İçimdəki dərviş olmasaydı....

09.09.2020 / Yeni nəşrlər
İçimdəki dərviş olmasaydı....

Sənət adamlarını, rəssamları yer üzünün digər sakinlərindən fərqləndirən nədir?   Nüfuzu, dünyaya baxışı, sənət yanğısı və sənət çoşqusu... Nə çoxdur cəmiyyətdə on illiklərlə yaradıcılıq üslubunu və dəsti-xəttini cilalıyan və bununla da rəğbətimizi, misilsiz sevgimizi qazanan rəssamlar. Əslində belə rəssamların incə ruhlarına hopmuş əsərləri hardasa sehirli cazibəyə malikdir. Buda təbiidir. Haqqında yazmaq istədiyim rəssam da həmin sənətkarlardandır. Parlaq və bir qədər də qeyri-adi rəsimləri insanı düşündürür. Süjet hardan yaranıb və bu kimi suallar insanı düşünməyə vadar edir.  Rəssamın işləri üçün demək olar ki, həmişə taqətsiz və eyni zamanda şövqlü fəal seyirci mövqeyində dayanmış mistik obrazlar səciyəvidir. Onun real insanlarla və obyektiv gerçəkliklə bənzərlik tapabiləcəyimiz elə də çox əsəri yoxdur. Fiqurların aşkar sabitliyinə baxmayaraq bədənlərinin qeyri-təbii çevrilməsi, və onların mürəkkəb rakursda təsviri obrazlarına mifik çalarlar qatır.

Rəssamın nitqində tez-tez eşidilən harmoniya, balans, plastika sözləri bizi onun haqqında çox məqamlardan agah edir... Rəşad  Rafiq oğlu Mehdiyev  1 noyabr 1968-ci ildə rəssam ailəsində anadan olmuşdur.  İki Universitetin və bir Akademiyanın məzunu olan əməkdar rəssam Akademiyanın pedaqoqu, sənətşunastlıq üzrə fəlsəfə doktoru və Rusiya İmperator Akademiyasının fəxri  akademikidir.  2002-ci ildə "Türksoy"-un Çanakqalada təşkil etdiyi "Çanakqalanın göz yaşları" müsabiqəsinin laureatı  olmuşdur. Bakı, Moskva, Sankt-Peterburq və Vianada rəssamın fərdi sərgiləri keçirilmişdir. O, uşaqlıqdan yəni özünü dərk edəndən rəsmlə məşğul olmuşdur.  Rəssamlıq sənətinin əlifbasını atası,  Azərbaycanın xalq rəssamı Rafiq Mehdiyevin emalatxanasında almışdır.  Sənətdə onun fikrinin formalaşmasında atasının böyük rolu olmuşdur. 1987-ci ildə Əzim Əzimzadə adına  Bakı Rəssamlıq məktəbində təhsil almış rəssam orada  müəllimi Ənvər Əliyevdən sənətin dərinliklərini öyrənmişdir. Məktəbi bitirdikdən sonra bədii təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişdir. Lakin butün bunlar  intuziazımla dolu olan rəssama kifayət etmir, və rəssamlıq sirlərini bələd olmaq həfəsi onu İstanbula  Memar Sinan Gözəl Sənətlər Universitetinə aparır. Rəssamın əsərlərindəki bütün detallar  mənanın əsas ideyasını əks etdirir. Onun tablolarında sanki bir qayda olaraq rəmzlər səpələnib. Lakin rəssam rəmzlərin dilini anlaşılan şəkildə etmir. Kompozisiyalarında tez-tez rast gəldiyimiz alma və quş rəsmləri  qədim fəlsəfədən gələn simvollardır.

