ELANLAR

2007

“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaqdır.

23.05.2018
“Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaqdır.
May ayının 25-də saat 18:00-da “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “İrs. Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılacaqdır. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından və rəssamların şəxsi kolleksiyalarından seçilmiş incəsənət əsərlərinin, Bakı İncəsənət Mərkəzinin təqdimatında əsas etibarilə Cümhuriyyət tarixini əks etdirən arxiv foto və sənədlərinin, o cümlədən tanınmış hüquqşünas Rəşid Rzayevin şəxsi kolleksiyasından 1919-1920-ci illərə aid əskinasların və poçt markalarının nümayişi nəzərdə tutulur. Burada İstiqlal Bəyannaməsini qəbul etmiş Milli Şura üzvlərinin portretləri, Azərbaycan Cümhuriyyət hökumətinin üzvləri haqda məlumat, Azərbaycanı rus-imperialist və daşnak işğalçılarından azad etmiş Qafqaz İslan Ordusunun və Azərbaycan ordusunun və sərkərdələrinin foto görüntüləri verilmişdir. Eksponatlar arasında Azərbaycan Cümhuriyyətinin xəritələri xüsusi yer tutur. Bu xəritələr sırasında Paris Sülh Konfransına təqdim edilmiş xəritə, eləcə də Cümhuriyyətin sərhədlərini əks etdirən digər siyasi xəritələr vardır. Ekspozisiyada həmçinin, 1920-ci il aprelin 28-də Cümhuriyyəti süquta yetirmiş rus bolşevik hökumətinin 11-ci Qızıl Ordusunun vaxtı ilə Bakıda çəkilmiş fotoları da yer alacaqdır. 

Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyaların tərkibinə qatılmaq məcburiyyətində qalmasına baxmayaraq, XX əsrin əvvəllərində yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi öz müstəqil dövlətinin yarandığını bütün dünyaya İstiqlal Bəyannaməsi ilə elan etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin cəmi 23 ay mövcud olmasına rəğmən ötən yüz il ərzində Azərbaycan xalqının bütövlükdə mədəni yüksəlişi, o cümlədən təsviri incəsənəti sürətlə inkişaf etmişdir. Əzim Əzimzadə, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Xalidə Səfərova, Cavad Mircavadov Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tahir Salahov, Ömər Eldarov, Fazil Nəcəfov və onlarla başqa rəssamların yaradıcılığı məhz bu yüzillikdə formalaşaraq ölkəmizi dünyaya tanıtmışdır. Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik, azadlıq ideyalarının, demokratik dəyərlərin, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman rəssamların yaradıcılığında özünəməxsus yer tutmuşdur.

1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ümummilli lider Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək müasir Azərbaycan Respublikasının təməllərini möhkəm zəmin üzərində qurdu. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq, milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli və ““2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 10 yanvar 2018-ci il tarixli sərəncamlarını imzalamaqla xalqımızın taleyüklü məsələlərinin həllinə verdiyi töhfələri bir daha təsdiqləyərək, Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!” ideyasına sadiq qalaraq, müstəqillik ideyalarının və Azərbaycan dövlətinin əbədiliyinə inam hislərini daha da artırmış oldu.