Təsviri sənətdə uşaq obrazları

12.07.2023 /
Təsviri sənətdə uşaq obrazları

 

    Sevincimiz, xoşbəxliyimiz, cəmiyyətimizin gələcəyidir uşaqlar... Onlar məsumiyyət, saflıq, təmizlik rəmzidirlər. Uşaq mövzusunun hər bir millətin mədəniyyətinin ayrılmaz hissəsi olduğu danılmazdır. Bu baxımdan təsviri sənətdə geniş yer ayrılmış mövzu ətrafında  maraq doğuran faktlardan söhbət açmaq yerinə düşər. 

    Uşaqların bənzərsiz aləmi sənətkarların daim diqqət mərkəzində olmuş, rəssamlar bu saf varlıqlara fərqli aspektlərdən yanaşmışlar. Bəziləri uşaqlıq xatirələrini kətana köçürür, digərləri oğul və qızları, nəvələri ya da sadəcə təxəyyüllərində canlanan körpələri müxtəlif süjetlərin baş qəhrəmanına çevirirlər. Uşaqlar, bu yaradıcı insanlara əbədi gözəllik və ilham mənbəyi kimi xidmət edirdilər. Bu əsərlərin ən vacib tərəfi odur ki, izləyicini həyatın ən qayğısız, ən  gözəl çağlarına qaytarır, düşündürür, bəzən, hətta nostaji hisslər oyadaraq, ötən uşaqlıq illəri üçün darıxdırır.

    Tarixə nəzər salsaq, deyə bilərik ki, qərbdə orta əsrlərin uşaq obrazları kilsələrin sifarişi əsasında yaradılırdı. Bu təsvirlər yalnız Müqəddəs İsanın və Bibliya süjetlərindən götürülmüş uşaq rəsmləri ilə məhdudlaşdırılmışdı. Həmin uşaq obrazları dövrün qanunlarına uyğun olaraq öz cizgilərini itirmişdi yəni, Tanrı oğlu artıq doğularkən ideal bədənə sahib və kiçik uşaq deyil, “kiçik adam” kimi təqdim olunurdu. Beləliklə, bu obrazlar uşaq gözəlliyini simvolizə etmirdi, sadəcə dinə xidmət edən təsvirlər sayılırdı.

    Lakin İntibah dövrünə aid təsvirləri xatırlasaq, görərik ki, süjet xətti dini xarakter daşısa da, Orta əsrlərin qaba simalı uşaq təsvirlərindən fərqli olaraq, bu dövrdə cizgiləri yumuşaldılan uşaqların simasına mülayim görkəmin verilməsi müşahidə olunur. Bəzən İsanın təsvirlərində müqəddəsliyini nümayiş etdirmək üçün başı üzərində nur saçan - nimb təsvir olunurdu. Bu xüsusiyyətləri İntibahın dahi rəssamı Leonardo da Vinçinin Məryəm ananın qucağında İsa Məsihin obrazı təsvir olunmuş “Madonna Benua”, “Madonna Litta” əsərlərində izləyə bilirik.

    Yüksək İntibahın nümayəndəsi İtalyan rəngkar Veçellio Tisian yaratdığı obrazların dəqiq xarakterini verə bilməkdə çox mahir idi. Ona portret işləməsi üçün müxtəlif zümrələrdən sifarişlər olunurdu. Belələrindən biri, uşaq portreti “Qız it ilə” əsəridir.  Həyat dolu uşağın simasında saflıq və gözəlliklə bərabər, təmkin, sevinc, çöhrəsində hislərinin parlaqlığı aydın sezilir. Ümumiyyətlə, bu detallar Tisianın portretlərinin böyük əksəriyyətinə xasdır və rəssamın möhürünə çevrilmişdir. Təbiət qoynunda qucağında iti ilə oturmuş qız varlı ailənin övladıdır. Rəssam uşaq cizgilərini dəqiqliklə vermiş, onun gözəlliyinə elə səmimiyyət ilə yanaşmışdır ki, nəticədə obrazın həqiqi məsumiyyətini tamaşaçı üçün də ortaya çıxara bilmişdir. Görkəmli sənətkar təbiət mənzərəsi ilə müqayisədə balaca qızın zahirini daha qabarıq və işıqlı təqdim etməyə üstünlük vermişdir. Bu yolla rəssam uşaqlara olan sevgisini, onların təbiətinə bələd olmasını tamaşaçıya da aydınlaşdırmış olur.

