Layihə iştirakçıları gənc rəssam Abbas Məmmədovun qonağı olublar

03.02.2017 / Görüşlər
Layihə iştirakçıları gənc rəssam Abbas Məmmədovun qonağı olublar

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşdırılan “Emalatxanada görüş” layihəsi davam edir. Yanvarın 31-də layihənin növbəti görüş yeri gənc rəssam Abbas Məmmədovun emalatxanası oldu.   
Qalereyanın əməkdaşları Abbas Məmmədovun yaradıcılığı ilə yaxından tanış oldular. Rəssam öz həyatı, təhsili, çəkdiyi əsərlər və yaradıcılıq axtarışları haqqında söz açdı, sənət hədəflərindən bəhs etdi.

 Qeyd edək ki, Abbas Məmmədov rəssam ailəsində anadan olub. 2001-2005-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin (hazırda İncəsənət Kolleci) Rəngkarlıq fakültəsində təhsil alıb. 2005-2009-cu illərdə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib. O, tələbəlik illərində xalq rəssamları Nadir Əbdürrəhmanov və Oqtay Sadıqzadə kimi dəyərli sənətkarlarımızın emalatxanalarında olub, onlardan dərs alıb. 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Daha çox realizm üslubunda çəkən gənc rəssam əsərlərində milli motivlərə, Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə üstünlük verir. Gənc olmasına baxmayaraq rəssam ölkə və beynəlxalq əhəmiyyətli sərgilərin iştirakçısı olub.

 

 “Emalatxanada görüş” layihəsi gənc rəssamların emalatxanalarında yaradıcı proseslərlə yaxından tanış olmaq, Azərbaycan təsviri sənətinin çağdaş inkişafını, rəssam və heykəltəraşların axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları toplamaq və ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Layihə çərçivəsində görüşlər davam edəcək.
   
   Vaqif Muğallı
   Azərbaycan Dövlət Rəsm 
   Qalereyasının əməkdaşı