ELANLAR

2173

Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir.

10.11.2017
Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir.
 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il noyabr ayının 10-dan 15-dək Muzey Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir.

Sərginin açılışı noyabr ayının 10-da saat 18:00-da baş tutacaqdır.

Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər sərgilənəcəkdir. Eyni zamanda Azərbaycan Dövlət Rəsm Qalereyasının “Emalatxanada görüş. Mirnadir Zeynalov” layihəsi çərçivəsində hazırlanmış xüsusi video-çarx nümayiş olunacaqdır.

Mirnadir Mirəli oğlu  Zeynalov (12.11.1942) 1963-cü ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1973-cü ildə isə Moskva Poliqrafiya İnstitutunun “qrafika” fakültəsini bitirmişdir. 1970-ci illərdən başlayaraq, 30 ildən artıq vaxtda Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlardan biridir. Onun dəsti-xətti həmişə tanınır, emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri, ideya orijinallığı,  məharətli icra texnikası, yenilikləri və daimi axtarışları ilə seçilir. Kollaj və installyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.

Rəssam 1976-ci ildə Moskvada keçirilən  ümumittifaq sərgisində  SSRİ Rəssamlıq Akademiyasının diplomunu almışdır. 1987-ci ildə Hindistana həsr olunmuş iki fərdi sərgisi keçirilmişdir. O, Hindistanda yaradıcılıq ezamiyyətində olaraq “Çay kənarı”, "Hind məbədi", "Hind həyət" mənzərələrini yaratmışdır. “Hindistan silsiləsi”nə  həmçinin   bir sıra qadın portretləri “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” kimi əsərlər daxildir.  Onun “Yaz bağı” adlı əsəri  1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı Ölkələrin Rəssamlarının Bienallesi”ndə bürünc medalla təltif olunmuşdur. Əsərləri Moskvada, Kiyevdə, Hyustonda, Los-Anсeles və bir çox başqa ölkələrdə nümayiş edilmişdir. Eyni zamanda Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda rəssamın dəyərli əsərləri qorunub saxlanılır. Sonuncu fərdi sərgisi 2012-ci ildə Bakıdakı Müasir İncəsənət Muzeyində keçirilmişdir. 2013-cü ildə Mirnadir Zeynalovun əsərləri Londondakı “Sothbeys” auksionunda dəyər qazanmışdır.

Mirnadir Zeynalov məşhur “70-cilər” nəslinə aid olan, Sovetlər İttifaqının dağılması ərəfəsində sosialist realizmindən daha mücərrəd formalara, milli simvolikaya müraciət edən, öz daxili dünyasını abstrakt üslubda daha dolğun ifadə etməyə keçən rəssamlardan biridir. Məhz buna görədir ki, rəssamın yaradıcılığında realizm üslubunda işlənmiş portretlərə, lirik mənzərə əsərlərinə, eyni zamanda yalnız müxtəlif rəng çalarlarının məharətlə istifadə olunduğu abstrakt həllərə qədər fərqli janr və üslublara rast gələ bilərik. 

O öz dəsti-xətti ilə tanınan, maraqlı eksperimentlər aparan, heç kimi, hətta özü-özünü təkrarlamayan ustad sənətkar kimi milli incəsənət tariximizdə layiqli yer tutur. 1992-ci ildə Əməkdar rəssam, 2006-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür.