Rəssam Tahir Ələkbərovun sənət dünyası.

13.05.2024 /
Rəssam Tahir Ələkbərovun sənət dünyası.

    Uşaqlıqdan rəssam olmağı arzulayan Tahir Ələkbərov  2 noyabr 1975-ci ildə Bakının Balaxanı kəndində rəssam Akif Ələkbərovun ailəsində dünyaya göz açmışdır. Sənətə ilk addımını atası ilə atan Tahir məktəb illərindən Pionerlər evində Xəyyam müəllim  yanında  sənətin sirlərini öyrənib. O, uşaqlıqdan  atasının sənət dostları, onların maraqlı söhbətləri, Xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayevin kitabları ilə böyümüşdür.

 1990-cı ildə Əzim Əzimzadə  adına Dövlət  Rəssamlıq Məktəbinə daxil olan Tahir Ələkbərovun ilk müəllimi Xalq rəssamı Eyyub Hüseynov daha sonra Kamil Ramazanov  olmuşdur. Bağ mövzusu olan diplom işində  Kürdəxanı, Ləhiş bağlarında quyudan su çəkən oğlanı təsvir etməklə öz uşaqlıq  xatirələrini canlandıran Tahir Ələkbərov maraqlı yaradıcılıq yolu keçmişdir.

 O, təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1994-1998) “Xalça rəssam” ixtisası üzrə davam etdirmişdir. Lətif Kərimovun tələbəsi olmaq rəssamın ən böyük arzularından biri olsa da, çox təssüf ki, bu arzusu reallaşa bilmir. O, tələbə olarkən artıq Lətif Kərimov dünyasını dəyişmişdir.  Rəssamın bakalavr təhsilinin diplom işi namazlı xalça olmuşdur.

1998-2001-ci illərdə magistratura təhsili alan Tahir Ələkbərovun diplom işi  karvanla bağlı korniz yerinə dekor xalça olmuşdur.

Tahir Ələkbərov 1998-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Təhsili bitirdikdən sonra Balaxanı kəndində  4 saylı orta məktəbdə (1995-2018) təsviri incəsənət müəllimi kimi pedoqoji fəaliyyətə başlayan Tahir Ələkbərov Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (2018) rəsm kafedrasında da müəllim kimi çalışmışdır.

Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. O, “Orientalizm inside and outside” (Bakı, 2002), “Khojaly Genocide” (Bakı, 2004), “Ghadir International Calligraphy Festival” (Təbriz, Iran, 2004), “Capadokia I Internationale Tradisional  Art Camp” (Kapadokiya, Türkiyə, 2019) sərgilərin iştirakçısı olmuşdur. Tahir Ələkbərov “International Calligraphy Exhibition” (Bakı,1996) beynəlxalq sərgisində  qızıl medal qazanmışdır.

 Əsasən rənkarlıqla məşğul olan rəssam, eyni zamanda xəttalıq, xalça sənətilə də məşğuldur. Bir çox məscidlərin o cümlədən, Şərur, Xanlar rayonları və  Bakı şəhərindəki bir neçə məscidin bədii tərtibatını vermişdir. Son zamanlar  əsasən freska-divar rəsmləri üzrə çalışan rəssam italyalı Stefano Lukanın yardıcılığından bəhrələnmişdir.

Tahir Ələkbərov   “Mənim narahatlığım”, “Atəşi-eşq”, “Səmimiyyət”, “Ümid”, “Məbəd”, “Ekztensiya”, “Ləhiş bağları” və s. əsərlərin müəllifidir.

Rəssamın  “Məbəd” əsəri  COVİD-19 pandemiyası dövründə Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində festivalda sərgilənmişdir.  

