#ArtData - kenyalı kurator, art menecment və çağdaş qalerist Nadia Kwamboka

18.03.2024 /
#ArtData - kenyalı kurator, art menecment və çağdaş qalerist Nadia Kwamboka

#ArtData rubrikasının növbəti qonağı kenyalı kurator, art menecment və çağdaş qalerist Nadia Kwamboka-dır.

 

-Salam, Nadia xanım. Biz bu gün Afrikanın zəngin, vizual, mistik və qədim köklərə malik mədəniyyətinin universal müasir incəsənətdə yenidən şərhinə şahid oluruq. Məhz müasir konteksdə Afrika incəsənətini Keniya mədəniyyəti ilə birgə bizə tanıda bilərsinizmi?

 

-Öncəliklə, Azərbaycanı salamlayıram. İlk dəfə siz mənimlə şəxsi hesabımdan əlaqə saxladığınız zaman çox həyəcanlanmışdım. Azərbaycan haqqında müəyyən qədər məlumatım var idi. Amma sizinlə tanış olduqdan sonra ölkənizi daha çox araşdırmaq şansı əldə etdim. Qısacası, Azərbaycana heyran oldum.

 

-Bu sözləri duymaq çox xoşdur. Təşəkkürlər.

 

-Mən təşəkkür edirəm. İndi sizin mənə ünvanladığınız sualı cavablandırmaq istəyirəm. Bu gün qərb mərkəzli müasir incəsənət aləmini şərqə, şərqi Afrikaya daha çox yaraşdırıram. Təsəvvür edin, bizim afrikalı rəssamlar belə bir dünyada təkcə ənənəviliyi müasirlik ilə birləşdirmir; bizim sənətkarlar öz işləri ilə qitələrarası bədii şəbəkə qurmağa səy göstərirlər. Onlar eyni zamanda yeni ifadə vasitələri və məna dünyaları yaratmağa çalışırlar.

 

-Əlbəttə, Afrika 54 ölkəni, 1,1 milyard insanı, 2000-dən çox danışıq dilini, minlərlə yerli qəbilələri, İslam və Xristian ənənələrinin tarixi təsirlərini əhatə edən unikal mədəni quruluşa malikdir. Düşündüyümüz zaman, biz hər bir fərdi, habelə ictimai təxəyyülü incələyib, araşdırsaq çox maraqlı və ağlasığmaz nəticələr əldə edə bilərik.

 

-Çox doğru ifadə etdiniz, Nigar. Ənənəvi Afrika İncəsənəti estetik bütövlüyünü qorumaq şərti ilə böyük üslub müxtəlifliyi nümayiş etdirir.

 

-Real gözəllik axtarışında olmayan, əksinə intensiv bir şəkildə duyğu və ifadə gücünə əsaslanan Afrika sənətinin mahiyyətində nə dayanır?

 

-Fiquru və ya mövzunu sadələşdirməyə, hətta mücərrədləşdirməyə, insan və ya heyvan formalarını stilizə göstərməyə çalışan bizim sənət tərzimizdə fundamental düşüncə birliyi dayanır. Bu fundamental düşüncə tərzinə təsir edən əsas iki amil isə cadu və dini mərasimlərdir.

 

-Yəni afrikalı bir sənətkr öz hiss və düşüncələrinə görə bədii istehsal ilə məşğul olmur. Bunu sehrli və yaxud da sakral missiya kimi yerinə yetirir.

 

-Bəli, Afrika sənətini təmsil edən əsərlər öz mədəni kontekstlərində simvolik və ya sehrli mənalar daşıyan və hətta ritual səciyyəyə malik dini əşyalar kimi qiymətləndirilə bilər.

 

-Bəzi ekspertlərin fikrincə, Afrika incəsənəti iki əsas tendensiyaya bölünür: son dərəcə simvolist və sadələşdirilmiş kubist üslub ilə daha çox naturalist realist vizual xarakterə malik bədii ifadə vasitəsi.. Bu haqda nə deyə bilərsiniz?

 

-Yəni… Afrika incəsənəti son dərəcə simvolist və həndəsi formalardan, kubist üslubdan ibarət olsa da, daha çox qabarıq bir şəkildə vurğulanan abstrakt və naturalist sənət üslubu onun mahiyyətini özündə ifadə edir.

 

-Afrika kimi etnik və mədəni müxtəlifliyə malik bir qitədə yaranan incəsənətin eyni dərəcədə müxtəlif və çoxşaxəli olması heç də təəccüblü deyil.

 

-Belə başa düşürəm ki, mənin Azərbaycana vurğun olduğum kimi, siz də Afrika sənətinə heyransınız.

 

-Doğrusu sizinlə razılaşacağam, mən Afrika sənətinə heyranam. Ənənəvi qəbilə dəyərlərindən tut, post-müstəmləkə kimliyinə qədər ayaqda durub, mübarizə aparmaqdan usanmayan afrikalıların cəsarətinə, gücünə qibtə ilə baxıram.

 

-Bunları duymaq çox gözəldir.

 

-Afrika incəsənəti özünəməxsus üslub xüsusiyyətləri ilə müasir dünya incəsənətinin formalaşmasında mühüm rol oynayır. Bir az da bu təsirlərdən bəhs edə bilərik?

 

-20-ci əsrin əvvəllərində Andre Deren, Pablo Pikasso, Anri Matiss və Amadeo Modilyani kimi bir çox böyük sənətkarlar Afrika sənətinə o qədər heyran olmuşdular ki, onlar Parisdəki Trokadero muzeyinin daimi ziyərətçilərinə çevrilmişdilər. Bu maraq qərb sənətinə ibtidai yaradıcılıq formalarını, daha doğrusu, Primitivizm kimi bədii cərəyanı qazandırmışdı. Nəticə etibarilə də, Pikassonun "Avinyonlu qızlar" (1907) və Modilyaninin "Qadın Başı" (1912) isimli iki böyük sənət əsəri yaranır

 

-Etnoqrafik aspekt və estetik - formal komponent arasında incə bir tarazlıq… Afrika sənətini bu ifadə ilə dəyərləndirmək olarmı?

 

-Niyə də olmasın? Xüsusən də bu ifadənin vizual inikasını Şərqi Afrika sənətində, kenyalı rəssamların bədii fəaliyyətlərində görmək olar. Saysız-hesabsız sivilizasiyaların, etnik qrupların və dini ənənələrin bəhrəsi olan Afrika incəsənəti ümumbəşəri anlayışın əsasını təşkil edən estetik və formal qavrayışlardan inkişaf edir. Müasir Afrika sənətinə xas transsendent və konkret reallıq arasında keçiddə canlanan məzmun və ifadə biçimi estetik, bir o qədər də sehrli-dini aspektlərin birləşməsindən doğulur.

 

-Təşəkkür edirəm. Hərtərəfli cavablarınız müsahibəmizə rəng qatdı. Vaxt ayırdığınız üçün isə minnətdaram. Son olaraq demək istədiyiniz bir şey var?

 

-Müsahibəmizin bitməsinə görə məyus oldum. Sizinlə söhbət etmək, fikirlərimizi bölüşmək çox xoş oldu, əziz Nigar. Təşəkkür edirəm ki, vaxtımı belə səmərəli və qiymətli dəyərləndirməyimə səbəb oldunuz. Azərbaycan Dövlət Rəsm Qalereyasına da belə perspektivli layihələrə imza atdığı üçün xüsusilə təşəkkür edirəm. Hər mədəniyyəti, incəsənəti aid olduğu torpaqların sakinlərindən dinləmək böyük şansdır. Siz bu imkanı yaradaraq, gələcəyə böyük töhfə verirsiniz. Sizi alqışlayıram. ArtData-nın uğurlarını izləməyə davam edəcəyəm. Təşəkkürlər…