Azərbaycan Dövlət Rəsm Qalereyası Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunan heykəltəraşlıq əsərlərindən ibarət videoçarx hazırlayıb

11.12.2020 / Mühüm hadisələr
Azərbaycan Dövlət Rəsm Qalereyası Qarabağ müharibəsinin qəhrəmanlarına həsr olunan heykəltəraşlıq əsərlərindən ibarət videoçarx  hazırlayıb

Azərbaycan Dövlət Rəsm Qalereyası Qarabağ müharibəsinin qəhrəmanlarını öz əsərlərində əbədiləşdiriən gənc heykəltəraşların əsərlərindən ibarət videoçarx  sənətsevərlərə təqdim edib.

Gənc hekəltəraşlar sırasında Rahib  Qarayev, Zamik Rzayev, Elxan Zeynalov, Təbriz Soltanlı, Jalə Əliyeva var.

Milli Qəhrəmanların obrazlarını ölümsüzləşdirən gənc heykəltəraşlardan biri Rahib  Qarayevdir. Heykəltəraş "Hakim Həsənov", "Rövşən Nəbiyev", "Natiq Aslanov" kimi 1-cı Qarabağ müharibəsi qəhrəmanlarının, aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş yoldaşı "Samir Kaçayevin qəbirüstü abidəsi"nin, məşhur "Albert Aqarunovun abidəsi"nin ( Zamik Rzayevlə birlikdə), "Etibar Sadıqov", "Ələkbər Hüseynov", "Rauf Əliyev" kimi 2-ci Qarabağ müharibəsi qəhrəmanlarının barelyef xatirə lövhələrinin müəllifidir. Eyni zamanda Rahib Qarayev işğaldan azad olunmuş şəhərlərin abidə kompozisiyalarını da hazırlamışdır. 

Milli Qəhrəmanların obrazlarını ölümsüzləşdirən gənc heykəltəraşlardan biri də Zamik  Rzayevdir. Heykəltəraş "Sakit Tağıyev", "Natiq Tağıyev" kimi 1-ci Qarabağ müharibəsi qəhrəmanlarının, məşhur "Albert Aqarunovun abidəsi"nin (Rahib Qarayevlə birlikdə), aprel şəhidi, gənc heykəltəraş dostu Samir Kaçayevin xatirəsinə “Samir Kaçayevin xatirə lövhəsi” və “Samir Kaçayevin büstü “nü yaratmışdır.

İstedadlı gənc heykəltəraşlardan biri də Təbriz Soltanlıdır. Heykəltəraş 2-ci Qarabağ müharibəsi qəhrəmanları, şəhid olmuş "General Mayor Polad Həşimovun büstü"nün, "Polkovnik İlqar Mirzəyevin barelyefi"nin müəllifidir.

Milli Qəhrəmanların obrazlarını ölümsüzləşdirən gənc heykəltəraşların sırasına Elxan Zeynalovun da adını qeyd etmək olar. Heykəltəraşın diplom işi olan "Allahverdi Bağırovun heykəli"nin Ağdam şəhərində ucaldılması nəzərdə tutulur. Bununla yanaşı Elxan Zeynalov 2-ci Qarabağ müharibəsi qəhrəmanlarından "General Mayor Polad Həşimovun büstü", "Ömər Halisdəmir"in, "Milli qəhrəman Çingiz Qurbanovun büstü"nün müəllifidir.

Milli Qəhrəmanların obrazlarını ölümsüzləşdirən gənc heykəltəraşlardan biri də Jalə Əliyevadır. Heykəltəraş 2-ci Qarabağ müharibəsi qəhrəmanı "Milli qəhrəman Dövlətzadə Cəbrayılın büstü"nün, “Azərbaycanın Milli Qəhrəmanı Rizvan Teymurov”, “Şəhid Xudayar Yusifzadə” heykəllərinin müəllifidir.