Yaradıcılığında yeni mərhələyə qədəm qoyan heykəltəraş

08.06.2021 / Maraqlı məlumatlar
Yaradıcılığında yeni mərhələyə qədəm qoyan heykəltəraş

Müasir Azərbaycan heykəltəraşlığında öz yolunu tapan heykəltəraşlarımızdan biri də gənc tişə ustası Zeynalov Elxan İsa oğludur. O, 11 aprel 1996-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 2003-cü ildə Gəncə şəhəri M.Müşfiq adına 14 saylı tam orta məktəbdə birinci sinifə başlayır. Hələ kiçik yaşlarından incəsənətə olan marağı və onu digər uşaqlardan fərqləndirən istedadı heykəltəraş kimi formalaşmasında əsas amillərdən biri olur.  Beləliklə o, beşinci sinifdən Gəncə şəhər uşaq yaradıcılıq mərkəzinə qatılır, 8-ci sinifdən etibarən isə rəssam Yusif Hüseynovun emalatxanasına yollanır. Burada incəsənətin sirlərini dərindən öyrənərək, peşəkar rəssamlıq dərsləri alır. 2014-cü ildə orta məktəbi bitirən istedadlı heykəltəraş rəssam olmağı hədəf seçərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Rəngkarlıq” ixtisası üzrə imtahan verir. Böyük uğurla nəticələnən imtahan sonrası ixtisas seçimində yaranan yanlışlıq nəticəsində həmin fakültədə təhsil ala bilmir və ona tamamilə yad olan “Heykəltəraşlıq” ixtisasına qəbul olur. Beləliklə, həyat Elxan Zeynalovu təsadüflər nəticəsində gələcəkdəki uğur və nailiyyətlərlə dolu fəaliyyətinə addım-addım aparır. İlk başda ona çətin olacağını düşünsə də, bu sahəyə yaranan böyük istək, maraq və inamı sayəsində əvəzsiz uğurlar əldə edir. Gənc heykəltəraş bakalavr təhsilini Xalq rəssamı, professor Tokay Məmmədovun emalatxanasında alır. O, bu illər ərzində Tokay Məmmədov, əməkdar rəssam Azad Zeynalov, gənc heykəltəraş Nurlan Məmmədovdan dərslər alır. Həmin illərdə bir çox sərgilərdə uğurla iştirak edərək müvəffəqiyyətlər əldə edir.  Bakalavr təhsilini başa vuran heykəltəraş diplom işi olaraq “İmadəddin Nəsimi” obrazını seçir. Elxan Zeynalov dahi şairimizin heykəlini yaradarkən üzərində necə böyük məsuliyyət hissi olduğunu dərk edərək, müxtəlif eskizlər hazırlayıb təqdim edir. Hazırladığı eskizlərdən  biri təstiqlənərək seçilir. Rəssam dahi şairimiz İ.Nəsiminin ümumi həyat və yaradıcılığının kuliminasiya anını seçərək şairi əlləri bağlı şəkildə edam kürsüsünə gedərkən təsvir edir. Mükəmməl plastika ilə hazırlanan obrazın simasında onun həyatının bütün mərhələlərini əks etdirən təsirli bir süjet ərsəyə gətirir. Hürufi şairin obrazı gərgin dinamika, ekspressiya ilə tamaşaçıya təqdim olunmuşdur.  Bu da gənc heykəltəraşın yüksək yaradıcılıq istedadının  göstəricisidir.

Elxan Zeynalov 2018-ci ildə bakalavr təhsilini başa vuraraq magistraturaya daxil olur. Elə həmin ildən pedaqoji fəaliyyətlə də məşğul olan heykəltəraşın yaradıcılığında yeni bir mərhələ başlayır.  O, magistratura təhsilinə Xalq rəssamı, akademik Ömər Eldarov, Akif Əsgərov kimi görkəmli heykəltəraşlardan dərs alaraq davam edir. Həyatının bu mərhələsində Azərbaycanın dahi şəxsiyyətləri, şair, aktyor, eyni zamanda Azərbaycan torpaqlarının azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin obrazlarını yaratmağı qərara alır. Elə magistratura diplom müdafiəsində də bu mövzuya müraciət edərək Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun heykəlini hazırlayır. Heykəltəraş bu obrazı ərsəyə gətirərkən qəhrəmanı yaxından tanıyan Qarabağ Qazilər Birliyinin Xətai rayon təşkilatının sədri, birinci Qarabağ müharibəsi qazisi İlham Həsənovla məsləhətlər alır. Beləliklə o, məğrur, xilaskar qəhrəman obrazı yaradır. Hazırlanan heykəlin Ağdam şəhərində ucaldılması nəzərdə tutulur. Elxan Zeynalov bu mövzu ilə yanaşı, Xan Şuşinski, Hacı İsmayılov kimi tanınmış şəxsiyyətlərin portret heykəllərini də hazırlamışdır.  Magistratura müdafiəsindən sonra rəssamın əsas məqsədi mənəvi dəyərlərimizi üstün tutaraq milli qəhrəmanlarımızın, şəhidlərimizin xatirəsini əbədiləşdirmək olur. Onun bu mövzuda hazırladığı digər heykəllərdən qardaş Türkiyənin 15 Temmuz şəhidi Ömər Halisdemirin, 2016-cı ilin aprel döyüşləri şəhidi Pəncəli Teymurovun, Bəxtiyar Hüseynovun, Vətən müharibəsində şəhid olan  kapitan Həmid Cəfərlinin, Cəlil Cavadovun, Milli Qəhrəman Çingiz Qurbanov və General Polad Həşimovun büstlərini hazırlamışdır. Hazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tərbiyə müəssisəsində və Bakı İstanbul liseyində pedaqoji fəaliyyət göstərərək yaradıcılığını da davam etdirir. O, Milli Qəhrəmanlarımızın obrazlarını ölümsüzləşdirməyə qürur hissi ilə davam edəcəyini bildirir.

Ziyarət Cabarova   

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı