#ArtData - türkiyəli şair, yazıçı, kurator, rəssam və incəsənət üzrə məsləhətçi Erkan Doğanay.

18.04.2024 /
#ArtData - türkiyəli şair, yazıçı, kurator, rəssam və incəsənət üzrə məsləhətçi Erkan Doğanay.

#ArtData rubrikasının növbəti qonağı türkiyəli şair, yazıçı, kurator, rəssam və incəsənət üzrə məsləhətçi Erkan Doğanay-dır.

   -Sizi Azərbaycandan salamlayıram. Dəyərli qonağımız, Erkan Doğanay, ilk sualım belə olacaq; Su üzərində “rəqs edən” sənət; ebru sənəti… Daha aydın desək, sənətkarın müxtəlif rənglər ilə suya atdığı imza kimi zərif olan ebru sənəti haqqında bizə məlumat verə bilərsinizmi?

 

-Salamlar. Ebru sənəti qədim türk kitab bəzək sənətlərindən biridir. Təəssüf ki, ebru sənətinin ilk dəfə necə və harada tətbiq olunduğu barədə dəqiq və aydın məlumat yoxdur, lakin müxtəlif mənbələrdə XIII-XIV əsrlərdə Türküstan və Səmərqənd kimi bölgələrdə ebru sənətinin tətbiq olunduğuna dair məlumatlara rast gəlinir. Orta Asiya dillərindən biri olan Çağatay dilində “muar kimi, damarlı” mənasını verən “Ebre” sözü ebru sənətinin ilk məlum adıdır. Bu gün Avropada “ebru” kimi tanınan ebru 17-ci əsrdə “Türk kağızı” adı ilə Avropaya gedib-çıxmışdır. Türkiyədə də geniş şəkildə tətbiq edilən ebru sənəti indi öz tarixi mənşəyindən çox-çox uzaqlaşmışdır. Bu sənət əsərləri bu gün çərçivəyə salınıb, divarlara asılan bədii elementə çevrilmişdir.

 

-Hərtərəfli məlumat verdiyiniz üçün, sizə təşəkkür edirəm. Məcnunun Leylisiz yaşaya bilmədiyi kimi, incəsənət də ruhani düşüncə və duyğular olmasa var ola bilməz. Siz bu fikirlə razısınızmı?

 

-İncəsənət öncəliklə rəssamın şüurunda formalaşır, daha sonra əl məharəti ilə səthə, müstəviyə köçürülür. Təbii ki, sizin də dediyiniz kimi, ruhani səyahət sonda nəticəyə çevrilir. Bunu belə də izah edə bilərik: incəsənət zamanla mütənasib olub, bəşəriyyəti elə bir dərəcədə təmsil edir ki, o, tarixin müəyyən bir zamanının düşüncələrini, istəklərini, ehtiyaclarını, ümidlərini özündə əks etdirə bilir. Buna baxmayaraq, incəsənət özü bu məhdudiyyəti özündəcə dəf edir və o, tarixi məqamda davamlı inkişaf edə bilməsi ilə bəşəri bir mövqe qazanır.

 

-Bəndənin Rəbbinə olan sevgi və gözəlliyinin ən gözəl ifadəsi olan xəttatlıq sənətini sizin baxış bucağınızdan tanımaq istərdik. Müasir dövrdə kalliqrafiya sənətinin rəssamlıq tarixindəki yeri haqqında nə deyə bilərsiniz?

 

-Xüsusilə yaşadığımız coğrafiyada ümdə bir sənətə çevrilən xəttatlıq sənəti mətbəə ixtirasına qədər əl ilə yazılmış, müəyyən qaydalara və ya çərçivələrə sığmayıb, xəttatın rəhbərliyi ilə hazırlanmış kitablar vasitəsilə inkişaf etmiş və geniş yayılmışdı. Xəttatlığın müasir tərifi isə belədir; "Xəttatlıq - işarələri mənalı, ahəngdar və bacarıqlı şəkildə formalaşdırmaq sənətidir". Estetikası, riyazi düsturu və mənəviyyatı ilə hər zaman diqqət mərkəzində olan xəttatlıq sənəti qərb rəssamları, xüsusilə 1900-cü illərdən sonra müasir sənət cərəyanlarında fəaliyyət göstərənlər tərəfindən ciddi şəkildə araşdırılmış, müasir cərəyanlardan sonra rəssamlıq və heykəltəraşlıq sahələrinə də müsbət təsir göstərmişdir. Həm də bilirik ki, Anri Matiss və Pablo Pikasso kimi mühüm sənətkarlar xəttatlıq sənətini öyrənmiş və ondan təsirlənmişlər.

 

    -Sizcə, sənətin əsas məqsədi sual verməkdir, yoxsa onda nəsə axtaranlara cavab verməkdir?

 

- Sualınıza Qombriçin “Sənət hekayəsi” adlı kitabında bir sitat ilə cavab vermək istəyərəm. Qombriç belə deyir: “Sənət deyə bir şey yoxdur. Yalnız rəssamlar vardır.” Bu həqiqətən də çox doğru bir fikirdir. Vaxtıkən mağaraların divarlarına kobud formalar və heyvan təsvirləri çəkmək üçün rəngli gildən istifadə edənlər də insanlar idi. Bu gün də sənət ilə məşğul olan bəzi insanlar boya alıb öz hisslərini, düşüncələrini, duyğularını, bacarıq və təkliflərini müxtəlif yollarla müstəviyə köçürürlər. Rəssamlar keçmişdən bu günə incəsənət üçün müxtəlif işlər görürlər. Bu sözün müxtəlif zaman və yerlərdə fərqli mənalar verə biləcəyini bildiyimiz müddətcə bütün bu fəaliyyətləri sənət kimi təyin etməyin heç bir zərəri yoxdur.

 

- Bu gün hər kəs sürətlə dəyişən dünya ilə ayaqlaşmağa məcburdur. Bu, bir növ, yaşadığımız dövrün ehtiyaclarından biri hesab olunur. Ancaq inkişaf və tərəqqi nə qədər vacib və zəruri olsa da, inkişaf və tərəqqi nə qədər vacib və zəruri olsa da, dünəndən üz çevirmək, dəyərləri məhv etmək, adət-ənənələri pozmaq kimi müasirləşmə prosesi nə dərəcədə düzgün hesab edilə bilər?

 

-Hər birimiz təxmin edirik ki, hər bir dəyişiklik mürəkkəb proseslər nəticəsində baş verir. Belə ki, dünyada da olduqca yaxın bir tarixdə dəyişiklik baş verdi. Odur ki, biz həqiqətən də tamam başqa dünyaya və zamana qədəm qoyduq. Texnologiya əsri adlandırdığımız bu yeni dövr rəssamların istehsalına da təsir edir... Texnologiyanın bütövlükdə həyatımıza daxil olması ilə incəsənət sahəsinə xas bəzi istehsal metodları təbii olaraq yeni “trend”lərə müvafiq bir şəkildə hərəkət etməyə və həmin predmetləri mərkəzləşdirməyə başladı.

 

-Təşəkkür edirəm. İncəsənət həyatı dərk etməyin ən yaxşı yoludur. Bu fikirlə razısınızmı?

 

- İncəsənət həyatı dərk etmək, ona məna vermək, rəngləndirmək və həyata fərqli prizmadan baxmaq üçün ən yaxşı vasitədir. Bu, həm də estetik görünüş əldə etməyin vacib bir yoludur. İncəsənət həm də ünsiyyət üçün vacib bir vasitədir.

 

- Uilyam Folkner deyir ki; “Sahili gözdən itirməyə cəsarət etmədikcə, yeni üfüqlərə üzə bilməzsən.” Bəs, siz nə düşünürsünüz? Sənət doğrudanmı cəsarət tələb edir?

 

- Sənət tarixi bu cəsarətin yüzlərlə nümunəsinə şahidlik etmişdir.

Cəsarət olmasaydı, nə İntibah, nə də müasir hərəkatlar yarana bilməzdi. Bu sıçrayışlar və yeniliklər sənət tarixinin cəsur isimlərinin sayəsində baş verdi. Vincent van Gogh sağlığında çəkdiyi rəsmləri nə sata bildi, nə də sərgiləyə bildi. Lakin o, öldüyü günə qədər israrla işləməyə davam etdi. Doğrusu zaman bizə göstərdi ki, Van Qoq kimi öz dövründə qəbul olunmayan bir çox sənətkarlar hər şeyə rəğmən öz dövrünü üstələyib, sonradan dahi adına layiq görüldülər. Bu vəziyyət, ilk növbədə onların cəsarət və qətiyyəti, həmçinin də möhtəşəm əsərləri ilə bu günə qədər gəlib çıxa bildi.

 

-Şair, yazıçı, rəssam, kurator və incəsənət üzrə məsləhətçi kimi fəaliyyət göstərən Erkan Doğanay…

Sizin adınızla birgə çəkdiyimiz bu peşə fəaliyyətlərinin hər birinin təməlində ruhun dayandığını düşünürük. Həmin ruh ki, ömrünü sənətə həsr etmiş bir bədənin əbədi qaynağına çevrilərək, sənət üçün döyünən qəlbin duyğularını qələmə-kağıza köçürmə qabiliyyətini istiqamətləndirə bilir. Gənclərə sənətin incəliyini əks etdirən ruhlarını peşəkar səviyyədə necə inkişaf etdirməli olduqlarını izah edə bilərsiniz?

 

-Mən rəssamlıq peşəkar təhsil almışam, amma “yazmaq” mənim həyatımda həmişə mövcud olub. Şeirlər, hekayələr və məqalələr...Müxtəlif təcrübələrdən keçib, təhsilimi bitirdikdən sonra sənət məsləhətçisi kimi fəaliyyət göstərməyə başlamağım daha sonra kurator və bədii tərtibatçı kimi işləməyimə qədər uzandı. Fransız mənşəli olan kurator sözü orijinalda ''curateur'' kimi yazılır. Kurator sözünün lüğəvi mənası - təşkil edən, qayğı göstərən, qoruyub saxlayan və yenidən qiymətləndirən kimsə deməkdir. İncəsənət tarixini öyrənmək/bilmək, çoxşaxəli olmaq, görmə və estetika kimi sahələrdə təcrübəyə malik olmaq, çox çalışmaq bu iş üçün əvəzolunmaz şərtlərdir. İndi kurator sözü daha çox sərgi təşkil edən, muzeylərin dekorasiyasını yaradan şəxslər üçün işlədilir.Sənətlə maraqlanacaq gənc dostlara verə biləcəyim məsləhət çox sadədir; Maraqlanmaq, araşdırmaq və çalışmaq. Məlumat, informasiya hər dövrdə olduğu kimi, bu gün də çox qiymətli bir şeydir. O, asanlıqla da əldə edilir. Lakin məlumatı püxtələşdirmək isə çətin prosesdir. Ümumiyyətlə,  biz özümüzü maraqlandıran hər bir şey haqqında məlumat əldə etməyə, araşdırmağa, daha dolğun tədqiqatlar aparmağa çalışsaq, hər sahədə müsbət nəticələr görəcəyik.

 

-Bizə vaxt ayırdığınız üçün çox sağolun, Erkan Doğanay müəllim. Layihəmizdə iştirak etdiyiniz üçün sizə minnətdaram.

 

#ArtData