#ArtData - indoneziyalı kurator, layihə rəhbəri və köşə yazarı Yusra Elma Pratama.

27.03.2024 /
#ArtData - indoneziyalı kurator, layihə rəhbəri və köşə yazarı Yusra Elma Pratama.

#ArtData rubrikasının növbəti qonağı indoneziyalı kurator, layihə rəhbəri və köşə yazarı Yusra Elma Pratama-dır.

 

-Salam, Yusra xanım. Bu gün İndoneziyanın mədəni çərçivədə milli kimliyi kimi qəbul edilən bədii simvolu: batika sənətindən söhbət açmağınızı istəyərdik. Bu haqda nə deyə bilərsiniz?

 

-Salamlar, Nigar xanım! Bəli, bu gün İndoneziyanın ənənəvi parça boyama sənəti olan batika və ondan hazırlanan geyimlər ölkənin milli dəyərlərinin bir hissəsi hesab olunur. Ölkənin müxtəlif bölgələrinin mədəniyyətinə və xüsusiyyətlərinə görə müxtəlif motivlərlə hazırlanmış batika, istifadə olunan rəng və naxışlardan asılı olaraq hörmət, zənginlik, xoşbəxtlik kimi simvolik mənalar daşıyır. İndoneziyanın mədəni irsi hesab edilən batika sənəti; etnik, dini və mədəni fərqliliklərə baxmayaraq, cəmiyyətin bütün təbəqələri tərəfindən istifadə edildiyi üçün birlik və həmrəyliyi simvollaşdırır. Batika texnikası ilə hazırlanmış geyimlər dövlət mərasimlərində və ictimai qurumlarda rəsmi geyim kimi istifadə olunur; bundan əlavə, toy, qohum ziyarəti və iş görüşmələri kimi gündəlik həyatda da indoneziyalılar tez-tez belə geyimlərə üstünlük verirlər. Gündəlik geyimlərdən tutmuş dəbdəbəli gecə paltarlarına qədər hər cür məişət sahəsində istifadə oluna bilən batika - rəngkarlıqda, divar boyakarlığında, yataq örtüklərinin və süfrələrin naxışlarında, həmçinin digər tekstil məmulatlarında da tətbiq olunur. Ölkə tarixində əsrlər boyu batika istehsalının davam etdiyi Yava adası bu sənətinin dünyada ən yüksək standartlarda inkişaf etdiyi yer kimi tanınır. Yogyakarta, Solo və Pekalonqan isə ənənəvi batik istehsalının əsas mərkəzi şəhərləri arasındadır.

 

-Milli geyimlərdən İndoneziya xalqının bu gün də günlük həyatlarında istifadə etməsi çox gözəl bir haldır. Adətən, bir çox mədəniyyətlərin milli geyimlərini ya xüsusi günlərdə, ya da muzeylərdə görürük. Donq Son sivilizasiyası və İndoneziya incəsənəti arasındaki əlaqədən bəhs etməyinizi istəyərdik.

 

-İndoneziyanın bir çox yerində tapılan daş sarkofaqlar və dolmenlər Cənubi Asiya adalarında e.ə. 1-ci minillikdə inkişaf etmiş daş dövrü və Donq Son sivilizasiyasının güclü təsir gücünü sübut edir. Xüsusən bu sivilizasiya qədim dəfn sənəti ilə bağlıdır. Tuncdan hazırlanmış nağaraların və mərasim baltalarının üzərinə işlənmiş bəzəklər Donq Son sivilizasiyasının təsiri nəticəsində inkişaf etmişdir.

 

-XX əsrin İndoneziya incəsənətini rəssamlar satirik və ironik əsərlər yaradaraq rejimə qarşı üsyan üçün istifadə edirdilər. Bu haqda nə deyə bilərsiniz?

 

-Əslində biz İndoneziya müasir incəsənətini heç vaxt ölkənin ictimai və siyasi məsələlərindən ayıra bilməyəcəyik. İndoneziyada müasir incəsənət tarixi Qərb incəsənəti tarixindən bir qədər fərqli və mürəkkəb ola bilər. İndoneziyaya Qərbdəki kimi texnikaya malik təsviri sənət nümunələri Hollandiya müstəmləkəsi dövründə, daha dəqiq desək, 19-cu əsrdə daxil olmuşdur. Raden Saleh adlı rəssam Avropada rəssamlıq təhsili alırdı və Jakob Sumardyo “ Müasir İndoneziya İncəsənətinin Mənşəyi ” adlı yazısında qeyd edirdi ki; Raden Salehin izləri sonralar İndoneziya müasir incəsənətinin inkişafı üçün təməl xüsusiyyətlərdən biri kimi qiymətləndiriləcəkdir.

 

-İndoneziya incəsənətində, xüsusilə də təsviri-sənətində milli ruh, ənənəvilik nə dərəcədə qabarıq vurğulanır?

 

-20-ci əsrin əvvəllərindən etibarən İndoneziyanın müstəmləkə şəklində başqa bir ölkədən asılı olması onun bir çox maarifçilərinin, sənət adamlarının, ziyalıların milli düşüncələrində və milli ruh anlayışının inkişafında artıq qabarıq şəkildə özünü büruzə verirdi. Tamamilə İndoneziya təsviri-sənətində ənənəvilik öz bədii təsir gücünü qoruya bilmiş, hətta möhkəmləndirmişdir.

 

-İndoneziya müasir incəsənətinin qabaqcıl təmsilçilərindən biri olan Raden Saleh haqqında bizə məlumat verə bilərsinizmi?

 

-Əlbəttə, böyük məmnuniyyətlə. Bizim məşhur sənət adamlarımızdan biri olan Raden Salehi tanımağınız məni çox şad etdi.  Raden Saleh Hollandiyada təhsil alaraq istedad və bacarığını təkmilləşdirmiş, İndoneziya incəsənətinə yeni bir perspektiva qazandırmışdır. Təhsilini təkmilləşdirmək üçün təkcə Hollandiya ilə kifayətlənməyən Saleh demək olar ki, bütün Avropanı gəzmişdi. Onun bədii fəaliyyəti romantizm üslubunu əks etdirən qiymətli əsərlərdən ibarətdir. 

 

-İndoneziya incəsənəti barəsində araşdırma apararkən “regional üslub” və yaxud da “regional sənət” ifadələrinə tez-tez rast gəlirik. Bu ifadələri bizə izah edə bilərsiniz?

 

-İndoneziyada möhkəm nüfuz qazanan və bədii rəqib saya biləcəyimiz bir çox şəhərlər var. Bu şəhərlər özünəxas üslubu ilə İndoneziya incəsənətinə töhfələr bəxş etmişdir. Onlardan biri Bandunq incəsənətidir; burada formalizm ön planda tutulur. Bandunq incəsənətində formalara, xətlərə, həcm və rəngə xüsusi diqqət ayrılır. Məhz elə buna görə bizim buralarda bu bədii məktəb üçün belə bir deyim var; “Bandunqda incəsənət, əsl incəsənət xatirinə istehsal olunur”.

Bir başqa regional üslubu ilə seçilən şəhər Yogyakarta adlanır. Burada əsasən incəsənət realizm hissinə əsaslanan ideologiya, siyasət və sosial məsələlər ilə birgə icra olunur. Sizə İndoneziya incəsənətinə aid  bu minval ilə saya biləcəyim bir çox region və üslub mövcuddur.

 

-Onlardan biri bu gün də biennalelərdə müsbət rəy alaraq, individuallığı ilə maraq toplayan Cakarta məktəbidir. Elə deyilmi?

 

-Bəli, paytaxt şəhər Cakarta. Bu şəhərə də biz bir çox cərəyanların, mövzuların, hadisələrin təsir etdiyini görə bilərik. İlk öncə deməliyəm ki, Cakarta paytaxt-şəhər olduğu üçün diqqət mərkəzindədir. Bu həm turistlər, həm dünya, həm də yerli sakinlərin ən çox qaynaşdığı mərkəzdir. Məhz buna görə də Cakarta məktəbi dövrümüzə uyğun, dəbdəbəli, çağdaş və maraqlı bir səciyyə daşıyır. Həqiqətən burada qalereyalar müasir incəsənət mərkəzləri kimi fəaliyyət göstərirlər. Özünəxas vizyonu və beynəlxalq kontekstdə faliyyət göstərən bütün bu sənət məkanları dünyanın da diqqət mərkəzindədir.

 

-Çox sağolun, Yusra xanım. Vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Son olaraq demək istədiyiniz nəsə var?

 

-Mən təşəkkür edirəm. Layihə gözəl layihədir, maraqlıdır. Bol baxış sayı əldə etmənizi diləyirəm. Qalereyanıza və bütün əməkdaşlarınıza təşəkkürümü bildirirəm.