#ArtData rubrikasının növbəti qonağı moldovalı sənətşünas, art menecer və kurator kimi fəaliyyət göstərən Liudmila Mogildeadır.

02.07.2024 /
#ArtData rubrikasının növbəti qonağı moldovalı sənətşünas, art menecer və kurator kimi fəaliyyət göstərən Liudmila Mogildeadır.
-Salam, Liudmila Mogildea. Moldova incəsənəti haqqında bizə ümumi məlumat verə bilərsinizmi? 
 
-Salam, əlbəttə! Böyük bir məmnuniyyətlə Moldova incəsənəti haqqında danışa bilərəm. Moldova incəsənəti mürəkkəb və maraqlı bir tarixə sahibdir, xalqın keşməkeşli keçmişi ilə sıx əlaqədardır. İlk öncə belə qeyd edim ki, Moldova xalqı əsrlər boyu insanların düşüncə və arzularını, ehtiyaclarını və mentalitetini əks etdirən zəngin və çoxşaxəli mənəvi və maddi mədəniyyət yaratmışdır. Şifahi xalq yaradıcılığı, adət-ənənələri, sənətkarlıqları, ədəbiyyatı, təsviri sənəti, musiqisi, teatrı, XX əsrdə isə kino sənəti yüksək inkişaf səviyyəsinə çatmışdır. Bunu milli və dünya mədəni irsinin tərkib hissəsinə çevrilmiş görkəmli sənət nümunələri də sübut edir. 
 
-Belə bir sual vermək istəyirəm; Moldova mədəniyyətinin inkişafı əsasən nə ilə bağlıdır?
 
-Moldova mədəniyyətinin inkişafı tarixlə sıx bağlıdır. Eramızın 2-ci əsrinə, Roma müstəmləkəsi dövrünə qədər uzanan Romanesk köklərindən təsirləndiyi dövrə qədər uzana bilir. 
 
-Bu da o deməkdir ki, Moldova mədəniyyətinin inkişafında etnik müfəxtəlifliyin xüsusi rolu vardır. Doğrudur?
 
-Tamamilə doğrudur. Xüsusilə slavyan, rus, rumın, türk və bir çox xalqların mədəniyyətindən təsirlənmiş, ortaq bir pay çıxartmışdır. Orta əsr Moldova əhalisinin əksəriyyəti pravoslavlığı qəbul etmişdir və bu da Rumıniya, Ukrayna ərazisində yaşayan digər pravoslav xalqlarla mədəni əlaqələr qurmağına xüsusilə səbəb olmuşdu. Bizim mədəniyyətin inkişafı Böyük Vətən Müharibəsi ilə yavaşlasa da, müharibə başa çatdıqdan sonra sürətli inkişaf prossesi ilə bütün dünyanın diqqətini çəkdi. 
 
-Bəs müasir incəsənət?
 
-Moldovanın incəsənət tarixində 1812-1940-cı illər “Bessarabian” (əyalətin o vaxtkı adından sonra) adlanır. Və bu, dini mədəniyyətdən dünyəvi mədəniyyətə keçid dövrünü, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərini təmsil edir. Bu dövr ərzində hər birinin özünəməxsus xüsusiyyətləri olan üç inkişaf mərhələsi ortaya çıxır. Birinci mərhələ 1812-1987-ci illərə təsadüf edir. Bu dövr ərzində orta əsrlər incəsənətinin əsas formaları inkişaf etməkdə davam edirdi. 1887-1918-ci illəri Moskvada təhsil almış ilk peşəkar rəssamların meydana çıxdığı dövr kimi tanınır. Məhz bu dövrlərdə Moldovada müasir incəsənət yaranıb, formalaşır. Bu baxımdan həlledici olan Rusiya və Ukrayna rəssamlarının Kişinyovdakı sərgiləri (19-cu əsrin 80-ci illərindən başlayaraq) və Avropada, eləcə də Rusiya və Ukraynada Bessarabiyalı rəssamların aldığı xüsusi təhsil xüsusi rol oynayır. Rəsm sərgilərinin məqsədi ictimaiyyəti sənət əsərləri ilə tanış etmək və buna uyğun olaraq, müəyyən bədii mühitin formalaşmasına töhfə vermək olmuşdur. 1918-ci ildən 1940-cı ilə qədər davam edən digər dövr 1918-ci ildə İncəsənət Məktəbinin yaradılması və müəllimlər A.Plamadeala, A.Balyera, E.Malesevski, P.Konstantinesku-İasinin fəaliyyəti ilə tanınır. 
20-ci əsrin 60-70-ci illərində isə K. Kobizeva, B. Nesvedov, D. Sevastyanov, P. Piskarev, A. Klimaşevski, L. Dubinovski, M. Qamburd, V. İvanov kimi rəssamların bədii fəaliyyətləri xüsusilə seçilir. 
 
-Bizə Moldova mədəniyyəti haqqında ətraflı bir şəkildə məlumat verdiyinizə görə çox sağolun, Liudmila Mogildea. Müsahibəmizin sonuna çatdıq, bizə və yaxud da layihəyə aid hər hansısa bir sözünüz, sualınız qaldımı?
 
-Mən də sizə təşəkkürlərimi bildirmək istəyirəm, Nigar. Belə maraqlı bir rubrika üçün Azərbaycan Dövlət Rəsm Qalereyasına təşəkkür edirəm. Xalqların heç bir maneə və əngəl olmadan sizlər kimi mütəxəssislər sayəsində bir-birinin mədəniyyəti, adət-ənənələri, tarixi haqqında belə dolğun və geniş məlumat aldığı layihələrin iştirakçılarından biri olmaq mənim üçün böyük bir şərəfdir. Bu şansı əldə etdiyimə görə çox şadam. Uğurlu bir layihəyə imza atmısınız, bu layihə sizin ölkənin gənc və yetkin oxucularının dünya görüşlərini artırmağa kömək edəcək ən böyük vasitələrdən biri kimi qiymətləndirilməlidir. Layihənin banisini və onu həyata keçirən komandanın zəhmətini sadəcə qürurla alqışlayıram. Müvəffəqiyyətlərinizin davamlı olmasını arzu edirəm!
 
-Bir daha çox sağolun, əziz Liudmila Mogildea. Sizinlə tanış olduğum üçün mən də çox şadam. Vaxt ayırıb, layihəmizdə iştirak etdiyiniz üçün isə sizə minnətdaram.