#ArtData - argentinalı kurator, sənətşünas, “İncəsənət üzrə Tədqiqatlar”kitabxanasının baş redaktoru Bautista Quiñones.

29.04.2024 /
#ArtData - argentinalı kurator, sənətşünas, “İncəsənət üzrə Tədqiqatlar”kitabxanasının baş redaktoru Bautista Quiñones.

#ArtData rubrikasının növbəti qonağı    argentinalı kurator, sənətşünas, “İncəsənət üzrə Tədqiqatlar”kitabxanasının baş redaktoru Bautista Quiñones-dir.

 

-Salam, Bautista Quiñones. Sizin tədqiqatlarınız, tezisləriniz animator və komiks rəssamları haqqındadır. Bir az Argentinada animasiya və komiks sahəsi haqqında bizə məlumat verə bilərsiniz?

 

-Salam, Nigar! Təbii ki… Bu animasiya, komiks, karikatura kimi sahələr bu gün müxtəlif yaş qrupları tərəfindən, dünyanın müxtəlif bölgəsində böyük bir maraqla qarşılanır. Argentinada da bu sahəyə maraq və təlabat çoxdur. Bütün bu saydıqlarım sahələr məna, forma, estetika və məzmun baxımından fərqlənsə də ümumilikdə qrafika anlayışı altında birləşir. Əminəm ki, sizin vətəniniz Azərbaycanda da bu sahə populyardır. Burada da populyarlıq, maraq, diqqət qənaətbəxşdir. Belə deyə bilərəm ki, Argentina komiksləri beynəlxalq miqyasda inkişaf etmiş ən mühüm komiks ənənələrindən biridir. Argentinada 1900-cü illərdə komikslər əsasən siyasi satira və şərhlər olmaq şərtilə davam edirdi, lakin cuentos vivos (canlı nağıllar) adlanan məişət janrı da inkişaf etməyə başlamışdı. XX əsrin əvvəlləri isə burada komikslərin populyarlığı son dərəcə artaraq, uşaq komiksləri kimi populyarlıq qazandı. Argentina komiksinin qızıl çağı 1940-cı illərin ortaları ilə 1960-cı illərin arası hesab olunur. 1940-cı illərin sonlarında Argentinaya bir qrup italyan yazıçı və rəssamının gəlişi ilə Argentinada komikslərin kəmiyyət və keyfiyyəti daha da yaxşılaşdı. Amma yenə də yerli jurnallar yox idi. 1980-ci ildən etibarən artıq bizim özümüz tərəfindən nəşr olunan El Cazador və Ultra kimi jurnallar satışa çıxarıldı. 

 

-Bəli, doğru vurğuladınız. Son illər xüsusilə fərqlənən və dünyada yüksələn yapon manqaları buna nümunədir. Bu gün qrafik romanlarda texnikaların bir-birinə qarışdığını, yeni və müxtəlif ifadə formalarının sınandığına şahid oluruq. Bir az da bu haqda söhbət açaq?

 

-Mənim fikrimcə, bu gün bu sahədə müşahidə etdiyimkz qeyri-müəyyənlik bir növ bizim üçün şans hesab olunmalıdır. Janrların bir-birinə qarışdığı, fotoqrafiya, kollaj kimi bir çox ifadə üsullarından istifadə edilməyə başlanan qrafika sahəsində zəngin məzmunlu əsərlər ilə qarşılaşmaq ehtimalımız əslində artaraq, çoxalır.

 

-Bir qədər də manqa və komikslərin estetikasından bəhs edək. Üslub, ifadə forması, məktəb fərqləri və rəng seçimi kimi bədii amillərin rolu haqqında nə deyə bilərsiniz?

 

-Komiks dediyimiz janr müəyyən bir fantastika çərçivəsində və müəyyən estetik qayğılarla istehsal olunan və vizuallığın ön plana çıxdığı əsərlərdir. Onların quruluşu, kompozisiyası, mətn və illustrasiya uyğunluğu artıq dərəcə də diqqət tələb edir. Fransa-Belçika, İtaliya, Amerika, Latın Amerika və Asiya kimi bilinən məktəblər mövcuddur. Mövzular sonsuzdur. Ümumiyyətlə, bu sahədə həm vizual, həm də mətn baxımından qabaqcıl və həqiqətən keyfiyyətli əsərlər dərc olunmalıdır. Uşaqlara və böyüklərə xitab edən bu  qrafik əsərlər “hər yaş”ın oxuya biləcəyi, yəni “yaşlanmayan” deyə biləcəyimiz əsərlər hesab oluna bilər.

 

-Komikslər yüksək mədəniyyət-subkultura və ya populyar-estetik qarşıdurmada necə bir mövqe tutur?

 

-Komiks ədəbiyyatın və incəsənətin çox xüsusi bir qoludur. Bu sahənin bir neçə sənət sahəsi ilə kəsişməsi onu daha da təsirli edir. Komikslərdə daha uzun müddətli bir hekayə ilə yanaşı fərqli personajlarla da tanış olmaq mümkündür. Bu tərz əsərlərə səssiz və ya musiqisiz bir kino nümunəsi kimi belə baxmaq olar.

 

 

-Bəs animasiya sənəti?

 

 

-Anima latınca "can, ruh" deməkdir. Animasiya sənəti  film texnologiyasının verdiyi imkanlardan istifadə edərək hərəkət illüziyası yaratma bacarığıdır. Tez-tez duyduğumuz “anime” kəlməsi isə Yaponiyada bu sahəyə verilən addır. Bu təsadüf deyil. Yapon mədəniyyətinin animasiya sənətinə gətirdiyi bənzərsiz şərh və yanaşma var. İlk başda qərb nümunələrindən xarakter dizaynı estetikası, sürət və hərəkəti müəyyən etmək üçün hazırlanmış unikal göstəricilər ilə fərqlənən yapon metodu mövzu və material seçimi baxımdan daha zəngindir.

 

-Məşhur ingilis komiks yazıçısı Alan Murun dediyi kimi, “bəzi rəvayətləri ən yaxşı komikslər vasitəsilə söyləmək olar, kino və ya ədəbiyyatla deyil… “. Təşəkkür edirəm, əziz Bautista Quiñones! Müsahibəmiz çox maraqlı idi. Son olaraq demək istədiyiniz nəsə var?

 

-Dəyərli, Nigar! Mən də sizə təşəkkürlərimi bildirmək istəyirəm. Müsahibədən zövq aldım. Ümid edirəm, bütün oxucular da mənim kimi müsahibədən zövq alar. Azərbaycan Dövlət Rəsm Qalereyasına minnətdar olduğumu söyləmək istəyirəm. Bu layihəniz çox xoşuma gəldi. Araşdırmağı, dünyanı, fərqli mədəniyyətləri sevən hər bir kəs üçün bu layihə kreativ bir istinad mənbəyinə çevrilə bilər. Uğurlar diləyirəm!