Fırçalardan süzülən sehr; Eldar Babazadə yaradıcılığı

12.07.2023 /
Fırçalardan süzülən sehr; Eldar Babazadə yaradıcılığı

Sürrealist kimi düşünmək cəsarət tələb edir… Əslində, sənətin istənilən sahəsində sənətkarın özünü təsdiq edə bilməsi üçün ona cəsarət gərəkdir …. 

Azərbaycan incəsənətini öz yaradıcılıq fəaliyyəti ilə təmsil edən “cəsarətli” rəssamlarımızdan biri də Eldar Babazadədir.

"İrəli getməyin sirri başlamaqdır"- bu sitat görkəmli amerikan yazıçısı Mark Tvenə aiddir. Günü bu gün də öz bədii sənət yolunda axtarışlar edən, sənətin sirrlərini agah etməyə çalışan rəssam Eldar Babazadənin bu çətin amma bir o qədər də dərin olan təsviri sənətə necə başladığından bir qədər söz açaq; 

Hərbçi olmağı hədəfləyən Eldar Babazadənin yollarının incəsənətlə kəsişməsindəki başlıca səbəb, onun Azərbaycanın tanınmış sənətkarlar ailəsində dünyaya göz açması olmuşdur. Məhz bu səbəbdən sənətkarın bütün qapıları yalnız sənətə açıla bilərdi. Ancaq rəssam da bu tale oyununa biganə qalmayaraq, necə deyərlər öz qəlbinin qapılarını daxilən bu sənətə açaraq,  doğmalaşmağı bacarmışdır. “Axı hər bir qəlbin qapısı yalnız daxildən açıla bilər…”

Hər zaman hərbçi olmaq istəyən rəssamın ən böyük savaş silahına onun illər ötdükcə formalaşıb, individuallaşan sənət fəaliyyəti çevrilmişdir. Elə bu baxımdan, savaşçı bir ruha sahib sənətkarın ilk baxışdan göz oxşayan hər bir kompozisiyasının arxasında tamam başqa bir dünya, sirli bir aləm, böyük bir mübarizə dayanmaqdadır.

Sənətkar Eldar Babazadənin atası Azərbaycanın tanınmış heykəltəraşı Marif Babayev, anası isə keramika ustası Əzizə Əliyeva olmuşdur. Əbəs yerə deyilmir ki; “Uşağın ilk müəllimi anası, ilk məktəbi isə ailəsidir.” Eldar Babazadəyə də yəqin ki, bu uzun sənət yolunda ilham pərisi olan anası və anasının əvəzolunmaz keramika nümunələri olmuşdur. Bu bədii təsir təkcə Eldar Babazadənin deyil, bacısı Kəmalə Babayevanın da üzərində öz gücünü itirməmişdir. Lakin gənc Eldar Babazadə püxtələşdikcə, axtardığı mənanı, obrazı rəngkarlıqda taparaq, öz bədii ifadə vasitələrinə bir növ güc aşılamışdır.  Tələbə ikən ona dərs deyən müəllimləri arasında ustad sənətkarlarımız Qəyyur Yunus , Ağəli İbrahimov və başqaları olmuşdur.

Özünü təkrarlamağı sevməyən rəssamın yaradıcılığında rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət, medalyer sənəti və heykəltəraşlıq da xüsusi yerə sahibdir. Eldar Babazadənin yaradıcılığında ilk gözə çarpan, sanki günəşlə bərabər bərq vuran al-əlvan rənglərdir. İstedadlı boyakarın kolorit həlli bizə vitraj sənətini də xatırladır. Təsadüfi deyil ki, onun yaradıcılıq faəliyyətləri arasında vitraj texnikasının da xüsusi yeri vardır. Zəriflik, səliqə və dəqiqlik tələb edən vitraj sənətinin imitasiyasını, rəssamın bədii-fəlsəfi səciyyəyə malik kətanlarında görmək çox maraqlıdır. Bu kombinasiya şərq və qərbin ahəngini özündə ehtiva edir. Milli və ənənəvi kolorit həlli birmənalı olaraq modern forma və cizgilərə çox yaraşır.  Eldar Babazadənin əsərlərində “intibahın”, bizim miniatür sənətimizin,  “Venesiya modernizminin” və “orientallığın” kövrək ruhu yaşamaqdadır.  

Müəllifin üslubu, bədii tərzi haqqında  bəhs etdiyimiz bütün xüsusiyyətləri özündə daşıyan əsərlər arasında; “Pişik qadın”, “Taleyin oyunu”, “Şəhərin açarı”, “Axşam mahnısı”, “Baxış” kimi maraqlı kompozisiya və kolorit həllinə malik tablolar vardır.    

Rəngkar Eldar Babazadənin fəhmi, müşahidə bacarığı və təxəyyül gücü, onun kompozisiyalarının duyğusal qatını və bədii gücünü müəyyən edən əsas nüanslardır.

