sa sa 157
Heykəltəraşlığımızın bu günü- Rahib Qarayevin yaradıcılıq yolu Heykəltəraşlığımızın bu günü- Rahib Qarayevin yaradıcılıq yolu Mart 29, 2021 | 10:03 / Maraqlı məlumatlar

Plastika sənətimizin illər boyu keçdiyi uzun inkişaf yolu gənc heykəltəraşlarımızın yaradıcılığı sayəsində bu gün də yeni sənət əsərləri ilə zənginləşməyə davam edir. Dövrümüzdə bu sahənin layiqli davamçılarından biri də Rahib Qarayevdir. Heykəltəraş Rahib Qarayev 8 aprel 1986-cı ildə Masallı rayonunun Qasımlı kəndində dünyaya göz açmışdır. O, 1993-cü ildə Hakim Həsənov adına Qasımlı kənd orta məktəbində birinci sinifə başlayır. Rahibin incəsənətə olan marağı çox kiçik yaşlarından meydana gəlir. Beş yaşındaykən sülh rəmzi olan “Ağ göyərçin” adlı ilk rəsm əsərini təsvir edir. Kağız-qələmin əlindən düşmədiyini görən valideynləri isə 2000-ci ildə onu öz kəndlərində İlqar Balayevin emalatxanasına yollayır. Burada o, 2008-ci ilədək heykəltəraşlıq dərsləri alıb, incəsənətin sirlərini dərindən öyrənərək bu sahəyə ilk addımlarını atmağa başlayır. 2004-cü ildə Masallı rayonu Yeddioymaq kəndində yerləşən T.M.Bayraməlibəyov adına kənd orta məktəbini bitirir. İncəsənətə olan dərin marağı, həvəsi sayəsində 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur. Tələbəlik illərində  Sevil Süleymanova, Rəcəb Müslümov, Əməkdar rəssam Zeynalabdin İsgəndərov, Xalq rəssamlarından Kamal Ələkbərov, Natiq Əliyev, Ömər Eldarov, Fuad Salayev kimi görkəmli heykəltəraşlardan dərs alır. Bu illər ərzində təşkil olunan bir çox sərgilərdə uğurla iştirak edərək mükafatlar əldə edir. Dördillik bakalavr təhsilini başa vurarkən heykəltəraş Natiq Əliyevin rəhbərliyi ilə diplom işi olaraq tarixi janrlı “Leonardo da Vinçi” əsərini seçir. Əsərin kompozisiyasında Leonardo da Vinçi stulda əyləşmiş, özünün məşhur “Qızıl bölgü” əsərinin eskizini edərkən təsvir olunub. O, bu əsərində rəssamı yeni ideyalar axtarışında, düşüncəli obrazda təsvir edir.

Beləliklə, Rahib Qarayev 2012-ci ildə bakalavr təhsilini uğurla başa vuraraq,  magistraturaya daxil olur. Rəssamın diplom işi olaraq seçdiyi “Bəhruz Kəngərli”nin heykəli  şəhərdə ucaldılan ilk abidəsi olur. Heykəl 2016-cı ildə Naxçıvan şəhəri “Rəssamlar” parkında ucaldılır. 

Rahib Qarayev 2014-cü ildə magistr təhsilini tamamlayaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Heykəltəraşlıq” kafedrasında müəllim kimi çalışmağa başlayır. 

2008-ci ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional, beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olan istedadlı heykəltəraş bir çox diplom və fəxri fərmanlarla təltif olunmuşdur. Rəngarəng yaradıcılığa sahib olan heykəltəraş, 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının gənclər bölməsinə, 2018-ci ildə isə əsas bölməsinə üzv olur. Həmin ildə  Bakıda keçirilən cüdo üzrə dünya çempionatı ilə əlaqədar incəsənət və idman sərgisində böyük uğurla iştirak edir.

Rahib Qarayevin gənc olmasına baxmayaraq, onun yaradıcılıq nümunələri, yaratdığı obrazlar güclü emosional təsir qüvvəsinə malikdir. Onun əsərləri özünəməxsusluğu, düşündürücülüyü və ifadəliliyi ilə seçilir.

Müxtəlif materiallardan istifadə edən  heykəltəraşın yaradıcılığında daha çox dəzgah heykəltəraşlığının həcmli və relyef formalarında fərqli ölçü və texnikalarda işlədiyi əsərlərə rast gəlirik. Onun yaradıcılıq nümunələri günümüzdəki qlobal problemləri əks etdirdiyindən, ilk baxışdan tamaşaçı diqqətini özünə cəlb edir.  Bu diqqətin yaranmasında əsas səbəb isə heykəltəraşın yeni fərqli ideyaları, özünəməxsus düşüncələri, daxili aləmi, bu sənətə olan sevgisindən, vurğunluğundan irəli gəlir.

