sa sa 58
Milli mədəni irsi və doğma yurdun təbiətini əsərlərində yaşadan sənətkar Milli mədəni irsi və doğma yurdun təbiətini əsərlərində yaşadan sənətkar + Foto Okt 01, 2020 | 17:10 / Yeni nəşrlər

Azərbaycan təsviri sənətinin görkəmli təmsilçilərindən biri olan Xalq rəssamı Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə kimyaçı alim, akademik Həbibulla Şahtaxtinskinin ailəsində dünyaya göz açmışdır. Şahtaxtinskilər ziyalılar nəsli kimi Azərbaycanda maarifçilik hərəkatının inkişafında xüsusi xidmətləri olmuşdur. Ailə əsasən təbiət elmlərinə maraq göstərsə də, qızları Elmira kiçik yaşlarından incəsənətə, rəssamlığa meyilli olmuşdur.

O, ilk ixtisas təhsilini əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1947-50), daha sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1950-56) almışdır. Sənətin incəliklərini müəllimləri N.A.Ponamaryov və M.M.Çeremnıxdan öyrənən Elmira xanım əsasən təsviri sənətin qrafika sahəsində fəaliyyət göstərirdi.

Yaradıcılığına plakat janrında nümunələr yaratmaqla başlayan Elmira Şahtaxtinskayanın ilk əsərlərində sosialist realizminin aydın görünməsi, təbii ki, bir tərəfdən rus mütəxəssislərindən dərs alması, digər tərəfdən isə dövrün məlum ideoloji qaydaları ilə bağlılığından irəli gəlirdi. İlk vaxtlarda dövrünün tələbləri ilə çəkdiyi plakatlar onun yaradıcılığında bir növ keçid rolunu oynadı sanki. Təcrübəsi artan gənc rəssam 70-ci illərdən etibarən, siyasi plakat janrı ilə yanaşı, daha çox Azərbaycanın görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin, incəsənət abidələrinin təsvirini yaratmağa başladı. Rəssamın yaradıcılığında xüsusi çəkiyə malik “Azərbaycan — qədim mədəniyyət diyarıdır” (1971) silsiləsinə daxil olan otuza qədər plakatı Azərbaycan təsviri sənət tarixinin ən dəyərli sənət nümunələrindən hesab edilir.

Rəssam milli ənənələrə həssas yanaşmaqla yüksək zövqə malik dəyərli əsərlər ərsəyə gətirmişdir. Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin cəlbedici, yüksək bədii-estetik məziyyətə malik sənət üslubuyla yaradılmış obrazlarına nəzər salarkən bir daha Elmira Şahtaxtinskaya yaradıcılığına vurğun olursan. Nizami Gəncəvi (1982), İmadəddin Nəsimi (1969), Məhəmməd Füzuli (1984, 1993), Şah İsmayıl Xətai (1986), Hüseyn Cavid (1982), Səməd Vurğun (1976), astronom, mütəfəkkir Nəsrəddin Tusi (1973, 1980), səyyah, coğrafiyaşünas Əbdürrəşid Bakuvi (1984), mütəfəkkir və filosof Bəhmənyar (1978), musiqiçi, bəstəkar Səfiəddin Urməvi (1973), musiqişünas Əbdülqadir  Marağayi (1985), bəstəkar Qara Qarayev (1983) kimi tanınmış şəxsiyyətlərin portretlərini yaradan rəssam hər bir obraz üzərində işləyərkən ilk növbədə həmin şəxsiyyətin yaşadığı dövrü, həyat və yaradıcılığını hərtərəfli öyrənmişdir. Rəssamın məhz bundan sonra gərgin yaradıcılıq müşahidələrinin nəticəsi olaraq ərsəyə gətirdiyi hər bir əsər tamaşaçını düşündürməyə vadar edir.

Elmira Şahtaxtinskayanın yaradıcılıq aləminə ümumi nəzər salarkən bu qənaətə gəlmək mümkündür ki, rəssam daim yaradıcılıq axtarışlarında olmuş, mürəkkəb eksperimentlər nəticəsində fəaliyyətini təkmilləşdirərək özündən sonra zəngin bir bədii yaradıcılıq irsi qoymuşdur. Rəssam Azərbaycanın əksər bölgələrini qarış-qarış gəzərək vətəninin füsunkar təbiətinə həsr etdiyi tablolarında, təbiətdə baş verən ani dəyişiklikləri, bənzərsiz təbiət gözəlliklərini və dolğun həyat lövhələrini ən incə detallarınadək təsvir etmişdir.

Əsl rəssamın təsviri sənətin hansısa sahəsi və ya janrı ilə kifayətlənməsi mümkünsüzdür. Elmira Şahtaxtinskaya, maraqlı plakat və dəzgah rəsmləri ilə yanaşı, akvarel və quaş texnikasında işlənmiş silsilə bədii rəsm əsərlərin müəllifi kimi uğurlu yaradıcılıq yolu keçmişdir. Mənzərə janrı da görkəmli rəssamın yaradıcılığında geniş yer tutmuşdur.

Elmira Şahtaxtinskaya təbiətin sırf özünün obrazını, “özü ilə baş-başa qalmış” şəkildə tərənnümünün ifadəli şəkildə həllinə nail olan sənətkarlardandır. Tut ağacını qrafik tabloda rəssam məhz ağacın özünü təsvir obyektinə çevirərək irigövdəli, budaqları şaxələnmiş ağacın möhtəşəmliyini, ucalığını xüsusilə diqqətə çəkmişdir. Rəssam arxetipik yanaşma ilə məhz qoca tut ağacının iri gövdəsini, şaxələnən budaqlarını ən qalın hissələrini önə çəkməklə incə budaqlara belə yer vermədən ağacın əzəmətli bir varlıq olduğunu tamaşaçıya çatdırır. Azərbaycan bağlarının az qala bərəkət simvoluna çevrilmiş tut ağacının sanki “ahıllaşmış”, yaşlı siması ilə illərin şahidini tərənnüm edən rəssam əsasən qəhvəyi, boz, qara kimi rəngləri solğun tonlarla yerinə yetirərkən təzad yaratmadan zamanın sınaqlarından çıxmış ağac “obraz”ının möhtəşəm formasını tamaşaçısına təqdim etmişdir.

Ümumiyyətlə, qədim türk inancında ağac başlanğıcın rəmzi kimi dəyərləndirilir. Ağac obrazının mifologiyada “Həyat ağacı” kimi transformasiya edilərək kulta çevrilməsini bu tipli silsilə əsərlərinin əsası kimi dəyərləndirən rəssam hər bir tabloda təbiətin bir parçası olan ağacın yarpaqlı, meyvəli kimi təsviri ilə deyil, çox zaman yaranışın başlanğıcı kimi heç bir detalın iştirak etmədiyi çılpaqlaşmış forması ilə təqdim edir.

Elmira Şahtaxtinskayanın uğurlu bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. Onun əsərləri doğma vətəni ilə yanaşı, xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssamın Moskva (1967, 1988), Kaunas (1967), Bakı (1967, 1989) və Naxçıvan (1979) şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Sənətkar “Şərəf Nişanı” ordeni ilə təltif edilmiş, 1963-cü ildə “Əməkdar incəsənət xadimi”, 1977-ci ildə isə “Xalq rəssamı” adlarına layiq görülmüşdür. 13 oktyabr 1996-cı ildə vəfat etmişdir.

Könül Vəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaş

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook