
XƏBƏRLƏR
“ƏLLƏRİN SEHRİ” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılıb.

Heykəltaraşlıq sahəsində fəaliyyəti olan gənclərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli istifadə etməsi, həmçinin, əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərmək məqsədilə yeniyetmə və gənclər arasında elan olunmuş “ƏLLƏRİN SEHRİ” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi 28 noyabr 2024-cü il saat 16:00 Xətai Sənət Mərkəzində açılıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açdı. Söz alan Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq Rəssamı, professor Ağəli İbrahimov, Xalq Rəssamı, professor, heykəltaraş Xanlar Əhmədov, Xalçacı Rəssam Tahir Məcid, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini sərgi iştirakçıları ilə bölüşdülər.
Sərgi fəal tədris mərkəzlərinə təşəkkürnamə və əsəri sərgilənən iştirakçılara sertifikatlar təqdim olunmasıilə davam edib.
Nəzərinizə çatdıraq ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunmuşdur. Mövzusu sərbəst olan müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər uşaq, yeniyetmə və gənc, həmçinin, bir neçə yuxarı yaş qrupunun nümayəndəsi müxtəlif materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim etmişlər və bu əsərlər arasından seçilmiş 140 müəllifin 160-a yaxın əsəri sərgilənmişdir.