Fəlsəfi, ənənəvi və müasir baxış tərzi; Rafail Əliyev yaradıcılığı…

12.07.2023 /
Fəlsəfi, ənənəvi və müasir baxış tərzi; Rafail Əliyev yaradıcılığı…

İncəsənət gözlərdən qəlbə, qəlbdən isə ruhumuza sızan, duyğu və düşüncələrimizi qidalandıran, bəzən tarixi dəyişən, inqilablar edən, bəzən də tarixə yön verən ən əsas anlayışlardan biridir.

Rəssam Rafail Əliyev təsviri sənətimizdə öz palitrasını yaradaraq, individual bədii həll yolunu cızan, ancaq özünə bənzəyib, təkrarolunmaz sənət əsərləri ərsəyə gətirən önəmli incəsənət xadimlərimizdəndir.

Rafail Əliyev 28 dekabr 1953-cü il, Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur.

Rəssam, yaradıcılığa bədii metal emalı ilə başlamışdır. Daha sonra isə təhsilini qrafika üzrə tamamlayaraq, püxtələşdirmişdir. Lakin sənətkarın yaradıcılığında rəngkarlıq ilə yanaşı bədii oymanın da xüsusi önəminin olması danılmazdır. Usta sənətkar karyerasının hardasa iyirmi ilini məhz bu sənətə həsr etmişdir. Onun xüsusi diqqətlə ərsəyə gətirdiyi hər bir qravürası olduqca dərin məzmuna və zəngin, ənənəvi izlərə malikdir.

Bununla belə, bu günümüzdə rəngkarlıq sahəsində öz sözünü deyən, məxsusi sənət cığırını təkidlə arayıb, tapan sənətkarlarımız sırasında biz onun ismini çəkə bilərik.   

Rəssamın fəlsəfi səciyyəli mücərrəd baxışı reallığı arxa plana ataraq, öz yolunu cızmışdır. Onun kompozisiyalarının məhvərində dərin məna, fəlsəfə dayanır. Rafail Əliyevin mürəkkəblikdən arınmış mücərrəd yanaşma tərzi onun bədii yaradıcılığının özünüifadə təzahürüdür. Rəssam Əliyevin dünyaya baxışı tamam fəqli rakusdandır. Bu rakusa bəzən romantika, bəzən estetika, bəzən milli ruh, əsasən də fəlsəfi baxış hakimdir. Həqiqi və ya illuziya qavrayışını kətana məharətlə köçürən rəssamın fenomenal reallığı öz mərkəzli nöqteyi-nəzəri ilə bütünləşərək, püxtələşmişdir. Bununla yanaşı, Rafail Əliyevin yaradıcılığında xəfif sentimentallıq da özünü büruzə verməkdən əsla çəkinməməkdədir. Fırça ustasının fəlsəfəsində ülvilik anlayışı, onun kompozisiyalarının bədii gücünə, intensiv duyğu selinin ilham mənbəyinə çevrilir. Ənənəviliyə və etnogenetik bağlılığa söykənən bədii sənət yolu rəssamın təcrübə süzgəcindən keçərək, milli köklərə və dəyərlərə əsaslanır. Məhz buna görə də, Rafail Əliyevin bəzi əsərlərində qədim qayaüstü təsvirlərə olan bənzərlikləri də görmək mümkündür. Buna misal olaraq,  “Cənnətdən qovulanlar” isimli kompozisiyanın  fiqurlarında kəskin konturlar, lakoniklik və stilizasiyanı misal çəkə bilərik. Burada ilk baxışdan qayaüstü təsvirlərini xatırlayacağıq.

İnstinktiv obrazların müəllifi olan Rafail Əliyevin yaradıcılığında təsvir etdiyi şəxslərin introspeksiyasının diqqətlə vurğulandığı portret janrının öz xüsusi yeri vardır. Adətən təsvir etdiyi qadın obrazları çəkingən, zərif və ədalıdırlar. Portretlərinə unikal və müasir prizmadan baxan sənətkarın qadın fiqurlarının hər birinin simasında mülayimlik, həlimlik vardır. Bu qadınlar cazibədar və yaxud da ideal deyillər. Onlar olduqca təmkinli, yetkin və kamildirlər. Sənətkarın gözəllik və fəzilət ideallarını nəzərə çarpmayacaq şəkildə ifadə edə bilməsi təqdirəlayiqdir. Bu sənət nümunələrində obrazların konkret təsvirlərinə deyil, mücərrəd və ümumi görkəmlərinə xüsusi vurğu vardır. Onların simalarında konvensionallıq çətin nəzərə çarpır. Fiqurların uzun üzləri, boyunları və bədənləri nisbətən daha kiçik əllər ilə tamamlanır. Kompozisiyalarının fonuna isə əsasən dominant kontrastlar və rəng oyunları hakimdir. Bu təzadlar həm də kompozisiyanın formalarında özünü biruzə verir. Beləki, təsvirlərdə xəttlərin saflığı ilə formaların kəskinliyi ziddiyyət daşıyır. Sadə cizgiləri və stilizə fiqurları rəssamın  kompozisiyalarını zənginləşdirir. Buna görə də usta sənətkarımızın yaradıcılığında bohem həyat tərzi ilə tanınan Amadeo Modilyaninin və kubizmin təmsilçisi, böyük ustad Pablo Pikassonun təsirini görmək mümkündür. Xüsusilə qeyd etməliyik ki, sənətkar Rafail Əliyevin yaradıcılığında Meksika incəsənətinin də təsirini duymaq olur. Məhz Rafail Əliyevin meksikalı rəssam Rufino Tamayo ilə tanışlığı, onun yaradıcılıq istiqamətində yeni bir çevrilişə səbəb olmuşdur. .

Rafail Əliyevin sənət üslubunda diqqətçəkən məqamlardan biri də “Afrika/qəbilə” sənətindən ilham alaraq, ərsəyə gətirdiyi kompozisyalardır. Onların içərisində ən maraqlısı akril ilə kətan üzərində işlənmiş “Maska” isimli sənət nümunəsidir. O, ilk baxışdan Biombo və Qoma maskalarını bizə xatırladır. Müxtəlif həndəsi ornamentlər ilə bəzədilən bu maska təsvirində gözlər və alın müdrikliyi, daha kiçik ölçüdə həll olunan ağız ilə çənə isə təvəzökarlığı simvolizə edir. Bu maskalar Afrika qəbilələrinin mərasim və ayinlərinin bir parçası hesab olunur, onların əcdadlarının ruhunu təmsil edirlər.  Belə maskalar bir növ təbiət ilə ruh dünyasının arasında olan əlaqəni göstərir.

Onun palitrası olduqca rövşəndir, ahəstə rənglər və saf, şəffaf tonlar, oxra, qəhvəyi, torpaq rəngi, boz, mavi, qırmızı, yaşıl kimi rənglər bacarıqlı rəngkarın ən çox müraciət etdiyi çalarlar arasındadır. Rəssamın kompozisiyaları üçün xətt dekorativ element deyildir. O, qurduğu kompozisiyalarda əvvəla təsvir etmək istədiyi fiqurun fiziki və psixoloji xüsusiyyətlərini ustalıqla şərh edir, digər tərəfdən isə rəssam plastik və xromatik həcmləri vurğulaya bilmək üçün titrək rəng keçişlərindən istifadə edir. Rəssamın portretlərinin ən maraqlı xüsusiyyətlərindən biri də onların izləyicilərə “ikonaları” xatırlatmasıdır. Monumental rəsmlərə və freska təsvirlərinə bənzəyən bu portretlər emosional səciyyəyə malikdirlər. Onun bu janrda ərsəyə gətirdiyi rəsm əsərləri arasında “Nar ilə qız”, “Şərab dadımı”, “Qırmızılar içində qadın”, “Şərq gözəli”, “ Mavi kəlağayı ilə qız”, “Çiçəklərlə portret” və s.aiddir. Qeyd etmək lazımdır ki, bu əsərlərin hər biri son dərəcə fiqurativ bir üslub ilə inteqrasiya olunmuşdur.

Rəssamın zəngin və adətən isti tonlardan ibarət rəng palitrası sadəcə estetik duyumu deyil, dərin məna çalarını da özündə kölgələyir. Bədii yaradıcılığının ümumi pafosunda “poetik” bir şərh dayanır. Onun sürrealist baxış tərzi bəzən obrazlı və təsirli, bəzən də abstrakt görünür. Sənətin saf təsvir dilini, formasını, rəngini individual şəkildə əks etdirən Rafail Əliyevin estetik sərtliyi və texniki mükəmməlliyi büsbütün sirlərlə doludur.

Rafail Əliyevin bəzən impressionist və ya post-impressionist, bəzən proto-kubist, bəzən də abstrakt yanaşma tərzi diqqətlə seçdiyi mövzular ilə, fərqli mədəniyyətlərə olan maraqları ilə birəbir səsləşir. Məhz bu səbəbdən, rəssamın yaradıcılığında yapon mədəniyyəti və incəsənətini vurğulayan əsrarəngiz izlər görmək mümkündür. Buna misal olaraq, “Bonsai, Yapon ağcaqayını” əsərinin adını çəkə bilərik. Bonsailər əsasən dayaz keramika qablarda yetişdirilir. Bu miniatür ağaclar Kamakura dövründə yapon mədəniyyətinə elitar təbəqə tərəfindən daxil olmuşdur. Rəssamın digər eyni mövzulu əsəri “İki katana” isimli kompozisiyadır. Rəssamın olduqca maraqlı aspektdən yanaşdığı bu səhnədə “Daisho” – samurayların duellolarda istifadə etdikləri iki qılınc ilə duruş pozası təsvir olunmuşdur. Daha kubist nöqteyi-nəzərindən əks olunan bu əsərdə məhdud rəng və ton diapazonu ön plandadır.

Rəssamın bədii fəaliyyətində mənzərə janrının da özünəxas yeri vardır. Təbiətin, yerlə göyün alternativ ritmlərini özündə cəmləşdirən hər bir mənzərə nümunələrində dinamika, həyəcan, məna və biraz da metamorfoz hissi duyulmaqdadır. Rafail Əliyevin peyzajlarında nəzərə çarpan bir başqa prinsip, həmin kompozisiyalarda  dəyişkən perspektivanın mövcud olmasıdır. Rəssamın mənzərə təsvirləri olduqca lakonik, sadə və fiqurativdir. Beləki, kompozisiyalarda gördüyümüz tək və yaxud cüt fiqur; məsələn ağac, çay, çiçək, qaya və s.sadəcə hansısa bir obyekti deyil, əksinə insana xas keyfiyyətlər ilə zənginləşdirilərək, fəlsəfi mənanı təmsil edirlər. Buna ən maraqlı nümunə “Yol üzərində” əsəridir. Qoşun kimi yan-yana düzülən ağaclar sanki ilk baxışda bizə bir qrup insanı xatırladır. Əsərdəki fərqli konturlar və kontrast nisbəti kompozisiyanı mücərrədləşdirən ən önəmli faktordur. Bir başqa sənət nümunəsi də “Xəzərin sahilində” isimli tablodur. Dolğun və ifadəli xəttlər kompozisiyanı dolduran, estetik gücünü artıran əsas ünsürlərdir. Kompozisiyada küləyə meydan oxuyan üç ağac fiquru ona məhəl qoymadan öz əzəmətini qoruyub saxlamağa çalışır. Bu ağaclar həm də tamaşaçılara kiçik bir ailəni xatırladır. Çətinliklərlə üzləşsə belə, əsla dağılıb, məhv olmayan bir ailəni təsəvvürlərdə oyadır. Təbiətə aid olan, tarazlaşdırılmış və ahəngdar səciyyə daşıyan hər bir səhnədə boyakar sanki mistik bir dünya qurmağa çalışır. Rəssamın bu mistik dünyasını ən gözəl ifadə edən rəsmlərdən biri “Abşeronun zeytun ağacları” isimli tablosudur. Olduqca mücərrəd görünüşdə olan bu kompozisiyada istifadə olunan isti palitra mükəmməl bir seçimdir. Quraqlığa davamlı olan zeytun ağacları qumsal Abşeron torpaqlarına çox yaraşır. Rafail Əliyevin yaradıcılığında diqqəti cəlb edən, həm maraqlı kompozisiya quruluşuna, həm də səmimi kolorit həllinə malik olan “Qara meşə” isimli rəngkarlıq nümunəsi də diqqətəlayiqdir. Rəssamın marina janrında həll etdiyi əsərlərindən biri də “Dənizkənarı, Bilgəh” əsəridir. Xəzər dənizinin sərin mehi, dalğalarının şıltaq oyunu rəssamın fırçasından süzülərək, kətanın üzərində əbədi həkk olunmuşdur. Təbiətin ifadəli təfsirini kətana köçürmək üçün öz təxəyyülündən istifadə edən rəssam Rafail Əliyev sadələşdirilmiş kompozisiya quruluşuna minimal fırça vuruşları əlavə edərək rəsmin bir növ “nəfəs ala bilməsi” üçün şərait yaradır. Bu həm də rəssam tərəfindən tamaşaçılara gözəl jest hesab oluna bilər. Beləki, hər bir tamaşaçının gördüyü təsviri individual şəkildə şərh edə bilməsi üçün sənətkar onları öz təxəyyüllərinə müraciət etməyə təşviq edir. Kiçik və titrək fırça vuruşlarıyla əsəri tamamlayan rəssam rəngləri həddən artıq qarışdırmadan, təbiətin hərəkətini və daim dəyişən əhval-ruhiyyəsini kətana köçürərək, milli kolorit ilə ənənəvi faktura vuruşlarını kombinə edir. Qeyd etdiyimiz xüsusiyyətlərin nümunəsi kimi “Günəbaxanlar” əsərini misal çəkə bilərik. Qarışıq rənglərin hökm sürdüyü fon üzərində ön plana çəkilən günəbaxan çiçəkləri sanki “yallı” rəqsini ifa edirlər. Hər biri günəşə bənzəyən çiçəklərin parlaq sarısı əsərin bədii gücünü qüvvətləndirir.

