“Gənclər günü”nə həsr olunmuş gənc rəssamların “AXIN” adlı qrup sərgisi açılıb.

04.02.2020 / Sərgilər
“Gənclər günü”nə həsr olunmuş gənc rəssamların “AXIN” adlı qrup sərgisi açılıb.

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevral ayının 3-də saat 18:00-da “Baku Book Center”də “Gənclər günü”nə həsr olunmuş gənc rəssamların “AXIN” adlı qrup sərgisi açılıb.

Gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir, layihələrdə iştirakını dəstəkləmək, cəmiyyətdəki fəallığını təmin etmək məqsədi ilə həyata keçirilən sərgidə 50-dan çox gənc rəssamın 60-a yaxın rəsm əsəri sərgilənib.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxışında sərginin gənc rəssamların dəstəklənməsi üçün nəzərdə tutulduğunu, gələcəkdə  “AXIN” qrupunun üzvləri üçün xüsusi imtiyazların olacağını  və “Könüllülər ili” çərçivəsində böyük layihəyə çevriləcəyini ümid etdiyini vurğulayıb.

Bakı kitab Mərkəzinin direktoru Günel Rzayeva  mədəniyyət və incəsənətin sərhədləri olmadığını və hər zaman mədəni tədbirlərin keçirilməsini mərkəz olaraq dəstəklədiyini qeyd edib.

Daha sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Sərgidə iştirak edən gənc rəssamlar Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən diplomlarla təltif olunub.

Həmçinin sərgi zamanı Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən "Baku Book Center"in direktoru Günel Rzayevaya gənc rəssam Elçin Hüseyinin "Çay süfrəsi" adlı əsəri hədiyyə verilmişdir