“İncəsənətin caz sayağı əhval-ruhiyyəsi…”

27.03.2024 /
“İncəsənətin caz sayağı əhval-ruhiyyəsi…”

 

 Conni Qriffin deyir ki; “ Caz, şəraitə baxmayaraq özünü yaxşı hiss etməyi seçmiş insanlar tərəfindən elə onlar üçün də hazırlanmış musiqi növüdür.”

Məşəqqətli illərin çətin sınaqlarından keçməyə məcbur olan, musiqiyə sığınan afro-amerikalıların inkişaf etdirdiyi caz musiqisi yeni dünyanın, fərqli baxış bucağının bədii ifadəsidir.  Caz musiqi janrı xüsusilə Amerika qitəsinin ən orijinal musiqi janrlarından biridir. Bu gün dünyanın hər yerində müxtəlif sosial təbəqələrdən və mədəniyyətlərdən olan insanların dinlədiyi və ifa etdiyi caz bir çox alt janrı olan musiqi növü kimi tanınır. Blyuzdan soula, repdən hip-hopa qədər bir çox musiqi janrları ilə oxşarlıqları olan bu janr mahiyyətində və ruhunda improvizasiyanın azadlığını və qaydasızlığını daşıyır. ,

Afro-Amerika mədəniyyətindən qaynaqlanan bir sənət növü kimi meydana çıxan caz musiqisi ritm azadlığı və duyğu dərinliyi ilə musiqinin ən valehedici janrlarından biridir. Caz musiqisi Amerikanın quldarlıq dövründən bəri inkişaf etmiş, Afrikadan Amerikaya gətirilən kölələrin xatirəsində qalan ənənəvi Afrika musiqisi və yerli Amerika melodiyalarının qarşılıqlı təsirindən yaranmışdır. Bu musiqinin yaranmasında əsas elementlərdən biri də kölələrin iztirabları, azadlıq axtarışları əsasında duyğu dərinliklərini ifadə etmək istəkləri olmuşdur. Caz kölələrin sosial çətinliklərinə və mədəni irsinə qarşı müqavimət forması kimi doğulmuş və zamanla inkişaf etmişdir. Caz musiqisinin əsas elementləri sərbəst ritmlər, orijinal melodiya və improvizasiya bacarığıdır. Bu elementlər cazı digər musiqi janrlarından fərqləndirir. Caz sənətçiləri səhnədə alışılmış qayda və qanunları izləmək əvəzinə, ani ilham və emosional ifadələrlə musiqi yaratmağa can atırlar. Cazı bir çox müxtəlif janrlara bölmək olar. Misal üçün, bebop sürətli templi və mürəkkəb improvizasiyaya malikdir. “Cool” caz, əksinə, daha sakit və daha rahat bir atmosfer təqdim edir. “Fusion” cazı rok və ya elektron musiqi ilə birləşdirir, Latın cazı isə hərarət dolu Latın ritmləri ilə tanınır. Hər bir janr fərqli emosiya və musiqi təcrübəsi təqdim edir, cazın müxtəlifliyini bir daha ortaya qoyur.

Bəzən əyləncəli, bəzən ciddi, rəngarəng, canlı və böyük dərinliyə malik bu musiqi 1880-ci illərdə Yeni Orleanda inkişaf etməyə başladı. Sonra bu notlar bütün cənub əyalətlərində şöhrət taparaq, musiqiyə müxtəlif aspektlərdən təsir etməyə başladı. Tom Braun caz sözünü ilk dəfə 1915-ci ildə Çikaqoda performans əsnasında tamaşaçılar qarşısında işlətdiyini iddia etsə də, bu söz 1913-cü ildə San Fransisko qəzetində musiqi mənasında artıq istifadə edilmişdi.

Caz ümumiyyətlə azlıqların ifa etdiyi musiqi olsa da, həmişə daha böyük bir qismə təsir etmişdir. Əsasən onun dərinliyini və mahiyyətini başa düşmək üçün dinləyicilər notlar əvəzinə, hissləri araşdırmağa can atmalıdır.  Biz film və serialların musiqilərində, liftlərdə, otel foyelərində, televiziya və radio reklamlarında, telefon xəttində gözləyərkən və ya rokdan funkdan hip-hopa qədər eşitdiyimiz bütün müasir musiqilərdə, bizi əhatə edən bütün melodiyalarda cazdan müəyyən hissələr, təsirlər kəşf edirik.

