Gənc heykəltəraşın uğura doğru addımları - Güntay Hüseynlinin həyat və yaradıcılığı

03.11.2022 /
Gənc heykəltəraşın uğura doğru addımları - Güntay Hüseynlinin həyat və yaradıcılığı

 

Hər bir xalq özünəməxsus incəsənət üslubuna sahib olan bir çox bacarıqlı şəxsiyyətlər yetişdirir. Azərbaycan tarixin qədim  mədəniyyət mərkəzi olması ilə bərabər, həm də incəsənətin qanad açıb inkişaf etdiyi bir yurd olmuşdur. Elə bir yurd ki, bu yurd əvəzolunmaz sənət əsərlərinin ərsəyə gəlməsinə ev sahibliyi etmişdir. Bu əsərləri yaradan bacarıqlı əllər isə Azərbaycanın görkəmli sənətkarlarına məxsus olmuşdur. İstər əvvəlki, istərsə də müasir dövrdə elə bacarıqlı istedadlar yetişir ki,  ərsəyə gətirdikləri dəyərli sənət inciləri göz oxşayır. Müasir dövrdə Azərbaycanda öz bacarığı ilə seçilən gənc incəsənət nümayəndələrindən biri də heykəltəraş Hüseynli Güntaydır.

Hüseynli Güntay Vaqif oğlu 31 yanvar 1995- ci ildə Şabran şəhərində anadan olmuşdur. O, rəssam ailəsində doğulmasına baxmayaraq, kiçik yaşlarında incəsənətə  elə də maraq göstərməyib. Uşaqlıq illərində ən böyük arzusu isə hərbçi olmaq idi. Orta məktəb təhsilini Bakı Atatürk liseyində almış, səkkizinci sinifdən etibarən isə hərb sektoruna yönəlməyə qərar vermişdir. Balaca Güntay hərbi məktəbə yollandıqdan sonra daxilində yaranan böyük incəsənət sevgisinin üstünlüyü nəticəsində başa düşür ki, özünü  hərb sahəsində görmür.   

Beləliklə, ona maraqlı gələn və diqqətini cəlb edən sahəni, memarlığı seçərək, memar olmağa qərar verir. Güntayın atası, tanınmış rəssamımız Vaqif Ucatay, ona Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində- Əzim Əzimzadə adına İncəsənət kollecində “Heykəltəraşlıq” ixtisası üzrə oxumağı təklif edir. O, memar olmaq üçün bu yolu seçməyin ən düzgün qərar olacağını və istedadlı memar kimi yetişməsində  bu sahənin də böyük dəstəyi olacağını düşünür.

2011-ci ildə orta məktəb təhsilini uğurla bitirdikdən sonra, atasının məsləhət verdiyi kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində Əzim Əzimzadə adına İncəsənət kollecinə daxil olur. Buradakı təhsil illərində heykəltəraşlıqla məşğul olmaq onu o qədər özünə bağlayır ki, artıq memarlıq haqqında düşünmür. O, həyatını heykəltəraşlığa həsr etməyə, bir-birindən maraqlı mövzuları əhatə edən incəsənət nümunələri yaratmağa qərar verir. Özünü heykəltəraşlıq sənətinin bütün sirlərinə yiyələnmək üçün formalaşdıraraq həyatını ciddi şəkildə bu sahəyə həsr etmək istəyir. Təbii ki, bu yolda onun ilk və sonsuz dəstəkçisi elə atası idi.

Uğurlu tələbəlik yolu keçən gənc rəssam, 2015-ci ildə İncəsənət Kollecindəki təhsilini böyük nailiyyətlərlə başa vurur. Elə həmin ildən hərbi xidmət sıralarına yollandığı üçün  təhsilinə vətən borcunu yerinə yetirdikdən sonra davam etməyə başlayır.

İncəsənət əsl rəssam üçün onsuz yaşaya bilməyəcəyi nəfəsə çevrilir. Güntay üçün də məhz belə olur...

İstedadı ilə yaşıdları arasında seçilən, incəsənətə olan sevgisi günü-gündən artan gənc heykəltəraş Güntay Hüseynli 2018-ci ildə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Heykəltəraşlıq” ixtisası üzrə davam etdirir. Akademiyada təhsil aldığı dövrlərdə də bir çox uğurlara imza ataraq, müxtəlif sərgi və incəsənət tədbirlərində iştirak etmiş, diplom və mükafatlara layiq görülmüşdür. Nailiyyətlərlə dolu fəaliyyətinə addım-addım davam edən istedadlı heykəltəraş akademiyada oxuduğu illərdə Azərbaycan Respublikasının Xalq Rəssamı, professor Natiq Əliyev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev, Rəcəb Müslümov, gənc heykəltəraş Nurlan Məmmədov kimi müəllimlərdən heykəltəraşlıq sənətinə dərindən yiyələnmək üçün professional dərslər alır.  

O, 2022-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasındakı bakalavr təhsilini başa vuraraq diplom müdafiəsi üçün mövzu axtarışına çıxır. Seçdiyi mövzu o zamanki ruh halına uyğun olan “Yaşam iradəsi” adlandırdığı əsəri olur.  Əsərdə fiziki və ruhən çökmüş, uçurumun lap kənarında duran, amma hələ də həyata sevgi ilə baxan düşüncəli insanın yaşam iradəsindən bəhs edilir.  Bu adam şüurlu olaraq anlayır ki, həyatda baş verən bütün çətinliklərə baxmayaraq hər şeyə yenidən başlamaq lazımdır. Güntay Hüseynli bəhs edilən əsəri hazırladıqdan sonra, günlərin bir günü təsadüfən Artur Şopenhauerin eyniadlı teoriyası ilə qarşılaşır. Həmin nəzəriyyədə bəhs edilir ki, “Bu, həyatda qalmaq instikti deyil, sırf yaşam iradəsidir”. Beləliklə, əsərin adı formalaşır.

Uğurlu keçən diplom müdafiəsi gənc heykəltəraşı daha da ruhlandırır. Hazırladığı heykəl bütün müəllimləri tərəfindən bəyənilərək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının həyətində qoyulması üçün qərar qəbul edilir. Bu da gənc heykəltəraşın yüksək yaradıcılıq istedadının əsas göstəricisidir.

Müxtəlif mövzulu kompozisiyalar hazırlamağa üstünlük verən heykəltəraş demək  olar ki, bütün əsərlərində simvolik mənalardan istifadə edir. “Çərxi-fələk”, “Çərçivədən kənar”, “Statik”, “Elastik çərçivə”, “Potensial”, “Cəhd”, “Həyat”, “Öpüş”, “Zaman körpüsü”, “Yorğun”, “Eqo”, “Beyin gülü”, “Başbilən”, “Pəncərə dünya”, “Zəriflik abidəsi” kimi bir-birindən fərqli olan heykəlləri buna misaldır.

Dünyaca məşhur olan rəssam Mikelancelonun səsləndirdiyi belə bir fikir var: “Bir heykəli düzəldin, sonra onu hündür bir yerdən aşağı atın, qoyun, qırılsın. Qırıntılardan nə qalacaqsa, sizin yaratdığınız əsər bax odur”. Güntay da öz yaradıcılığında bu yanaşmanı əsas tutaraq daha çox minimalizmə üstünlük verir. O, hazırladığı bir çox əsəri mümkün qədər ixtisara salaraq, əlavə detallardan azad edərək izah etmək istədiyi fikri tək fiqurla tamaşaçıya çatdırmağı əsas məqsəd olaraq görür. Azdan çox yaratmaq kimi..

Gənc Güntay müharibə zamanı vətən uğrunda öz canından keçərək şəhid olmuş hərbçilərin, əsgərlərin xatirə lövhələri, barelyefləri, portretlərini hazırlayaraq xatirəsini əbədiləşdirən heykəltəraşlardan biridir. Bu heykəllərdən, Qubada, İspik kənd orta məktəbinin qarşısında ucaldılan, həmin məktəbin adını daşıyan şəhid Neman Dadaşovun büstü, Kürdəmirdə şəhid Ziyadxan Əliyevin portreti, Şabran rayonunda şəhid Ürfan Orucovun xatirə lövhəsi, Stalinqrad qəhrəmanı Fətulla Həmidovun büstünün müəllifidir. O, həmçinin Arxangelskdə ucaldılan Fərman Salmanovun, Müslüm Maqomayevin barelyefləri və Heydər Əliyevin büstünün müəllifidir.

Heykəltəraşın müharibə dövründə işlədiyi, yanaşma tərzi və mövzusu ilə seçilən ən təsirli əsərlərindən biri “Atalar və oğullar” adlı əsəridir. İkifuqurlu kompozisiyadan ibarət olan bu əsərdə hər ikisi eyni silahı tutan qəmgin ata ilə əyilmədən, başı dik duran oğul  obrazını canlandırmışdır.

Güntay Hüseynli təşkil olunmuş AXIN – Gənc rəssamların qrup sərgisində, bir çox yerli və xarici sərgilərdə uğurla iştirak etmişdir. Hazırda isə heykəltəraş kimi yaradıcılığa davam edərək, emalatxanasında yeni əsərlərə ruh verir.

 

Ziyarət Cabarova

(Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, Azərbaycan Rəssamlar İttifaqının Gənc Rəssamlar Birliyi üzrə Prezident təqaüdçüsü)