    Bu dövrə aid uşaq portretləri adətən tanınmış ailələrin, kral nəslindən olanların və ya rəssamların öz yaxınlarının portretlərindən ibarət idi. Həmin sənət nümunələri həmçinin, ayrı-ayrı dövrlərin dəbini, geyim mədəniyyətini öyrənmək baxımından da nadir incilərdən hesab olunurlar.

    XVII əsrdə İspaniyada saray portret rəngkarlığının inkişafı Dieqo Velaskesin  yaradıcılığı ilə bağlıdır. Onun bədii irsində uşaq obrazları üstünlük təşkil edir. Belə ki, ömrünü sarayda keçirən rəssam kralın övladlarının necə boya-başa çatdıqlarına şahid olmuş, onların portretlərini kətana köçürmüşdür.

    Təntənəli rəsmi portret ənənəsinə uyğun olaraq rəngkar, uşaq obrazlarını soyuq və təmkinli, öz əsilzadəliyini dərk etmiş, sarayın ciddi etik davranış qanunlarına uyğun tərbiyə edilmiş şəxsiyyət kimi təsvir etməli idi. Velaskes də, “İnfanta Marqarita”nın obrazını kral etiketinin ciddi qaydalarına riayət etməyə öyrəşmiş əsl xanım kimi təsvir etmişdir. Lakin ümumi abu-hava nə qədər sərt olsa da, rəssam kiçik modelin çiyninə tökülmüş qızılı dalğalı saçları,  yumuşaq üz cizgiləri ilə ciddi görünüşə bu yolla hərarət və incəlik qatmış, təzad yaratmağı bacarmışdır.

    Kral IV Flippin ailəsinin təsvir olunduğu “Meninlər” əsərində baş qəhərman,  kralın beş yaşlı qızı, sarışın gözəl Marqarita Terezadır. Velaskes bu balaca qızcığazın simasında parlaq gələcək, zənginlik və ailə xoşbəxtliyi atmosferi yaratmışdır. Marqarita Terezanı görkəmli ailələrdən çıxmış subay qızlar - meninlər müşaiyət edirlər. Məğrur duruşlu kral qızı ona uzadılan küpəyə baxmadan tərbiyəsini, özünü idarə etməsini və yaşına xas olmayan böyüklüyünü dərk etdiyini nümayiş etdirir. Lakin bununla belə fırça ustası qayğı ilə böyüdülmüş bu balacanın baxışlarında onun məsumluğunu da göstərməyi unutmamışdır. Maraqlı məqam onunla bağlıdır ki, bu əsərdə kral ailəsinin üzvləri ilə bərabər rəssam öz portretini də çəkmişdir. Sənətşünaslar müəyyən etmişdirlər ki, bu ecazkar çoxfiqurlu kompozisiyaya malik əsəri Velaskes, güzgüdən baxaraq çəkmişdir. Bu səpkili əsərlər hakim zümrənin nümayəndələrinin simalarına bələd ola bilmək baxımından böyük tarixi əhəmiyyət daşıyır.

    Ümumilikdə, XVII əsr ispan portret üslubunu, xüsusən də uşaq portretini təsvir edərkən, modelin ideallaşdırılmasının yoxluğunu, detalların təsvirində xırdaçılığa yol verildiyinə elə  Velaskesin “Meninlər” əsərində də görə bilərik.

    XVIII əsrin tanınmış ingilis rəssamı Tomas Qeynsboro da uşaq portretləri ilə məşhurdur. “Mavi geyimli oğlan” əsərində rəssam tacir tanışının oğlu Conatan Battlın portretini yaradıb. Görkəmli rəssam əsərdə uşaq obrazı ilə təbiəti eyni anda təsvir edərək, mənzərə janrı ilə portret janrını bir araya gətirmiş olur. Oğlan uşağının özünəinamı iti baxışlarından, sərbəst duruşundan sezilir. Arxada görünən əsrarəngiz təbiət sanki bu oğlanın mərğurluğu qarşısında kiçilmişdir. Görünür, rəssam bu üsuldan  balaca oğlanın obrazını qabartmaqdan ötrü istifadə edib. Yəni burada təbiət mənzərəsi arxa planda, sadə fon rolunu oynamaqdan başqa bir əhəmiyyət daşımır. Qeynsboro uşağa xas xarakteri, onun daxili aləmini üzə çıxarmaq üçün təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Sakit dayanmış mavi geyimli oğlanın emosiyalarını duya bilmək üçün rəssam müxtəlif hərəkət maneralarından yararlanmaqla məqsədinə nail ola bilmişdir.

    Rus rəngkarlığında K.P.Bryullov, V.A.Serov, V.Q.Perov, V.A.Tropinin, F.P.Reşetnikov, İ.Kramskoy kimi rəssamların əsərlərində orijinal  uşaq obrazları xüsusi həssaslıqla təsvir olunmuşdur.

    Vasili Tropininin  (1776-1857) əsərləri arasında uşaqları əks etdirən çoxlu rəsmlər görmək olar. Onlardan rəssamın 1818-ci ildə, oğlu Arsenin doqquz yaşı olanda çəkdiyi portreti xüsusi yer tutur. Öz sənətkarlıq gücünü göstərmək qabiliyyətinə malik rəssam, portretin yaradılmasına qeyri-adi yaradıcı düşüncələrini, öz qəlbini tamamilə həsr etmişdir. Həqiqətən, əsərdə harmoniya və qeyri-adi hərarət, ata nəvazişi və oğlunun daxili dünyasını çatdırmaq istəyi duyulur. Bütün detalları böyük sevgi ilə işləyən ustad, bir gəncin mənəviyyatını, inamını göstərməyi bacarmışdır. Arseninin üzü otağa işıq saçan günəş şüaları ilə işıqlandırılır, saçının qıvrımları bir az dağınıq, baxışları düşüncəli və ciddidir. İfadəli gözlər naməlum istiqamətə yönəlib, görünür, sevimli məşğuliyyətindən yayınıb atasına onun portretini yaratmaqda kömək edərək, tərpənmir. Qrafın sarayında işlədiyi zaman yaradıcılıq azadlığı arzusunda olan rəssam, oğlunun gələcək həyatını da düşünürdü. Ola bilsin ki, həmin an o, Arseni çəkərək öz  şəxsi mənəvi dünyasını açıqlamışdı.

    Rus rəssamı Valentin Serovun “Qız şaftalı ilə” və yaxud “V.M.-nin portreti” adlı əsərində cazibədar yeniyetmənin obrazı çoxlarına uşaqlıqdan tanışdır. Çünki bir vaxtlar təsviri sənət dərslərində rəsm əsərinin yaranma tarixindən danışılırdı. Model o vaxt Moskva yaxınlığındakı Abramtsovoda rəssamı ziyarət edən xeyriyyəçi Savva Mamontovun qızı idi. Uzun müddət masa arxasında əyləşən bu gəncin qalxıb uşaqlar ilə oynamağa qaçmaq istəyini onun səbrini itirmiş baxışlarında asanlıqla duymaq olur. Lakin Serov boyaların köməyi ilə kiçik modelinə xas olan optimist həyatsevərliyi çatdırmağı bacardı. Sənət tarixində Veroçka Mamontovanın portretinin qayğısız xoşbəxt gəncliyi simvolizə etdiyi qəbul edilir. İllər keçsə də əsər öz təravəti, hərarəti və sevinci ilə tamaşaçını heyran etməkdədir.