Yeni Orlean şəhəri cazın doğulduğu torpaqlar hesab olunur. Həmin şəhər öz möhtəşəm memarlığı ilə seçilən qeyri-adi bir şəhərdir. Əslində cazın burada yaranması heç də təəccüblü deyil. Bu, Amazon və Nildən sonra dünyanın üçüncü ən böyük çayı olan Missisipi deltasında yerləşən liman şəhəri, ticarət yolu və kosmopolit məskunlaşma mərkəzi olmuşdur. Bugün də Amerikanın “Avropa Şəhəri” kimi tanınan bu şəhər özünəməxsus mədəniyyəti, yeməkləri və tarixi ilə ABŞ-ın ən çox ziyarət edilən şəhərlərindən biridir.

Caz və incəsənət…

Biz hər zaman rəssamlıq sənəti ilə musiqi arasında dərin və köklü bağ olduğunu eşidib-duyur, hətta kəşf edirik. Unutmamalıyıq ki, rəsm və musiqi bəşər tarixində ən güclü və təsir edici ifadə formalarından biridir. Bu iki sənət sahəsi müəyyən dövrlərdə yaranıb, xeyli fərqlənsə də, bir-birini qidalandırmış, bir-birini ruhlandırmış, insanların həyatında dərin izlər buraxmışdır. Rəssamlıq və musiqi arasındakı əsas əlaqə estetik elementləri zənginləşdirən və dərinləşdirən iki mühüm sənət sahəsinin dolğun sintezindən ibarətdir. Rəssamlıq vizual ifadə vasitəsi kimi rənglərdən, xətlərdən və formalardan istifadə edir. Rəssam kətanın səthində istifadə etdiyi rəng və ya formalarla nəyisə ifadə edir. Bu, tamaşaçıda müxtəlif hisslər oyadaraq, sənətkarın danışmaq istədiyi hekayəni və yaxud da demək istədiyi sözü vizual dil və estetik qayğılar ilə açıqlamağa kömək edir. Rəssamlar öz əsərlərində musiqinin ritmlərini, notlarını və çalarlarını oyatmağa, bir sözlə, iki sənət formasının (musiqi və təsviri-sənət) ahəngindən səmərəli bir şəkildə istifadə etməyə çalışırlar. Musiqinin tərkibində kəşf etdiyimiz psixoloji, mənəvi, bəzən ruhani nüanslar rəngkarlığın mimetik (yəni, fiziki dünyanın görünüşünü təxmin etməyə çalışan) xüsusiyyətindən olduqca fərqlənir. Ümumiyyətlə, rəssamlar hər daim subyektiv məna axtarışında xalis düşüncə formalarının xeyrinə olacaq təcrübələrə, müəyyən mənbələrə əsaslanmağa üstünlük verirlər. Onların çoxu üçün bu əsas mənbə və ya təcrübə elə musiqinin özü olur. İmprovizasiya, poliritm, sinkopasiya və bir çox  Afrika musiqi elementləri ilə Avropa elementlərini harmonik şəkildə birləşdirən caz sənəti rəssamlar üçün kompozisiyalarının əsas mövzu seçimi, bir növ “baş qəhrəmanı” kimi mühüm rol oynayır.

Həm Qərb incəsənətində, həm də şərq incəsənətində təlaşlı ritmləri ilə dinləyicilərini mistik bir aləmə səyahətə aparan bu musiqi növü kətan üzərində olduqca asi, dəcəl, qaydalara tabe olmayan bir səciyyə daşıyan vizual görkəmə bürünür.

