Anım Gününə həsr olunan “Misilsiz cəsarət” adlı sərgi açılıb

27.09.2021 / Sərgilər
Anım Gününə həsr olunan “Misilsiz cəsarət” adlı sərgi açılıb
Xətai Sənət Mərkəzində 27 Sentyabr-Anım Gününə həsr olunmuş rəsm sərgisi açılıb.
Sərgi “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin təşkilində əməyi keçən təşkilatlara minnətdarlığını bildirib. O, qeyd edib ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımız 44 gündə 44 ilə bərabər bir qəhrəmanlıq göstərdilər. Vətən torpaqlarını işğaldan qurtaran, bizə Qələbə bəxş edən şəhidlərimizin əziz xatirəsi qəlbimizdə hər zaman yaşayacaq.

Sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi 40-a yaxın əsəri yer alıb.
Sərgi sentyabrın 28-ə kimi Xətai Sənət Mərkəzində davam edəcək.