#ArtData rubrikasının növbəti qonağı çinli sənətşünas və bərpaçı-rəssam kimi fəaliyyət göstərən Huang Zijin olub

08.10.2024 /
#ArtData rubrikasının növbəti qonağı çinli sənətşünas və bərpaçı-rəssam kimi fəaliyyət göstərən Huang Zijin olub

#ArtData rubrikasının növbəti qonağı çinli sənətşünas və bərpaçı-rəssam kimi fəaliyyət göstərən Huang Zijin -dir.

-Salam, Huang Zijin. Çin incəsənəti haqqında bizə ümumi məlumat verə bilərsinizmi?

-Salam, Azərbaycan! Çin incəsənəti təbiət ilə sıx bağlıdır. Q'dim zamanlardan etibarən çinlilər təbiəti dərk etməyə, ona uyğun yaşamağa çalışmışlar. Bununla yanaşı, ritual və ayinlərə, inanc və tanrını razı salmaq duyğusu da incəsənətə öz güclü təsirini göstərmişdir. Fövqəltəbii güclərə olan inam sənətkarları tanrıları razı salmaq üçün simvolik gözəlliyə malik əsərləri yaratmağa ruhlandırırdı. Qədim Çin cəmiyyətləri gildən utilitar əşyalar hazırlayır, bu əşyaları təbiəti və digər ibadətləri əks etdirən simvollar ilə bəzəyirdi. Keramika sənəti əsasən qırmızı, qara və boz gildən hazırlanmış, gündəlik istifadə üçün nəzərdə tutulmuş əşyalardan ibarət olurdu.

-Çin sənətində xəttatlığın rolu xüsusilə mühüm idi, doğrudur?

-Bəli, e.ə 3-cü əsrdən etibarən artıq xəttatlıq və ya təsviri sənət kimi yazı Çində incəsənət sahələri arasında ən yüksəyi hesab olunur. Bunun üçün lazım olan materiallar fırça, mürəkkəb, ipək və ya kağız idi. Xəttatlıq və rəssamlıqda xətt estetikası Çinin digər sənət növlərinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. İncəsənət, sadəcə gözəl yazıdan deyil, müxtəlif qalınlıqlarda fırça vuruşlarından, onların incə bucaqlarından və bir-biri ilə estetik harmoniyasından ibarət olmalı idi.

-Yəni çin rəsm sənətinin təməlində xəttatlıq sənətinin prinsipləri dayanmaqdadır?

-Əlbəttə, açıqcası Çində xəttatlıq və rəssamlıq saray dairələrində ən yüksək qiymətləndirilən iki sənət növü hesab olunurdu. Beləki, biz xəttatlığı rəsmin ən yüksək və ən təmiz növü hesab edə bilərik.

-Çin incəsənətinin qızıl dövrü - Tang sülaləsi… Bu haqda bizə nə deyə bilərsiniz?

-Tang sülaləsində fiqur rəssamlığı kral saraylarında güclü şəkildə inkişaf etdi. Bu, sərbəst rənglənmiş fırça vuruşları və incə detallarla ilə təchiz edilmiş, qara mürəkkəblə çəkilmiş əsərlər idi. Xüsusilə mənzərə təsvirlərinə yer verilirdi. Burada məqsəd təbiətin görünüşünü tam olaraq təkrarlamaq deyil, təbiətin "ritmini" ifadə etmək idi.

-Qərbdən təsirlənərək, fiqurativ obrazlara müraciət nə zaman başladı?

-Əslində, Qing sülaləsi dövründə artıq çinli sənətkarların fiqurativ təsvirə yönəldiklərini deyə bilərik. Burada müəyyən qədər realizmin az da olsa təsirlərini görmək olar. Çünki qərbdən perspektiv və kompozisiya düzüm üsulları mənimsənilirdi. Ən çox görəcəyimiz təsvirlər portretlərdən və mənzərə səhnələrindən ibarət olurdu.

-Müasir Çin incəsənətindən, bəhs edə bilərsiniz? Onun təməlində nə dayanır?

-Müasir Çin rəssamlığı ənənədən müasirliyə keçid dövrü yaşayaraq, üç növ yaradıcılıq formasına bölünür: “ənənəyə əsaslanan dəyişikliklərdən təsirlənmək”, “köhnəni davam etdirərək yenini yaratmaq” və “Şərqi zənginləşdirmək üçün Qərbi tanıtmaq”. Bu üç prinsip, Çin rəsmlərinin estetik meyarını formalaşdırmaq və zənginləşdirməkdə olduqca önəmli rol oynamaqdadır.

-Çin incəsənəti simvolik mənaya da xüsusi diqqət ayırır. Bu haqda bizə neyə bilərsiniz?

-Doğrudur, Çin rəsmlərində tərəvəzlərə, meyvələrə və çiçəklərə çox vaxt xüsusi simvolik mənalar verilir; Məsələn, şaftalı uzunömürlülüyü simvollaşdırır. Ona görə də rəssamlar bu meyvəyə tez-tez müraciət edirlər.
Soyuq qış aylarında böyüyən xrizantema isə Çin mədəniyyətində önəmli yer tutur. Xrizantemlər nəcib düşüncənin rəmzi hesab olunur. Kəpənək daha çox gənc bir məhəbbətin simvolu hesab olunur. Balıq zənginlik və bolluğu simvollaşdırır.

-Əziz Huang Zijin, bütün suallarımızı cavablandırdığınız və rubrikamıza qonaq olduğunuz üçün sizə təşəkkür edirəm.

-Mən də sizə təşəkkür etməliyəm. Rubrikanız üçün məni seçib, mənimlə əlaqə saxlamağınız məni şərəfləndirdi. İncəsənətin vasitəsilə Azərbaycanla əlaqə qurmaq, həmsöhbət olmaq çox dəyərli bir hadisədir. Məhz #ArtData ilə bu kommunikasiyaya istiqamətverən tərəf olduğunuz üçün sizi təbrik edirəm. Bu, incəsənət naminə atılan, beynəlmiləl sferada irəliləyən nəhəng bir layihəyə çevrilməlidir. Çox qiymətli bir layihəyə start vermisiniz, sənət adına sizə təşəkkür etmək istəyirəm, Azərbaycan Dövlət Rəsm qalereyası!

#ArtData