Yaradıcılığında bir çox janrlara müraciət edən heykəltəraşın portret janrında olan əsərləri realizm üslubunda olmaqla yanaşı, dəqiq və ifadəlidir. O, portretlərinin hər birində zərifliklə təsvir olunan insan simalarının  hiss və duyğularını məharətlə tamaşaçıya ötürə bilir. “Tələbə qızın portreti”, “Tələbə oğlanın portreti”, “Tələbə Əzizin portreti”, “Tələbə Jalənin portreti”, “Azadın portreti” və digər əsərləri buna misal ola bilər. Heykəltəraş yaradıcılığında tarixi janra da müraciət edib. Onun “Leonardo Da Vinçi”, “Koroğlu”,  Həzi Aslanov” kimi əsərləri bu qəbildəndir. Rahib Qarayev Koroğlu obrazında Azərbaycanın igid, mərd, qəhrəman oğullarının ümumiləşdirilmiş obrazını əks etdirmişdir.

Daim yenilik axtarışında olan heykəltəraşın müxtəlif dövrlərdə yaratdığı Azərbaycan-Türkiyə dostluğuna həsr edilmiş “Əkizlər” adlı əsəri,  “Koroğlu”, “Düşünən beyin”, “İmtina”, “Afrikalı qadın” kimi yaradıcılıq nümunələri, “Adəm və Həvva”, “Göydələnlər”, “Yuxu”, “Məhəllə”, “Keçmişə qayıdış”, “Biz”, “Üzgüçülər”, “Yay yağışı”,  “Şahmat”, “Bakı” “Günəbaxanlar”, “Odlar yurdu”, “Dəyirman”, “Yeni Bakı”, eyni zamanda Qarabağ mövzusunda ərsəyə gətirdiyi işğaldan azad olunmuş şəhərlərin “Qarabağ-Şuşa”, “Qarabağ”, “Zəfər” kompozisiyaları öz təbiiliyi, dəqiqliyi və dərin məna ifadəliliyi ilə fərqlənərək insanlar tərəfindən böyük maraqla qarşılanır. O, 2017-ci ildə Təzəkənd kənd məktəbi üçün Rövşən Nəbiyevin büstünün, 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinə qoyulan Hakim Həsənovun heykəlinin müəllifidir.  Heykəltəraş yaradıcılığı boyu milli qəhrəmanlarımızın obrazlarını ölümsüzləşdirməyi özünə borc bilir. O, İkinci Dünya müharibəsi Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun büstünün, birinci Qarabağ müharibəsi qəhrəmanlarından Hakim Həsənov, Rövşən Nəbiyev,  Natiq Aslanov,  Milli qəhrəman Albert Aqarunovun abidəsinin (Zamik Rzayevlə),  2016-cı il aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin portreti və Şamaxı rayon Məlhəm kəndində ucaldılan qəbirüstü abidəsinin,  Etibar Sadıqov, Əkbər Hüseynov, Rauf Əliyev, Cavid Həsənov, Kənan İsrafilov, Mirsüleyman Süleymanov kimi İkinci Qarabağ müharibəsi qəhrəmanlarının barelyef, xatirə lövhələrinin müəllifidir.

Rahib Qarayev Milli qəhrəman Albert Aqarunovun abidəsini heykəltəraş Zamik Rzayevlə birgə Aqarunovun komandiri olmuş Hacı Əzimovun istəyi və Ömər Eldarovun rəhbərliyi ilə böyük məharətlə hazırlayır. Abidənin postament hissəsi qayalıq formasında qurularaq Dağlıq Qarabağ və Şuşanı simvolizə edir. Kompozisiyanın quruluşunda əsas məqsəd güclü döyüş strategiyası olan Albert Aqarunovu Şuşanı fəth edən qalib sərkərdə kimi təqdim etmək idi. Yeddi metr hündürlüyündə olan heykəlin hazırlanmasına beş ay vaxt sərf olunaraq, 2019-cu il 15 noyabr tarixində Milli Qəhrəmanın əlli illik yubileyi şərəfinə şəhərin mərkəzində ucaldılır və insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. İstedadlı heykəltəraş Milli Qəhrəmanların, şəhidlərin heykəl və büstlərini böyük fəxr hissi ilə hazırlamağa davam edəcəyini bildirir.

Xalqımız Vətən uğrunda döyüşən əsgərlərimizin, Milli Qəhrəmanlarımızın xatirəsini hər zaman uca tutur. Şəhidlərimizin adını əbədiləşdirmək, onların keçdiyi döyüş yoluna nəzər salmaq  gələcək nəsillər üçün də vacibdir.  

Ziyarət Cabarova

(Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı)

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook