“Artinterview” layihəsinin qonağı rəssam Anar Hüseynzadə olub.

30.12.2020 / Müsahibələr, çıxışlar
“Artinterview” layihəsinin  qonağı rəssam Anar Hüseynzadə olub.

Azərbaycan Dövlət Rəsm Qalereysı tərəfindən start verilən “Artinterview” layihəsinin  bu dəfəki  qonağı istedadlı rəssam Anar Hüseynzadə olub.

Hansı mövzular sizi maraqlandırır və sənətinizdə öz əksini tapır?

Alt qatda gözəllik-rəzillik, xeyir-şər. İbtidai təbiətin varlığı və insanın bu varlıqda mahiyyəti. Üst qatda isə demək olar bütün bu mövzuları "Abşeron bədii- estetikası" ilə həll edirəm. Heç özüm fərqinə varmadan.

Sizi yaradıcılıqda yönləndirən əsas fəlsəfəniz varmı?

Əvvəllər bəlkə də deyərdim ki, şərq poeziyası, musiqisi, bir sözlə, şərq fəlsəfəsi. Yaş artdıqca insanın həyata baxış fəlsəfəsi dəyişir. Həmçinin, yaradıcılıqda da. İndi isə yaradıcılığımda olan fəlsəfi xətti "dərin düşüncə amma, sadə nəticə" adlandırardım.
 
Sənətinizə ən çox kömək edən xüsusiyyətiniz hansıdır?
 
Gördüyüm işə sevgi, səbr, dözümlülük.
 
Sizcə bugün rəssam cəmiyyətin formalaşmasında və məlumatlılığın artırılmasında rol oynaya bilərmi?
 
Rəssam daha çox cəmiyyətin estetik zövqünün formalaşmasına təsir edir. Hal-hazırki məlumatlarla aşıb-daşan internet dönəmində rəssamın cəmiyyətə məlumat ötürməsi çox cüzidir.
 
Rəssam kimi ən böyük probleminizin nə olduğunu düşünürsüz? 
 
Hal-hazırda yaradıcı mühitin qənaətbəxş olmaması.
 
İndiyə qədər qazandığınız ən böyük uğur nədir?
 
Cavab tapa bilmədim(gülərək). Ya böyük uğurum olmayıb, ya da bütün uğurlarımı böyük hesab edirəm.
Əslində, rəngkarlıq həyat tərzimdir. Uğur olmasa belə bunu yaşamalıyam. Yəni, yaradıcılığımdan mənə uğur gətirməlidir deyə bir gözləntim yoxdur.
 
Müasir dövrdə cəmiyyətin rəssamdan gözlədiyi nədir?
 
Qətiyyən deyə bilmərəm. Yəqin ki, "gül, bülbül, gözəllik" və s.
Rəssam cəmiyyətin gözləntilərini nəzərə alsa yəqin ki, yaradıcı rəssam olmaq şansını qaçıracaq.