Rəssamın olduqca məhsuldar yaradıcılığı yüksək peşəkarlıq, özünəməxsus təsvir etmə qabiliyyəti, kompozisiyalarını məkanda yerləşdirmək məharəti və yaratdığı surətlərin heyrətamiz ifadəliyi üzərində qurmağı müvəffəq olmuşdur. Üstünlük verdiyi süjet -mövzu istiqamətlərinin əsasında şərq fəlsəfəsinə, şərq ədəbiyyatına müraciət, sufili ideyaları və avropa marifçiliyi fikirləri dayanmışdır. Onun əsərlərində miniatür sənətinin mücərrəd dekorativliyi ilə əlaqə və müasir incəsənətin parlaq novatr tendensiyaları sezilməkdədir.  Əsərlərinə parlaq və eyni zamanda xəfif kolorit qatmaqla bir sıra dekorativ detallardan, əlbisələrdən, baş örtüklərindən və interyer elementlərindən  istifadə etməklə düşünülmüş və planlı yazı üslubunun konstruktiv modelini yaradır. Qadın və kişi  surətlərinin   ümumiləşdirilmiş, naməlum tipdə birləşdirilmə üslubu Rəşad Mehdiyevin dəst-xətti üçün səciyəvidir. Rəssam çox zaman personajlarını qapalı gözlərlə də təsvir edir. Onun əsərlərində  təsvir edilən əllərə gəldikdə isə, ehtimal edilir ki, rəsmin arxasında gizli mesajı ehtiva edən metaforadır-( bir əşya, varlıq və hadisəyə məxsus əlamətin başqa bir əşya, varlıq və ya hadisə üzərinə köçürülməsi yolu ilə yaranır). Rəşad Mehdiyev əsərlərində kompozisiyanın mərkəzi olan əlləri çəkməyi çox sevir. Hissləri əldə cəmləşdirməklə rəssam xüsusən əsaslı şəkildə onların plastikasını tamaşaçıya ötürməklə  barmaqların ölçüsünü və uzunluğunu bir qədər uzadır. Bu onu bilərəkdən edir və qəribə rəqs təsəvvürü yaranır. Rəssamlıqla yanaşı Rəşad Mehdiyev həm də heykəltaraşlıqla da məşğul olur. İlk işlərindən biri olan" Dream" əsəri Bakı Media Mərkəzində yerləşir. Əsərdə qırmızı rəngli bir qadın fiqurunun azad şəkildə qabağa gedərək nəyəsə nail olma hissindən bəhs edir. Rəssamın  sualizma olan doğmalığıda təsadüfi deyil. Sualizm üslubuna meyli - insanın təkçə təfəkkürünə deyil, hissiyatına, təftəl şüuruna təsir edərək həm də təsvir edilən əşyaların, rəmzlərin vasitəsi ilə insanda mürəkkəb təsəvvür yaratmış olur. Türkiyyədə təhsil aldığı müddətdə rəssam bir neçə dəfə Konyada olmuş və orada Mövlanə Muzeyini ziyarət etmişdir. Mənəvi təriqətin öyrənməsinin nəticəsi olaraq sufilərin Allaha dinə münasibəti, onların ehkamçılıq, durğunluq  və zahirliyə qarşı dözümsüzlüyü rəssamın təfəkküründə möhkəm yer tutmuşdur. Bütün bunlar hələ o zamanlar gənc rəssamın daxili  dünyası ilə çox sərtləşmişdi, və beləliklə rəssamın rəsmlərində Dərviş obrazı yaranmağa başlayır. Rəssam deyir: “Mən özümü daxilən Dərviş olaraq görürəm. Və düşünürəm ki, təkçə mən deyil və hər bir rəssam  emalatxanasına daxil olarkən, özünü bir Dərviş olaraq hiss edir. Sufilik sistemi özü məni vadar elədi ki, bu həyatı məhz bu cür yaşayım. İçimdəki Dərviş olmasaydı mən yarada bilməzdim.”

Hər bir sənətkar daxili dünyasını yaratdığı əsərlərlə sərgiləyir. Beləliklə hər bir sözünü demiş sənətkar yaratdığı əsərlərlə tarixdə öz izini qoymuş olur, məhz Rəşad Mehdiyev də bu cür rəssamlardandır.

 Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

Cəfərzadə Türkan