“Bədii tutumun kətan üzərində təzahürü; Bəxtiyar Yusufov yaradıcılığı…”

06.04.2024 /
“Bədii tutumun kətan üzərində təzahürü; Bəxtiyar Yusufov yaradıcılığı…”

 

   Rəsm sənəti səy, səbr, müəyyən bir məşq prosesi və xüsusilə də böyük bir həvəs tələb edir. Bu sənət insanın şüurunda, beynində, şüuraltında məskunlaşan maraqlı və əsasən də sirrlərlə dolu bir sahədir. Əbəs yerə demirlər ki, gələcəyi xəyal edə bilməyən şəxslər, onu inşa da edə bilməzlər. Məhz sənətin gələcəyini, duyğu və düşüncələrinin zənginliyini ərsəyə gətirdiyi rəsm əsərləri ilə təmsil edən, Azərbaycanın peşəkar rəssamlarından biri də Bəxtiyar Yusufovdur. .

Rəngkarlıq geniş xəyal gücü, məharət və müşahidə qabiliyyəti istəyən, sənətkarın ideya və düşüncələrini özündə cəmləyən, yaradıcının bədii dünyasının magiyasını izah edən çox mübhəm və ümdə bir anlayışdır. İdeya və düşüncələrə, bədii dünyanın magiyasına çatmağın yolu isə təxəyyüldən keçir. Bu prosses səbr tələb edir, mübarizə tələb edir, heç bir zaman hədəfindən yayınmayaraq, sənətkarın irəliyə doğru addımlamağını istəyir. Məhz, Bəxtiyar Yusufov da bu yolda əmin addımlarla ilərləyən, istedadlı və sənətində püxtələşmiş rəssamlarımızdan biridir.

Həyat enerjisini və motivasiyasını sənət nümunələrinə aşılayan, bədii şövqünün və ruhunun təzahürünü kətan üzərində əyaniləşdirən sənətkar Bəxtiyar Yusufov öz qəlb “palitrasının” ən incə və gözəl çalarlarını izləyicilərinə təqdim etməkdən əsla çəkinmir. İbn əl-Ərəbi belə qeyd edir; “Hər zaman qəlbinizə doğru yönəlin, bu zaman siz orada daha zəngin bir aləmlə qarşılaşacaqsınız.” Biz də, Bəxtiyar Yusufov əsərlərinə nəzər yetirdiyimiz zaman, onun qəlb gözü ilə müşahidə edib, zənginləşdirdiyi kompozisiyaların mənasını, qayəsini anlaya bilir, dərk edirik.

İstedadını gənc yaşlarından etibarən kəşf edən sənətkar, özünü inkişaf etdirərək bu gün Azərbaycan rəngkarlığında önəmli rol oynamaqdadır. Gənc sənətkara bu məşəqqətli sənət yolunda aydın işığ mənbəyinə çevrilən, çıraq olan ustadlar arasında mahir fırça ustası Böyükağa Mirzəzadənin, Arif Mərdan və Oqtay Murtuzayevin isimlərini xüsusi qeyd etmək lazımdır.  Bu bir həqiqətdir ki, istedad öyrənilə bilməsə də, bacarıq öyrənilə və inkişaf etdirilə bilir. İstedadı ilə zəhmətini birləşdirərək, öz sahəsinə, məramına diqqət ayıran sənətkar Bəxtiyar Yusufov klassik estetik anlayışını, hiss və düşüncələrini, situasiyalar və hadisələrin təcrübələrini müxtəlif üsullardan istifadə edərək üzə çıxarıb, cəmiyyətdə qarşılıqlı əlaqə yaratmaq bacarığını məharətlə icra edən usta sənətkarlar sırasındadır.

Bəxtiyar Rasim oğlu Yusufov  23 iyul 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur.

O, 1998-2002-ci illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Bəxtiyar Yusufov 2002-2006-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  Təsviri sənət fakültəsinin bakalavr, 2008-2010-cu illərdə həmin fakültənin magistr dərəcəsində təhsil almış, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura pilləsinə qəbul olmuş və 2017-ci ildə "Xalq Rəssamı Davud Kazımovun yaradıcılığında realizm xüsusiyyətləri" adlı dissertasiya işini müdafiə etmişdir. Bəxtiyar Yusufov 2018-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.  

O, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Rəssam 2007-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” kafedrasında tədris ustası, 2010-cu ildən müəllim vəzifəsində çalışmış, 2014-cü ildən "Akademik rəngkarlıq və kompozisiya" kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərir.

