Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı “Digitalart-lab” adlı yeni layihəyə start verilir

02.09.2020 / Mühüm hadisələr
Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı “Digitalart-lab” adlı yeni layihəyə start verilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası “Digitalart-lab” adlı yeni layihəyə start verir.  Layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.  Qeyd etmək lazımdır ki, Digitalart-lab Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihədir.

Dünyada və Azərbaycanda dördüncü sənaye inqilabı dövründə gedən sürətli rəqəmsallaşma, innovasiyaların, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi, incəsənət sahəsində də aktuallaşmışdır.

“Digitalart-lab” adlı layihə ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əmakdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi daşıyır. Layihənin AR Mədəniyyət Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

“Digitalart-lab”  layihəsinin bir neçə mərhələdə reallaşması planlaşdırılır. İlkin mərhələdə bu sahədə fəaliyyət göstərən rəssamların əsərlərinə baxış keçiriləcək: Sonrakı mərhələdə ekspertlər tərəfindən seçilən iştirakçılara Azərbaycanı böyük layihələrdə təmsil edən digital sahədə çalışan rəssam Natiq Kamal və digər mütəxəssislər tərəfindən onlayn treninq və seminarlar təşkil olunacaqdır. Növbəti mərhələdə sənət mübadiləsinin və layihənin nəticəsi olaraq virtual sərgi, iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur. Sizləri yaradıcı potensialınızı bizimlə kəşf etməyə dəvət edirik!

Layihədə iştirak etmək istəyənlər portfoliolarınızı “Digitalart-lab”  başlığı ilə qalereyanın mail adresinə [[email protected]] göndərə bilərlər.

Portfolioların son göndərilmə tarixi: 30 sentyabr 2020-ci il (portfoliolar [email protected] e-mail ünvanına göndərilməlidir)

Seçilmiş namizədlərin elanı: 2020-ci il oktyabr ayının əvvəli

Layihənin müddəti: Noyabr 2020, Mart 2021

Əlavə məlumat:  +994 77 717 33 37, +994 12 430 81 19, azgallery.az