“Rənglərdən süzülən vətən eşqi/ Əli Səfərov yaradıcılığı…”

08.07.2024 /
“Rənglərdən süzülən vətən eşqi/ Əli Səfərov yaradıcılığı…”

Milli təsviri sənətimizdə bədii uğurun təcəssümü kimi dəyərləndirdiyimiz, Azərbaycan incəsənətinin gələcəyinin daha böyük nailiyyətlər əldə etməsi üçün möhkəm təmələ və bünövrəyə çevrilən Naxçıvan məktəbinin ustadı Əli Səfərov özünəxas ideyası, istedadının qüdrəti ilə böyük bir tarixi lövhənin, rəngkarlıq üzrə misilsiz bir “səlnamə”nin müəllifidir.

Naxçıvan Muxtar Respublikasının dəyərli,  peşəkar  rəssamlarından biri olan, doğma yurduna sevgi bəsləyib, onu tərənnüm etməkdən əsla usanmayan Əli Səfərov, 1954-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bədii-tərtibatçı rəssam ixtisası üzrə bitirmiş, Naxçıvanda şüşə və alüminium qablar zavodlarında tərtibatçı rəssam işləmişdir. O, 1983-1987-ci illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında, 1990-2012-ci illərdə M.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında, 2012-2017-ci illərdə quruluşçu rəssam kimi fəaliyyət göstərdiyi Babək rayon Xalq Teatrında 60-a yaxın tamaşaya səhnə tərtibatı və geyim eskizləri vermişdir. Bununla yanaşı, peşəkar rəssam miniatür sənətində də müxtəlif, dəyərli əsərlər ərsəyə gətirmişdir. Əli Səfərov Azərbaycan Teatr Xadimləri İttifaqının, Naxçıvan MR Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teatr rəssamı olmaqla yanaşı, o, həm də bu gün  qrafik və rəngkar kimi bədii fəaliyyətlə məşğul olur.

Güclü bədii təfəkkürə və təxəyyülə malik usta sənətkarın hər şeydən əvvəl, çox zəngin elmi-tarixi savadı, adət-ənənələrə və milliliyə dərindən bələdliyi, dünya görüşü və geniş mütaliəsi onun  bu gün mədəni kimliyini formalaşdıran ən önəmli amillər arasındadır. Çünki sənətkar olmaq təkcə zəngin tariximizi, ənənələrimizi, vətənimizi və onun misilsiz gözəlliklərini sevmək demək deyildir, onu həm də tərənnüm edib, gənclərə sevdirmək, təbliğ etmək deməkdir. Məhz Əli Səfərovun da “müqəddəs missiyası” belədir… Biz Naxçıvanın gözəl guşələrini səyahət etmədən belə, onun mənzərələrində görüb, heyran oluruq. Sənətkarın gözündən Naxçıvan necə doğma, necə şux, necə də bəlağətlidir….

Bu baxımdan rəssamın “Ağaclıq”, “Gəzinti”, “İlanlı dağ”, “Mənzərə”, “Haçadağ”, “Nəhəcir dağı”, “Yallı”, “Biləv kəndi”, “Naxçıvanda qış”, “Qızıl payız”, “Parağaçay”, “Ordubad dağları”,”Dağ kəndi”, “Üzən ada”, “Qanlıgöl yaylağı”, “Bizim dağlar”, “Batabat”, “Payızın nəfəsi”, “Əlincə”, “Vayxır gölü”, “Ordubad mənzərəsi”, “Şərur yallısı”, “Əlincə çayı”, “Nağıllı dünyam”, “Naxçıvan gecələri”, “Şahbuz yolu”, “Kələki kəndi”, “Yaz gəldi”,”Payızın nəfəsi”, “Yaz yağışı”, “Bahar”, “Əzəmətli dağlarımız”, “Naxçıvanda şənlik”, “Pəzməri” və bir çox tablosu təqdirəlayiqdir.

Yenilməz, əzəmətli, dilbəranə və ovsunlu dağlarla əhatələnən gözəl Naxçıvanın “İlanlı dağı” bir çox rəssamlarla yanaşı, müxtəlif əfsanələrin də baş qəhrəmanı olmuşdur. Adına cürbəcür miflər, əfsanələr qoşulan bu dağı gah “İnandağ”, gah “Haça dağ”, gah da “İlandağ” kimi tanıyırıq. Əfsanəyə görə, məhz bu dağın zirvəsindəki yarıqlar “Nuh Tufanı – Dünya tufanı” zamanı baş vermişdir. Əli Səfərovun palitrasından boylanan xoşhal rənglərin diş-diş qayalar ilə məlahətli və ahəngdar  kombinasiyası “İlanlı dağ” kompozisiyasının xəyallar aləmində doğulan şirin bir nağıla bənzər təsviridir.

İlandağdan sonra təbiəti ilə hər kəsi özünə məftun edən digər əsrarəngiz sərvət “Nəhəcir dağı” - fəsahətli rəngkarın bədii yaradıcılığında öz layiqli yerini tapmışdır. Kompoziyada nazlı buludlarla çevrələnən qocaman Nəhəcir dağını görürük. Sanki ilahi güclə boyanan bu təbiət lövhəsi igidlər yurdunun, qıy vuran qartallar diyarının bədii simvoluna çevrilmişdir.

Qarlı zirvələrlə müjdələnən Kəmki dağı da rəssam Əli Səfərovun fırçasından yan keçməmişdir. Zirvəsi buludu ötən bu Ordubad dağının cah-calallı görkəmində  tanrının səxavətli nəfəsi hiss olunur…

Ən ülvi duyğularını “kənd mənzərələri” ilə tərənnüm edən rəssamın gözəllik mənbəyi həmin peyzajlarında gizlənir, sirrə çevrilir.

Belə peyzajlardan biri də “Parağaçay” əsəridir. Qırmızı kirəmitlə örtülmüş evlərin, hər təpəsini, döşünü günəşin yaladığı xoş mənzərəsini kövrək bir ruhla icra edən rəssamın rəng duyumu təqdirəlayiqdir.

Burma-burma yolların tuşlandığı digər ecazkar peyzajın ismi “Biləv”-dir. Cürbəcür ağacların bizi qarşıladığı Biləv kəndini rəssam sanki əfsanələrdən qoparıb, bizlər üçün “pay” gətirmişdir. Küləyin belə, tellərini daramağa çəkindiyi bu mənzərənin həzinliyi, lirik ovqatı göz oxşayır.

Örpəyə bənzəyən yamacı, yalı ilk baxışdan ruhu məst edən “Qanlıgöl yaylağı” rəssamın ən maraqlı əsərlərindən biridir. İzləyicilərini xəyala daldıran bu bədii lövhədə rənglərin, çalarların şux rəqsini duymaq mümkündür. Bu axarlı-baxarlı yaylaq təsvirinin hüsnünə söz qoşmaq necə çətin, neçə müşkül məsələdir. Buludların səmada, kol-kosun torpağın üzərində cövlan etdiyi bu səhnədə sanki ölməz şairlərin vəsfi kölgələnir.

Bəstəboy qayaların ağuşunda durulub, yuxuya gedən təbiət səhnəsi - “Vayxır gölü” isə sanki bir naxışa çevrilib Əli Səfərov yaradıcılığında fərqlənir, seçilir, bir növ bərq vurur. Şux rəngli mənzərə səhnəsində cilvələnən, nazlanan buludlar isti təbiətlə “haylaz” bir oyun içərisindədir.

Coşqun suların yataq saldığı “Əlincə çay” əsəri isə üfüqdə görünən dağa doğru qıvrılan “şıltaq” bir çayın güclü koloritlə həll olunmuş təsviridir.

Naxçıvanın təbii möcüzələrindən biri olan, mərcan gözlü “Batabat” əsərinin də müəllifi olan Əli Səfərov bu peyzaj ilə həm sənətsevərlərin, həm təbiət vurğunlarının qəlblərindəki dartılan simə toxunur. Rəssam suyun lilləndiyi bu torpaqlarda göyərən pöhrələri, kolu, kosu, dinc ağacları məharətlə təsvir etmişdir.

Usta sənətkarın yaradıcılığında bir başqa diqqəti çəkən qiymətli nüans; əsərlərində miniatürsayağı ab-havanın mövcud olmasıdır. Sənətkarın bu baxımdan yaratdığı “Sabir və zəmanəsi”, “Səttar”, “Nağıllar aləmi”, “Nizami”, “Azərbaycan”, “Doğma diyar”, “Şəhriyar”, “Dahilər diyarı”, “Düşüncə”, “Mirzə Cəlil”, “Dədə Qorqud harayı”, “Füzuli” və digər əsərləri olduqca zəngin kompozisiya düzümü, harmonik rəng seçimi və bədi-estetik baxımdan güclü quruluşları ilə diqqəti cəlb edir.

Rəngkarın yaradıcılığında məişət mövzusuna, sujetli səhnələrə də rast gəlmək mümkündür.

“Bağda (ilk ruzi)” onların içərisində öz səmimi ovqatı ilə seçilən maraqlı əsərlərdən biridir. Nurlu təbiətin bizə sovqatı olan ilk bar rəssamın fırçasından süzülən rənglərlə həmahəngdir. Gözəl bir Azərbaycan xanımı, şərq qadınının zərafəti, müjdələnən ilk “nübar” ilə çox gözəl səsləşir.

Eyni səmimi ovqata malik rəssamın digər əsəri “Çoban iti ilə” isimli kompozisiyasıdır. İlahi və yanıqlı bir tütək səsi salamlayır bizi… Dağ döşündə yorğun düşən iti ilə çiçəkləri xalıya bənzəyən yamac üstündə sanki ürəyinin nəğməsini təbiətlə bölüşən gənc çoban obrazı xüsusi plastika ilə həlim pafos ilə həll olunmuşdur.

Mədəniyyətimizin əsas sütunlarından biri olan muğam mövzusu mahir fırça ustasının zəngin yaradıcılığında günəş tək bərq vurur. “Üçlük” adlanan bu kompozisiyada muğam dəstgahını sazəndələr üçlüyünü görürük. Muğamın üç tərəfli səslənən avazından, vəhdətindən enerji və hüsn alan rəssamın kompozisiyasına baxdıqca dilə gələn ruhlar bütün ovsunları, tilsimləri anidən özündə izhar edir.

Qadın obrazlarını xüsusi zərafətlə kətana köçürən rəssamın “Qız alma ilə”, “Sudan gələn kuzəli qız”, “Xalçaçı qız” və “İntizar” kimi əsərləri onun gözəllik və fəzilət anlayışının, bədii-estetik zövq meyarının bariz nümunəsidir.

Həm vətən, həm millət, həm də səfalı guşəli dədə-baba ocağı Əli Səfərovun yaradıcılıq kredosunun əsasını təşkil edən, orijinal üslubunu və uğurla icra etdiyi çoxşahəli bədii fəaliyyətini özündə ehtiva edən ən önəmli xüsusiyyətlərdir. Beləki, sənətinin sonu da, başlanğıcı da vətən olan usta sənətkarımıza yaradıcılıq yolunda müvəffəqiyyətlər arzu edir, bu cığırda ona sonsuz bədii nəaliyyətlər diləyirik.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının  kiçik elmi işçisi