Düşündüyümüz zaman, incəsənət həmişə ziddiyyətlərin davam etməkdə olan mübarizəsinin kəskin simvolu olmuşdur. Köhnənin yeni ilə, ənənəvinin modernlə, millinin isə beynəlxalq ilə arasında mövcud olan mübarizə buna misal ola bilər…Rəssamın yaradıcılığında da simvolların xüsusi yeri vardır.  Belə simvollardan biri də farscadan tərcümədə “atəş” mənasını verən, zənginliyin və bərəkətin rəmzi hesab olunan nardır. Rəssamın müxtəlif rakursdan təsvir etdiyi “Narlar” əsəri, qadın obrazının bir əlində nar, digərində quş təsvir olunan “Musiqi” əsəri, isti tonlar ilə kəskin konturların vurğulandığı “Nar ağacı” əsəri bu nümunələr arasındadır. Ətrafımızdakı təbiətlə əlaqə qurmağın bir çox yolu var və bu yollardan biri də bitki və heyvan simvollarından istifadə etməkdir. Bəlkə də dəyərli rəssamın Göyçayda doğulub, boya-başa çatması, onun nar təsvirinə olan marağının izahıdır.

Usta sənətkarın yaradıcılıq fəaliyyətində tez-tez rastlaşdığımız bir başqa fiqur da animalistik səciyyəyə malik təsvirlərdir. Belə fiqurlardan biri də balıqdır. “Balıqlar”, “Balıq və balıqçı”, “Səhər” kimi kompozisiyalarda təsvir olunan bu fiqur adətən zənginlik, firavanlıq və bolluq rəmzi hesab olunur. Rəssamın bir başqa sevimli animalistik obrazı atdır. Bu nəcib minik heyvanı sərvətin, gücün simvoludur. Xarakterinə əsasən azad ruhlu olan bu heyvanlar zəfəri də təmsil edir. Əzəmətini öz yurdundan alan, dillər əzbəri olan Qarabağ atları rəssamın bədii yaradıcılığında öz mötəbər yerini tutur. Belə əsərlərə “At”, “At hekayəsi”, “Qarabağ ayğırı”və s.aiddir.

Bir başqa maraqlı fiqur isə şanapipikdir. Uzun dimdiyi, qısa qanadları və başında şanası ilə tanınan bu quşa hüd-hüd quşu da deyilir. Rəvayətə görə, Süleyman peyğəmbərə quş dilini məhz şanapipik öyrətmişdir. Rəssamın bu fiquru daxil etdiyi komposiyasının adı “Baharın müjdəçisi”dir.

Rafail Əliyevin haqqında söz açacağımız sənət əsərlərinin sayı çoxdur. Bugün də öz üslubunu püxtələşdirən rəssamın sənətə olan məhəbbəti göz önündədir. Dəyərli və çoxyönlü rəssam sənətdən bəhrələnərək, elə sənətə də öz qiymətli töhfələrini verməkdədir. Mahir fırça ustasına sənət kareyerasında uğurlar arzulayırıq.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının  kiçik elmi işçisi