanı da mənimsəmiş sənətçimizə layihənin eskizini dijital formada təqdim etməklə yanaşı, böyük ölçülü instaliyasiyanı quraşdırmağın çətinliyini müəyyən qədər yüngülləşdirməyə də kömək edib. İnstaliyasiyanı dərinləşdirən ikinci bir nüans istifadə olunan dirəklərin simvolik sayındadır. Heydər Əliyevin anadan olmasının 100 illiyinə  həsr olunmuş əsərdə tam olaraq 100 metal dirəkdən istifadə olunmuşdur. Rəşad Ələkbərov şaquli formada qoyulmuş 100 metal sütun və məkanın işıqlarında istifadə edərək Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin və bizə qoyduğu əbədi mirasın böyüklüyünü uğurla tamaşaçıya ötürə bilmişdir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə sənətçi Rəşad Ələkbərovun həsrt etdiyi növbəti əsər olan “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyası üç hissədən ibarət olub, burada Ümummilli liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər və önəm verdiyi dəyərlər ilk dəfə “xalça dili”ndə çatdırılmışdır. Rəşad Ələkbərovla müsahibə zamanı aydın oldu ki, hazırlanma prosesinin bir ilə yaxın davam etdiyi xalçanın sadəcə araşdırma və eskiz mərhələsinə sənətçi səkkiz aya yaxın vaxt sərf etmişdir. Bu müddət ərzində o, Heydər Əliyevin Azərbaycana verdiyi tövhələri, daim diqqətdə saxladığı elm, incəsənət, hərbi, neft və iqtisadi sahələr və ən əsası “Azərbaycan ailəsi” instutisiyasına verdiyi önəmi dərindən araşdırmış və bütün bu məvhumları xüsusi “xalça dili”nə çevirmişdir. Əlbəttə, bu “tərcümə” üçün də sənətçinin Azərbaycan xalça və miniatür sənətini dərindən öyrənməsi, müasir məsələləri ənənəvi xalça dilinə inteqrasiya etməyində böyük rol oynamışdır. Bütün bu araşdırmalar və sənətçinin özünəməxsus yanaşması nəticəsində müasir incəsənətin Azərbaycanın qədim xalça sənəti ilə, müasirliyin ənənə ilə möhtəşəm vəhdətinə şahid oluruq.

Rəşad Ələkbərov bu əsərində də ümumi görünüşün simvolikasından istifadə etmişdir. Üç hissəli xalçaya diqqətlə baxdıqda xalçadan azad ümumi kompozisiyanın 100 formasını yaratdığını görə bilərik.

Əlbəttə ki, bir il ərzində sənətçinin Ümummilli liderin həyatını, dövlətçilik ənənələrini təsvir edən iki dərin əsər yaratmağı heç də təsadüfi deyil. Uşaqlığı Sovet dönəminə təsadüf edən sənətçi müsahibə zamanı bu dövrün bizdən aldıqlarından, uşaq da olsa müşahidə edə bildiyi çətinliklərdən danışdı. Heydər Əliyevin hakimiyyətə gəlməyi ilə yaranan rahatlıq, müstəqilliyin verdiyi qürur hissi, bir növ qəhrəmanın doğularaq bizi xilas etməyi hər bir azərbaycanlı kimi Rəşad Ələkbərovun da həyat şəraitinə və eyni zamanda  yaradıcılığına böyük təsir göstərib. Nəticədə müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı Ulu öndər Heydər Əliyevin əbədi xatirəsinə layiq müasir incəsənət əsərləri yaratmağa müvəffəq olan sənətçi tamaşaçılara Ümummilli liderin bizə miras qoyduğu müstəqil Azərbaycanı onun istədiyi kimi hər zaman azad, müasir, çağdaş və inkişaf yolunda daima irəli addımlayan görmək üçün var gücümüzlə çalışmalı olduğumuz, bu mirası layiqincə gələcək nəsillərə ötürməyin vacibliyini çatdıra bilmişdir.

Elçin Hüseyn

Azərbaycan Dövlət Rəsm Qalereyasının

şöbə müdiri