Təxəyyül təkcə bədii yaradıcılığın mərkəzində deyil, bəşəriyyətin varlığının təməlində də dayanır. Bu təxəyyül, görmə qabiliyyətimizlə məhdudlaşan bir dünyanın arxasında gizlənmiş nəhəng, sirli bir kainata bənzəyir. Məhz bədii yol ilə öz təxəyyülünün vizual görüntülərini bizimlə bölüşən rəssam Eldar Babazadə beləliklə, öz “yaradan” ruhuna  işıq salır.

Mahir fırça ustası özünəməxsus obrazlarına tarixdən, mifologiyadan, yuxularından və nağıllardan istinad edir.  O, sənət əsərinin məzmununu zənginləşdirmək üçün tez-tez simvolizmdən istifadə edir;  gözəl və incə ornamentlər onun mürəkkəb və ifadəli rəsmlərinə zəriflik və parlaqlıq aşılayır.  Mürəkkəb fakturalar, müxtəlif çalarlar fırça ustasının kompozisiya düzümündə texniki incəliyi, eləcə də mükəmməl təxəyyülü nümayiş etdirir.  Rəssamın sehr dolu dünyasına səyahət edən hər bir tamaşaçı, onun lirizm ilə xəyallarının sərhəddinə qərq olaraq, sanki qeybə çəkilir.  

Sənətkarın kompozisiyaları zamanın izlərini daşıyaraq, bəşəriyyətin ən dərin duyğu və istəklərini pıçıldayan obrazlarla tamamlanmışdır. Bu obrazların hər birinin üz ifadəsi liminaldır. Onların hər biri  şüurlu və şüursuz vəziyyətin arasında qalmışdır. Sənətkarın fiqurları varlığı təmsil edən, dünyanın simvolu olduğu kimi, ana təbiətin də dolğun təcəssümüdür. Rəssamın tez-tez müraciət etdiyi qadın obrazları real insanlara bənzəməkdənsə, daha sirli, qeyri-real və simvolik təqdim olunurlar. Onların baxışlarında mistik bir “məna” kölgələnməkdədir…

Həmin məna isə izləyiciləri çaş-baş qoyub, onları ovsunlaya bilir. Bu məqamda xatırlayırıq ki, yağlı boya ilə işləməyin arxasında həqiqətən də bir sirr, mübhəm bir elm dayanmaqdadır. Usta sənətkar Eldar Babazadə də bu elmə güzgü tutmağı  bacarır.

Rəssamın şıltaq, kövrək, müəmmalı, bəzən də ehtiraslı qadın obrazlarının ön planda vurğulandığı əsərlər arasında; “Nar məhsulu”, “Musiqi aşiqi”, “Rəqs” kimi tabloların adlarını sadalaya bilərik.

Eldar Babazadəni təqdirəlayiq müşahidə bacarığı sənətdən başı çıxan hər bir kəsə ilk baxışdan artıq çox vədlər verir. Məhz biz rəssamın bu bacarığından ustalıqla istifadəsini natürmort janrında işlədiyi əsərlərində görürük.  Zatən keramika ilə gənc yaşlarından etibarən məşğul olan rəssam üçün cansız əşyalar, cisimlər yad deyillər…

Eldar Babazadənin natürmortlarında hər bir predmet dil açır, danışmağa başlayır. Xüsusilə də, alleqorik səciyyəyə bürünür. Kuzə dönür nərmə-nazik bir xanıma çevrilir. Çıraq çevrilir alışıb, yanan aşiq olur. Tez-tez rastımıza çıxan açar isə sirri təmsil edir.

Onun kompozisiyaları yuxu və reallıq, həqiqət və xəyal, doğum və ölüm arasında bir məqamın əbədi təsviridir. Dünyəvilikdən sıyrılmış, metaforik təsəvvür ilə zənginləşdirilmiş kompozisiyalarının baş rolunda tez-tez gördüyümüz qadın obrazları və onların zərif tərzdə təqdimatı rəssamın üslubunda romantik simvolizmi də duymağımıza yardımcı olur. Çünki sənətkarın yaradıcılığı sırf sürrealizmə aid deyil, daha çox minimalist vasitələrlə ifadə olunan simvolizmin də ən mübhəm tərəflərini özündə ehtiva edir. Rəssam Eldar Babazadə də qənirsiz duyğuların içərisindən romantikanı seçərək, onun çulğaşıq selinə qapılır. Məhz bu mövzunu dolğun bir şəkildə ifadə etdiyi kompozisiyalardan biri “Aşiqlər” isimli tablodur. Burada rəssam şərq ilə qərb arasında qalan, qovuşa bilməyən nakam aşiqlər Əli və Ninonun obrazlarını bütün ziddiyyət və təfərrüatları ilə birgə kətana köçürmüşdür. Azərbaycanlı gənc oğlan Əli obrazı milli geyimdə, etnik cizgilər ilə miniatürsayağı təsvir olunmuşdur. Gürcü qızı Nino isə daha sərbəst, modern və fərqli bir görünüşdə təqdim olunub. Onların ayaqlarının altına isə narlar tökülmüşdür. Nar bir çox mənanı özündə simvolizə edir. Lakin burada iki aşiqin arasında bu meyvə sanki yasaqları simvolizə edir. Nar həmçinin atəşin, alovun da rəmzi hesab olunur. Usta rəssam da sanki bu kompozisiyada izləyicilərə “aşiqin eşq uğrunda atəş ilə imtahanının” məşəqqətini çatdırmağı hədəfləmişdir. Eldar Babazadənin romantik ab-havaya malik əsərləri arasında  “Albalı” və “Saf öpüş” isimli kompozisiyaları da vardır. Bu kompozisiyalar həm bədii ifadə tərzi, həm kolorit həlli, həm də harmonik estetikaları ilə seçilirlər.

Rəssamın kompozisiyalarını zənginləşdirən elementlərdən biri də memarlıq nümunələri, memarlıq kompleksləri və şəhərciklərdir. Bu şəhərlər, tikililər sanki yeni bir dünyanın kiçik modelləridir. Beləki, bu dünyalar hər bir bəşər evladının daxilində öz mövcudluğunu qoruyub saxlaya bilir.  İçərişəhər, Qız qalası, Bakının qədim tarixini təmsil edən sadə, günbəzli tikililər, minarəli məscidlər bu təsvirlər arasında gördüyümüz əksər motivlərdir. Burada rəssamın müasirliyə olan müsbət baxışını göstərən, bugünki Bakının simvolu hesab edilən “Alov qüllələri” də tez-tez rastımıza çıxan motivlər arasındadır. Belə əsərlər arasında “Günbəzli tikili”, “İçərişəhərdə küçə”, “İçərişəhərin ruhu” kimi maraqlı kompozisiyaların adlarını çəkə bilərik.  Biz memarlıq nümunələrindən dekorativ məqsədlə istifadə edilən bir başqa şərq sənəti də tanıyırıq. Bu sənət miniatüra sənətidir. Rəssam E.Babazadənin bu sənəti mənimsəyərək, ona innovativ yanaşma tətbiq etməsi təsviri sənətin inkişafı üçün olduqca qiymətli addımdır. Çünki ənənəvilik bizim milli rəngkarlıq sahəmizin rəhnidir.  

Sinesteziya, metafora və hər cür subyektiv obrazlarla müəyyənləşdirilən bədii dilə müraciət edən rəssam Eldar Babazadə müraciət edə biləcəyi hər bir motivi mənimsəyərək, ona ülvi varlığı təlqin edir. Animalistik fiqurlar da məhz rəssamın dərin kompozisiyalarını zənginləşdirən bir başqa maraqlı bədii ifadə vasitəsidir. Bu fiqurlar arasında ən çox qarşımıza çıxanlar öküz, pişik, at, dəvə, müxtəlif ölçülü quş, balıq və s. motivlərdir. Düşünürəm ki, rəssamın kompozisiyalarındakı bu heyvan fiqurları mərkəzi obrazların gizli xüsusiyyətlərini özündə ehtiva edir. Məsələn quş fiquru ruhu təmsil edir, buğa isə daha çox mühafizəkarlığı, gücü özündə simvolizə edir. Bütün bu heyvan obrazları həqiqətən də, göründüklərindən daha çox məna ifadə edirlər. Onlar bir növ kompozisiyada ipucu rolunu oynayırlar. Rəssamın “At yuxusu”, “Müdriklik quşu”, “Buğanın dünyası”, “Vağ quşu” , “Qız və quş” kimi əsərlər məhz bu qəbildəndir.

Kompozisiyaların arxa fonlarını mənzərə səhnələri ilə tarazlayan rəssam Eldar Babazadə bunun köməyi ilə, bir növ rəsm əsərlərini hər baxımdam tamamlamış olur. Bu mənzərələrə daha çox Bakı, Bakının qədim küçələri, çimərliyi, “dənizlərin şəhzadəsi” Xəzər daxildir.

Peşəkar rəssamın milliliyə, ənənəviliyə duyduğu marağı bariz bir şəkildə təmsil edən “Təndir çörəyinin qoxusu”, “Lavaş çörəyi” kimi sənət nümunələri onun yaradıcılığının ən səmimi təsvirləri arasındadır. Məişət həyatını təmsil edən bu maraqlı kompozisiyalar rəssamın istedadının kuliminasiyaya çatışının bariz nümunəsidir.

İncəsənəti həm həyatının, həm də ruhunun “mərkəzində”yerləşdirən rəssam Eldar Babazadə öz istedadı və bədii düşüncələri ilə individual üslubunu tənzimləyərək, bədii istehsal ilə məşğul olan qiymətli sənətkarlarımızdan biridir. Çünki sənətkarlar həm öz zamanının, həm keçmişin, həm də gələcəyin ruhunu əsərləri ilə yaşadan xilaskar vəzifəsini icra etməkdədirlər. Sənətkarlar təkcə kütləvi mədəniyyətə xitab edən dövri əsərlərin ərsəyə gəlməsinə cavabdeh deyildir, onlar həm də danışığı, reaksiyaları, təvəzökarlıqları ilə cəmiyyətin gələcəyinə, yoluna  işıq salan şəxslərdir. Eldar Babazadə həm Azərbaycan incəsənətinin bugünü üçün, həm də sabahı üçün qiymətli bir “xəzinədir”.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi