Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

11.07.2024 /
Eldəniz Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb

İstanbul Atatürk Mədəniyyət Mərkəzinin qalereyasınd istedadlı rəssam Eldəniz Babayevin Azərbaycan Xalq Cümhuriyyətinin 105, Türkiyə Cümhuriyyətinin və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunan “Zəfər müjdəsi” adlı fərdi sərgisi açılıb.

Tədbir Azərbaycanın İstanbuldakı Baş konsulluğu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY, Ankaradakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və digər qurumların birgə təşkilatçılığı ilə baş tutub. 

Rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdirən sərgidə əsasən portret, natürmort, məişət və tarixi janrlarda olan və təqribən yetmişə qədər bоyakarlıq və qrafika əsərləri nümayiş olunub.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, eləcə də Azərbaycanın müstəqillik qazanması uğrunda müstəsna rol oynamış Azərbaycan və Türkiyə hərbi komandanlarının portretləri də yer alıb. 

Eldəniz Babayev 1990-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1997-ci ildə də Azərbaycan Dövlət İncəsənət Universitetinin Boyakarlıq fakültəsini bitirib. 1989–1991-ci illərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində rəssam kimi fəaliyyət göstərib. 1989-cu ildən Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin və 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-2006-cı illərdə Bakı Şəhər Mədəniyyət İdarəsinin “Qala” Rəsm Qalereyasının müdiri vəzifəsində çalışıb. 2006-cı ildən “Bakı” rəsm qalereyasının müdiridir. O, ötən müddət ərzində yaradıcılıq uğurlarına görə bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb.