ELANLAR

1254

“Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi baş tutacaq

12.05.2021
“Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi baş tutacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 16 may tarixində saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində qrafik dizayner, rəssam Rəsul Həsənin ustad dərsi baş tutacaq.

Ustad dərsi rəqəmsal incəsənət sahəsindəki yeniliklər, tətbiq edilən metodların öyrenilməsi, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək və onları bir araya toplamaq məqsədilə keçiriləcək.

Rəsul Həsən 2004-cü ildən vizual insənətlə məşğul olmağa başlamışdır. O, 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dizayn” ixtisası üzrə təhsil almışdır. 2009-cu ildən “PeopleBrands”, “McCann Baku”, “Cool Agency”, “Meteor” kimi bir çox yerli reklam agentliklərində qrafik dizayner olaraq çalışmışdır.      

Rəsul Həsən  2012-2014-cü illərdə “Netty” və “MilliNet” mükafatlarına layiq görülmüşdür. Rəssamın 2015-ci ildə "Düha", 2018-ci ildə "Düha 2" adlı rəqəmsal portretlərdən ibarət fərdi sərgiləri təşkil edilmişdir. O, həmçinin 2015-ci ildən mütəmadi olaraq keçirilən "Azerbaijan Design Forum"unun təşkilatçısı, brendinqdən bəhs edən "Bir Brendin Hekayəsi" adlı kitabın müəllifidir.

Rəsul Həsən, hazırda "Futura School" yaradıcılıq  məktəbində qrafik dizayn üzrə dərsləri tədris edir. 

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştrakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Görüşə qoşulmaq istəyən izləyicilər Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial şəbəkələrdəki hesablarını və layihənin “İnstagram” səhifəsindəki (@digitalart.lab) hesabını izləyərək məlumat əldə edə bilərlər.