Bu ecazkar rənglər və ritmlərdən səmərəli bir şəkildə istifadə edən rəssamlardan biri məşhur amerikan kollajist Romar Birden olmuşdur. O, Amerika modernizminə inteqrə etdiyi bədii afrika təcrübələrini göz qamaşdıran kompozisiyaları ilə təsdiq etmişdir. Bir neçə il rəssam kimi fəaliyyət göstərən Birden daha sonra məşhur jurnallardan kəsdiyi və cırdığı fotoşəkillərdən kollajlar yaradaraq öz dəst-xəttini formalaşdırmışdır. Rəssamın mövzusu Harlemin şəhər mühitini, səyahət edən qatarları, miqrantları, ruhani "sehirbaz" qadınları, cənub kəndini, caz və blyuz musiqiçilərini, Afrika-Amerika dini və mənəviyyatını əhatə edirdi. O, Henri Matisse kimi yüksək modernistlərdən təsirlənsə də, onun kollajları həm də yamaqlı afro-amerika münasibətlərini, kölələşdirilən qaradərili insanları qabarıq bir şəkildə təsvir edən yorğanlara bənzəyirdi. Onun “Xalq musiqiçiləri” zəngin qəhvəyi və mavi rənglərlə çəkilmiş səhnədən ibarətdir. Birden üç musiqiçini təsvir etdiyi kompozisiyada mavi rəngdən təmtəraqlı bir şəkildə istifadə edərək, əslində, caz və blüzdən, Afro-Amerika xalq musiqisindən xəbər verir.

Bir başqa caz musiqisindən ilham alan bədii fəaliyyət ilə məşğul olan isimlərdən biri amerikan rəssam Stüart Devis olmuşdur. Amerikanın ilk müasir rəssamlarından biri və Pop sənətinin əcdadı olan Stüart Devis caz ritmi və Nyu-York şəhər mənzərəsinin cəsarətli, rəngarəng və abstrakt kompozisiyalarını icra etmişdir.

Öz yaradıcılığında ekspressionist sənəti və cazda olan musiqi improvizasiyasını birləşdirən tanınmış əcnəbi rəssamlardan biri də Anri Matis olmuşdur. Müharibədən əvvəl sakit, rəngarəng, əsərdə səliqəli kompozisiya fonuna diqqət yetirən bu fransız rəssam, müharibədən və 1930-cu illərin sonundan sonra müxtəlif üsullarla kəsdiyi, ömrünün “caz dövrü” adlandırdığı rəngli kağızlardan hazırladığı dekupajlar ilə tanınmağa başladı.

1980-ci illərin məşhur amerikan rəssamı Jan-Mişel Baskiya daim dinlədiyi və yaradıcılıq prosesinə daxil etdiyi caz musiqisinə olan sevgisi onun sənətinə dərindən təsir edib. Baskiya uşaq yaşlarından cazmen olmaq istədiyini vurğulayırdı, lakin o, rəssamlıq peşəsini seçmiş, kətanı və rəngləri ilə öz musiqili bədii dünyasını yaratmışdır. Baskiyanın cazdan təsirlənən yenilikçi və unikal üslubu həm kolleksiyaçılar, həm də tənqidçilər tərəfindən geniş rəğbət qazanmışdı. Baskiya üçün ən əhəmiyyətli caz fiqurlarından biri "Bird" ləqəbi ilə tanınan qabaqcıl saksofonçu Çarli Parker olmuşdur. O, Parkerin improvizə və spontan şəkildə kətan üzərində təsvirlərini yaradaraq, caz ab-havasının ən mükəmməl vizual nümunələrini ərsəyə gətirmişdir. Baskiyaya əhəmiyyətli təsir göstərmiş başqa bir caz sənətçisi, bibopun inkişafında əsas fiqur olan trubaçı Dizzi Qillespi olmuşdur.

Caz musiqisinin ritmlərindən və rənglərindən ilham alan bir başqa rəssam Pit Mondrian idi. O, bir müddət teosofik tədqiqatlara diqqət yetirirdi. O, 1925-ci ildə De Stijl qrupu ilə Elementarizm adlı bir üslub inkişaf etdirmişdi. Mondrian Fransaya qayıtdıqdan sonra diqqətini tamamilə mücərrəd sənətə yönəldib, öz bədii fəaliyyəti ilə məşğul olmuşdur. Onun ən məşhur əsərləri; “Broadway Boogie Woogie” (1942-1943) və “Victory Boogie Woogie” (1943-1944) olmuşdur. Boogie Woogie-nin rəngləri və ritmləri, Tayms Meydanı və Brodveyin yanıb-sönən işıqları, neon boru kəmərlərinin təsiredici görüntüsü diqqəti cəlb edir. Görkəmli qrafik dizayner Paula Şer Brodvey Boogie Woogie-ni "Manhettenin mücərrəd xəritəsi" adlandırır. Rəssamın əsər üçün seçdiyi palitra əsl Amerikanın rəngləridir.

1920-30-cı illərdə Avropanı da özünə heyran qoyan caz musiqisi “Neue Sachlichkeit” yəni “Yeni Obyektivlik” hərəkatının təmsilçisi Otto Diks “Böyük şəhər” adlı triptixində mürəkkəb fiqurlu rəqs səhnəsinin təsvirində də özünü biruzə verir. Burada dominant mövzu mərkəzi pannoda həzzin və əyləncənin yüksək şəkildə əksi, digər pannolarda isə xalqın üzləşdiyi çətinliklərin reallığı, yəni müharibə əlilləri, yoxsullar və küçə qadınlarının təsvirindən ibarətdir. Məhz orta pannoda caz orkestrası və rəqs edənlər birinci dünya müharibəsindən sonra azadlıq və rahatlıq duyğusunu özündə simvolizə edir. Caz öz pulsasiyalı, cilovlanmamış enerjisi ilə Avropanın bu qısa, həddindən artıq çətin dövründə çıxış yoluna çevrilmişdi.

Caz janrı hər kəsin enerji aldığı intellektual və zövqlü qaynaq qədər mühüm hesab olunurdu. Cekson Pollok da 1940-cı illərin caz üslubu olan bepopdan valeh olan sənətkarlar arasında idi.  Onun kompozisiyalarının daim “alovlanması, sıçraması və qəzəblənməsi” caz musiqisinin hüdudsuz, enerjili keyfiyyətlərini özündə təmsil edir. Onun mücərrəd rəsmləri vizuallaşdırılmış simfoniyaya bənzəyən kortəbii jestlər, rəng axınları ilə xarakterizə olunur. Harmoniya və iğtişaşlar, dinamika və statik kompozisiyalar rəssamın caz estetikasına olan marağını özündə simvolizə edir.

Caz musiqisi Amerika qitəsində yaransa da öz bəlağətli inkişaf yolunu Avropa ilə yanaşı Asiya ölkələrində də tapmışdır. Bunun ən gözəl izlərini Azərbaycan mədəniyyətinin hər sahəsini layiqincə təmsil edən şəxsiyyətlərin bədii fəaliyyətində görə bilərik. Niyazi və Tofiq Quliyev kimi Azərbaycan musiqiçi və bəstəkarları cazdan alınan akkord sıralarını simfonik musiqi ilə birləşdirərək ərsəyə xoşahəngli bəstələr çıxarmışlar. Məhz caz janrının inkişafında SSRİ dövrünün də öz müəyyən təsiri olmuşdur. Xüsusilə də caz pərəstişkarı Leonid Brejnevin hakimiyyət illərində bu sənət növü olduqca diqqəti cəlb etmişdi. 1950-ci illərdə Sovet və Şərq blokundan caz musiqiçiləri artıq Sovet İttifaqının caz paytaxtı kimi tanınan Bakıya axın edirdilər. Milli musiqimiz muğam və onun ahəngdar strukturuna bələd olan sənətçilərimiz caz musiqisini, onun spesifik keçidlərini, geniş improvizasiya imkanlarını sevə-sevə qəbul etmişdilər.  1950 və 60-cı illərdə ABŞ-da Mayls Devis, Bill Evans və Əhməd Camal kimi parlaq musiqiçilər tərəfindən postbop modal caz musiqisinin yaradılması Azərbaycanda azərbaycansayağı musiqi inqilabına yol açmışdı. Rafiq Babayev və Vaqif Mustafazadə kimi klassik musiqi təhsili almış pianoçu və bəstəkarlar başlanğıc nöqtəsi olaraq Azərbaycan muğamını götürərək onu modal caz musiqisi ilə sintezini yaradıb, hazırda caz-muğam kimi tanınan etnojazz musiqi formasını dünya musiqi sferasına miras qoymuşlar.

Vaqif Mustafazadənin çox vaxt standart caz triosu, yəni pano, bas gitara və zərb alətləri formatında ifa edilən əsərləri dünyanın hər bir bölgəsində rəğbətlə qarşılanır.

Təsviri-sənət sahəsində də xüsusi, coşğun bir auraya sahib olan caz mövzusu bir çox görkəmli sənətkarlarımızın yaradıcılığında öz yerini tapmışdır.

İlk öncə öz dəst-xəttini yaratmaq üçün ənənəvi Azərbaycan elementlərini - Azərbaycanın öz improvizə edilmiş muğam musiqisindəki modal vəzniləri cazla birləşdirən usta sənətkar Vaqif Mustafazadənin Asəf Cəfərov tərəfindən icra edilmiş iri ölçülü portret əsərindən söz aça bilərik. Kolorist imkanlarından məharətlə istifadə edən rəssam Asəf Cəfərov insanlar tərəfindən fiziki xüsusiyyətlərinə görə olduqca ciddi, soyuq və monoton qəbul edilən dahi bəstəkarı olduqca ifadəli bir biçimdə kətana köçürmüşdür. A. Cəfərov Vaqif Mustafazadə obrazının daxili aləmini, şövqünü, kədərini, qəzəbini, üsyanını bütün xırda təfərrüatlara toxunaraq, şux palitra ilə tamamlamışdır. Müəllif hər kəsi özünə valeh edən caz-muğam üslubunun banisi, “xəyal və duyğu dolu aləminin işığını notlarda əks etdirən” bəstəkarı dalğın, düşüncəli və qayğı dolu təsvir etmişdir.

Əslində sənətkarların olduqca maraqlı və dolğun bir şəkildə kətanda yaratdıqları mövzular arasında “sənətkarların obrazları” xüsusilə seçilir. Çünki bu zaman biz dahi bir sənət xadiminə ona ehtiramla yanaşan başqa bir sənətkar gözü ilə baxmaq şansı əldə edirik. Eyni kətanda birləşən iki sənətkarın dünyaya baxış tərzi, onu qavrayışı və bunun öhdəsindən gəlmək üçün göstərdiyi səyləri hər bir boya qatında, yaxılarda, fırça vuruşlarında bəlağətli şəkildə hiss olunur. Beləki, gah dinc, gah yad, gah da səssiz çığırtılarını eşitdiyimiz, ömrünü sənətə bağlamış musiqiçilərin, cazmenlərin obrazlarını öz yaradıcılıq fəaliyyətlərinə daxil edən usta rəngkarlarımızdan biri də, Eldar Qurbanovdur. Gözəl bir qadın obrazını kətanda təqdim edən rəssamın kompozisiyası belə adlanır: “Caz dinləyərkən”. Kompozisiyada zərif, nərmə-nazik xanım sanki cazın coşğu yüklü ritminə girov düşmüşdür. Çaşqın dilemmalardan tamamilə arınmış, maneəsiz xəyal və zövq aləminə qapılan qadının caz sədaları altında sönük ümidləri yenidən canlanır. Cazın hər ritmindən, hər saniyəsindən həzz alan obraz sanki improvizasiyanın nəbzini duyub, öz ruh aləmində onu faş edir. Gözlərini bərk-bərk yuman obrazın isti ab-havası ilə arxa fonda dərinləşən, tündləşən qara və mavi rənglərin soyuqluğu nəfis bir ziddiyyət daşımaqdadır. İtirilmiş zaman və məkan hissi rəssam tərəfindən uğurla təqdim olunmuşdur.

Rəssam Namiq Məmmədovun “Caz haqqında” əsəri də maraqlı və fərqli vizual yanaşma ilə icra olunmuş kompozisiyalar arasındadır. Əsl caz festivallarını xatırladan mücərrəd səciyyə daşıyan sənət nümunəsində saf motivlər, saksafon fenomeni və digər estetik nüanslara rast gəlmək mümkündür. Sanki kompozisiyanın hər iki fiquru cazın dəcəl ritmləri ilə öz ürək döyüntülərini yarışa səsləyir. Bu zaman bütün rənglər işıq və kölgə ilə birlikdə cazın ritmik dalğaları ilə qarışaraq, ərginləşir.

Türkiyədə yaşayıb, fəaliyt göstərən, tanınmış həmvətənlərimizdən biri olan rəssam-pedaqoq Asim Rəsuloğlu yaradıcılığında musiqinin təsiri danılmazdır. Sənətkarın individiul şərhi, əhval-ruhiyyəsi və seçilən dəst-xətti ilə icra etdiyi “Simfoniya” əsəri bu qəbildəndir. Caz adlanan musiqidə bu qədər bənzərsiz ritmik nüanslar başqa heç bir musiqidə qarşımıza çıxmır. Eynilə Asim Rəsuloğlu yaradıcılığında olduğu kimi… “Simfoniya” əsərində də həm lirik, həm cazibəli, həm də qəzəbli ritmlərin susmaz mübarizəsinə şahid oluruq.

Yaradıcılığında caz mövzusuna geniş yer verən rəssamlardan biri  Vüqar Əlidir. İnsan hisslərinin bütün spektrini ifadə etməyə qadir olan caz musiqisinə olduqca şux rənglər ilə yanaşan rəssamın “Cazın gücü”, “Caz yoxsa Muğam”, “Caz. Duet”, “Caz. Trio”, “Piro”, “Mustafazadə”, “Musiqi dünyası”, “Maestro Niyazi”, “Blyuz”, “Qırmızı Mambo” kimi bir sıra əsərlərinin ismini sadalaya bilərik. Onların içərisində xoş auralı, coşğu dolu ab-havaya sahib “Qırmızı mambo” əsəri olduqca səmimi ovqatda həll edilmişdir. Qadın zərafəti ilə musiqini kombinə edən rəssam Vüqar Əli fiqurativ kompozisiyaya nağılvari, fantastik, sehrli bir əhval-ruhiyyə aşılamışdır. Kompozisiyada enerji, canlılıq və dinamika ön planda təqdim olunmuşdur. Bununla yanaşı, 1950-60-cı illərdə caz musiqisinə təsir edən mambo, ça-ça, samba və bossa-nova kimi latın rəqs melodiyaları rəssamın baxış bucağından məharətlə işlənilmişdir. Məhz “Qırmızı Mambo” əsəri də modern afro-amerikan havası ilə yanaşı latın melodiyalarının səmimiyyətini və mistikasını özündə təcəssüm etdirir.

Avanqard üslubu ilə fərqlənən, Fərhad Yalquzaq yaradıcılığında da qarşımıza çıxan caz mövzusu “Caz musiqiçisi” və “Abşeronda caz ritmləri” əsərlərində olduqca dolğun və ifadəli bir şəkildə təqdim olunur. “Caz musiqiçisi” adlı kompozisiyada fon əsl caz gecəsini, caz klubunu xatırladır. Ümumiyyətlə, rəssamın parlaq, pulsasiya edən rənglərdən, ifadəli xətlərdən və təkrarlanan formalardan istifadə etməsi rəsmlərində caz musiqisinin sinkopasiyası və improvizəsinə bənzər vizual ritm yaradır. Kompozisiyanın əsas obrazı olan musiqiçinin ekstravaqant görüntüsü izləyicidə maraq oyadır.

Milli kolorit ilə müasir baxış tərzini impressiv əsərlərində qabarıq bir şəkildə ifadə edən rəssam Emil Əziz yaradıcılığında musiqinin xoş ahəngi, özünəxas bir mistikası mövcuddur. Onun “Fashion Band” əsəri forma, ritm və rəngin əsrarəngiz harmoniyasını təmsil edir. Caz musiqisinin hər ritmində duyduğumuz mükəmməl improvizasiyanı rəssam qadın obrazlarının zərif jestlərində, pozalarında dolğun bir şəkildə təsvir etmişdir. .

Bir sözlə, cazın təsviri-sənətə təsiri bu gün tanıdığımız ən ikonik sənət əsərlərinin yaranması prosesində mühüm amil kimi çıxış edən amillər arasında rahatlıqlab sadalana bilər. Yaradıcı insanlar tərəfindən bədii fəaliyyətlər üçün hər zaman istinad mənbəyinə çevriləcək olan caz musiqi janrı öz dinamik təbiəti, unikallığı və mistik ab-havası ilə həmişə diqqət mərkəzində olacaqdır.

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova

Email: [email protected]