Əsərdə təsvir olunan məbəd Balaxanı qəbirstanlığında yerləşən kiçik abidədir.   Abidənin xəzri küləyinin daim döyəclədiyi tərəfini təsvir edən rəssam əsərin aşağı hissəsindəki divar effektini boya ilə kvars qumunun qarışığından əldə etdiyinin şahidi oluruq.  Əslində içəri hissədəki qəbirdaşı abidənin daxilində deyil. Kompozisiyanı tamamlamaq məqsədi ilə təsvirdə həmin daşı məbədin interyerinə yerləşdirən rəssam   məhz bu məkanı dünyanın mərkəzi kimi görürür. Abidənin forması dünyanın dörd cəhətini simvolizə edir. Bu dörd cəhət həm də 4 ünsürə işarədir.

Abidənin aşağı hissəsində üç sıra daş var ki, bu da Atəşpərəstlikdən irəli gələn–düzgün düşün, düzgün yaşa, düzgün danış prinsipinə uyğundur.

Sent-Luis şəhərində baş tutan sərgidə “Məbəd” əsəri haqqında çox maraqlı rəylər qəbul edən rəssamın ən təsirləndiyi fikir- “sən bədii ifadənin gücü ilə kiçik bir abidəni müqəddəs ocağa çevirmisən”  olmuşdur.

Tahir Ələkbərovun yaradıcılığında izləyicilərini təəccübləndirərək, düşünməyə vadar edən, intuitiv səciyyəyə malik əsərlər də mövcuddur.  Məhz müstəsna bədii ifadə tərzi ilə seçilərək, “mücərrəd” vizual göstəricilərin vurğulandığı “Ekzistensiya” əsəri onun çağdaş və analitik tədqiqat nəticəsində təsvir etdiyi ən maraqlı örnəklərdən biridir. Əsər adından da bəlli olduğu kimi, müəllifin mövcudluq fenomenini, yəni varlıq səbəbini kəşf etmə cəhdinin təsviri nümunəsidir.

Mərkəzində qadın başı təsvir olunan kompozisiyada istifadə olunan forma və rənglər xüsusi emosional təsir gücünə malikdir. Burada qadın fiqurunun daxili enerjisi ilə dinamikası xüsusilə ön planda çıxış edir. Tahir Ələkbərov bu tabloda spekulyativ anlayış ilə insan obrazını kətan üzərində harmonik bir şəkildə birləşdirmişdir. Rəssamın əsər üçün seçdiyi təzadlı və cəsarətli kolorit həlli izləyicilərin təxəyyülündə yeni bir kəşf, yeni maraq, yeni estetik zövq yaradır. Bir sözlə, əsər rəssamın bir çox bədii ifadə tərzini professional və peşəkar şəkildə icra etdiyini bizə sübut edir.

            Rəssamın akvarel texnikası ilə icra etdiyi rəsm əsərləri maraqlı mövzular ilə yanaşı, xeyli əhatəli olan janr müxtəlifliyi ilə də seçilir.  Rəngkarın mənzərə əsərləri içərisində özünəməxsus yer tutan “Ləhiş bağları” əsəri realist xüsusiyyətlərilə seçilərək, izləyicilərin yaddaşında səmimi bir ovqat yaradır. Bağ evi rəssamın tündvari və açıq rənglərdən ibarət palitrasında özünəməxsus duyumla təsvir olunmuşdur. Abşeronun susuz torpaqlarında yetişib, bir növ mübarizə aparan ağaclar, kol-kos ətrafa sirli-soraqlı bir ab-hava, müəyyən poetik bir ovqat bəxş etmişdir. Məhz sulu boya texnikasının bəxş etdiyi imkanlardan məharətlə istifadə edən rəssam Tahir Ələkbərov peyzaj əsərində emosional dərinliyi olduqca dolğun bir şəkildə təqdim etmişdir.

Gələcəyə nikbin köklənən rəssam  daim öz üzərində yorulmadan işləyir, yaradıcılıq axtarışlarını davam etdirir. Bu sonsuz yolda rəssama yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının

əməkdaşı Lamiyə Əliyeva