Rəssam Çin Xalq Respublikasının Xarbin şəhərində yerləşən Dövlət  Qalereyasının dəvəti ilə 4 ay  yaradıcılıqla məşğul olmuş (2014), bir çox qrup sərgilərində iştirak etmiş, mükafata layiq görülmüş, “Mövlana” dəyişim proqramı əsasında Türkiyənin Trabzon şəhərində yerləşən Karadeniz Teknik Universitetində 1 ay müddətində müəllim kimi fəaliyyət göstərmiş (2016) və orada “Memarlıqda rəsm və heykəl” mövzusunda seminar keçirmişdir.

Bəxtiyar Yusufovun əsərləri Türkiyə, Gürcüstan, Rusiya, Kanada, Yaponiya, Çin, Amerika, Almaniya, Malaziya, Cənubi Koreya, Estoniya, Kipr, İrlandiya və s. kimi ölkələrdə şəxsi kolleksiyalarda saxlanır.

Dünyaya baxışında olduqca realist olan Bəxtiyar Yusufov kompozisiyalarının aydın, eyni zamanda gerçəkçi olması üçün demək olar ki, sənətin bütün təfərrüatlarına xüsusi diqqət ayırır. O, sanki müşahidələrini bir növ alim ədasıyla, qayda-qanun ilə, texniki xırdalıqları ilə birgə icra edir. Həm akademik, həm ənənəvi, həm də orijinal dəst-xəttini məhz nizam-intizam ilə tənzimləyir. Beləki, realist bədii tutuma malik rəssamın ən güclü silahı təsvir bacarığıdır. Onun sənət nümunələrində aydın bir şəkildə sezilən düzgün təsvir üsulu yaradıcılıq diapazonunu genişləndirərək, daha da zənginləşdirir.

Rəssamın mövzu seçimləri, kompozisiya düzümləri müşahidə, araşdırma və sənədlər əsasında obyektiv ifadəyə malik bir tutum ilə diqqətləri özünə cəmləyir. Onun əsərlərinin hər birində cizgi və forma mükəmməlliyi ön plandadır. Varlığın insan şüurundan müstəqil və obyektiv olaraq mövcud olduğunu iddia edən baxış tərzini kətan üzərinə köçürən rəssamın, şərqin ruhunu, mənəvi, ənənəvi, milli və estetik dəyərlərini özündə ehtiva edən əsərləri bir çox janrlarda icra olunmuşdur. Rəssamın mənzərə janrında icra etdiyi əsərləri, təbiətin həm real, həm də emosional şərhidir. Mənzərə janrı güclü təəssürat tələb edən, əslində mürəkkəb və zəngin mövzudur. Məhz həmin janrda təsvir etdiyi əsərlər arasında Abşeron, Xəzər dənizi, Neft daşları, Balaxanı qəsəbəsi, Nabran, Bibiheybət, Şuşa,  İsmayıllı, Ağsu, Oğuz, Xınalıq kəndi, Türkiyə Safranbolu etüdləri, İstanbul, Giresun və digər gözəl guşələrin təsvirləri mövcuddur.

Həm müşahidələrini, həm də təəssüratlarını təbiətin dolğun məzmunu ilə birgə kətana köçürən rəssamın şux koloriti, incə rəng nüanslarından istifadəsi diqqətəlayiqdir. Rəssamın fırçasından çıxmış lövhələrdə bədii forma komponentləri, kompozisiya düzümləri, rəng yaxıları lirik, yumşaq və şairanə bir ədayla icra olunmuşdur. Mənzərə janrı ilə yanaşı rəssamın yaradıcılığında natürmort, portret və sujetli səhnələrə də geniş yer verilmişdir. Hər mövsümün özəlliklərini özündə daşıyan meyvə təsvirləri, gül-çiçək, xüsusilə rəng seçimi ilə fərqlənən balıq təsvirləri bu baxımdan diqqəti çəkən maraqlı sənət nümunələri arasındadır.

Bəxtiyar Yusufovun yaradıcılığında rəngkarlıq ilə yanaşı, vitraj, monumental rəngkarlığın bir çox növü və keramika sənəti də xüsusi yerə malikdir. Rəssama vitraj sənətini sevdirən, onun dəyərli müəllimlərindən biri olan usta sənətkar Arif İsayev olmuşdur. Rəssamın xüsusi diqqətlə işlədiyi rəngarəng şüşə materialı ilə ərsəyə gətirdiyi nəbati və həndəsi ornamentlərdən ibarət kompozisiyalar ən gözəl nümunələr sırasındadır.

Yaradıcı fəaliyyət ilə yanaşı, pedaqoji fəaliyyətini də davam etdirən, milli rəngkarlıq üçün gələcək nəsillər yetişdirən sənətkar Bəxtiyar Yusufovun çoxşahəli yaradıcılıq yolu sənətə başlayan hər bir gənc üçün nümunədir. Peşəkar rəssama fəaliyyətində uğurlar arzu edir, nailiyyətlərinin davamlı olmasını diləyirik.

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova

Email: [email protected]