    Evqraf Sorokinin  “İspan qız” əsərində təxminən on yaşlı dilənçi qız obrazı yaradılmışdır. İsti tonların hökm sürdüyü tablonun arxa planında ağ daşdan tikilmiş zəngin İspan memarlığını görürük. İnsanların heç nəyə ehtiyacı olmadığı bir rayonun ön planında başqa bir dünya qarşımıza çıxır. Bu, səliqəli geyimli  aclıq keçirən, utancaq dilənçi qızın dünyasıdır. Başqasının paltarını geyinən uşaq, ona böyük olan köynəyin əynindən düşməməsi üçün əli ilə yaxasından yapışıb. Bu ürəkağrıdıcı səhnənin əsas məzmunu varlı və kasıb təbəqələrin müqayisəsinə yönəlib və bu vəziyyətdən əziyyət çəkən uşaqların çətinliyini üzə çıxarmaq məqsədi daşıyır. Qızın gözlərinə baxsanız, o iri qəhvəyi gözlərdə əsl ağrı və iztirab görə bilərsiniz. Çiyinlərinə düşən bütün çətinliklərə cəsarətlə dözür və yaxşı bilir ki, pul dilənə bilməsə yeməyə heç nə tapmayacaq.  Qapıdan zərif bir əl ona sədəqə uzadır. Rəssam əlini dərin utanc hissi ilə uzadan bu balacanın daxili sarsıntısını onun narahat simasında əks etdirmişdir. Sorokin dünyanı yenicə qavrayan belə azyaşlıların acınacaqlı halını göstərməklə sanki bütün dünyaya qlobal problemi car çəkmək istəmişdir.

    XIX əsrdə rus təsviri sənətində portretləri ilə məşhur olar İqor Kramskoyun yaradıcılığı uşaq obrazlarından da yan ötmür. O, uşaq portretlərini realistik ənənələrinin təsiri altında çəkmişdir. Öz oğlu Sergey Kramskoyun portretində  rəssamın uşaq obrazlarına yanaşmasının ümumiləşdirilmiş cizgilərini izləmək olar. Rəssam məsum simalı bu sarışın oğlanın yüngülcə təbəssümünü həqiqətə uyğun yaradaraq yüksək sənətkarlıq nümayiş etdirmişdir.

    Çoxlarına məlum olan “Yenə iki” rəsm əsəri rus rəssamı Fyodr Reşetnikov tərəfindən çəkilmişdir. Əsərin maraqlı tarixcəsi var. Təsviri yaratmamışdan öncə məktəbdə uğur qazanan uşaq obrazı yaratmaq istəyən rəssam ilk öncə dərslərdə oturur. Rəssama müşahidələrindən aydın olur ki, düzgün cavablar verib, yüksək qiymət alanlar təbii qarşılanır, əksinə səhv cavabları ilə uğursuzluğa düçar olanların isə utancları, yoldaşlarının empatiyası, müəllimlərinin qınağı daha ifadəlidir və marağa səbəb olur. Əsər üzərində işləmək üçün rəssam baş qəhrəmanı qonşusunun oğlunu  seçir. Reşetnikov əvvəlcə məktəbdə olan prosesi kətana köçürsə də, sonradan iki alan şagirdin sinif yoldaşlarını və müəllimini onun ailə üzvləri, doğmaları ilə əvəz edir.

    Tam sükutun hökm sürdüyü otaqda, məyus və hiddətli baxışlar dərslərindən yenə də iki alan oğlana tuşlanıb. O, isə utancından qızarmış, kədərli baxışlarını yerə dikərək, daxilən düşüncələrə dalmışdır. Reşetnikov bu tabloda divardan asılmış, özünün pozitiv süjetli “Məzuniyyətə gəldi” əsərini də daxil etməklə tablo içində tablo yaratmış olur. Tamaşaçıları ailənin kədər və sevincinin iştirakçısına çevirə bilən rəssam, tablolarında real həyat səhnələrini canlandırmaqla yanaşı, uşaqların xarakterlərini, arzularını, kədərini, ümidlərini, həyata münasibətini də çox gözəl çatdırır.

    XX əsrin əvvəllərində Fransada İmpressionizm adlanan cərəyan meydana gəldi. Bu üslubda fəaliyyət göstərən rəssamlar real dünyanın ən təbii, canlı şəkildə,  hərəkətliliyini, ani və keçici təəssüratlarını çatdırmağa çalışırdılar. Tanınmış rəssam Oqüst Renuar da bu cərəyanın parlaq nümayəndələridən biri olmuşdur. Rəssam gözəl qadınlar, çiçəklər və uşaq portretləri çəkməyi çox sevirdi. Bir çox impressionistlərdən fərqli olaraq insanın individuallığını ön plana çəkir, onları təbiət ilə vəhdətdə, başqaları ilə ünsiyyətdə və digər təsadüfi həyati vəziyyətlərdə təsvir etməyə üstünlük verirdi. Həyatın bir anını göstərməyə cəhd edən rəssamlar bu amilə nail olmaqdan ötrü kompozisiya həlli,  rənglərin ahəngində elə balansa nail olurlar ki, bu vəhdət əsərin təəssürat gücünü də əhəmiyyətli dərəcədə artırır. 1880-ci ildə Renuara bankir Kaen d'Anversin qızı İren Kaen d'Anversin portretini çəkmək sifariş olunur. Arxa fonun sıx yaşıllığı sanki bu gənc qızın üzünün zərifliyini və çiyinləri üzərində səpələnmiş tünd qırmızı saçlarını vurğulamağa xidmət edir. İrenin üzünün və gözlərinin ifadəsi bizə qızın daxili narahatlığını, hətta Renuarın yaradıcılığında çox nadir hallarda rast gəlinən kədər hissini çatdırır. Rəssamı həyəcanlandıran əhvalın təsiri ilə və qızın daxili qayğılarını anlayan sənətkar hamar və sakit ritmlər üzərində qurulmuş bir portret yaratdı. İrenin iri yaşıl gözlərindəki düşüncəli baxışları və sakit üz ifadəsi ilə xüsusilə diqqəti cəlb edir. Rənglərin gözəl harmoniyası, kompozisiyanın aydın qurulması, obrazın psixoloji məzmunu bu portreti Renuarın zəngin yaradıcılıq irsindən fərqləndirir.

    Renuarın yardıcılığında yer alan digər uşaq obrazlarına nəzər yetirdikdə, görürük ki, o öz ənənəsini pozmur, uşaqları olduğu kimi sevimli, zərif və qayğılı təsvir edir. “Qamçılı uşaq” əsərində Fransa senatının kiçik oğlu Eten Qujonun portreti təsvir olunub. Bu əsərin yeganə fiquru balaca oğlan olsa da, süjet həqiqətən də maraqlıdır. Görəsən  qamçının bu balacanın o əlində nə işi var deyə sual yaranır?!... Digər maraqlı tərəf uzun saç oğlanı balaca qız ilə səhv salmaq olar. Uşağın qəribə duruşu isə insanda təbəssüm yaradır. Rəssam tamaşaçını onun saf daxili aləmi ilə əlaqələndirməyin öhdəsindən də yüksək sənətkarlıqla gəlmişdir. O.Renuarın əsərlərində rənglərin ritmik həllində mavi rəngin üstünlüyü müşahidə edilir. Bu əsər təsadüfən rus kolleksioneri tərəfindən alınır, hazırda Dövlət Ermitaj Muzeyinin kolleksiyasındadır.

     Dövlət Ermitaj Muzeyinin kolleksiyasından olan başqa bir uşaq mövzusunda çəkilmiş əsər, fransız post-impressionist rəssam Pol Qoqenin Taiti səfərinə aid olan “İki bacı” tablosudur. Rəsmdə iki qız təsvir edilmişdir: ən böyüyü, təxminən on yaşında, çəhrayı geyimli, sol əlini qırmızı geyimli beş-altı yaşlı kiçik bacısının çiyninə qoyub. Rəssamların ezamiyyəti adətən məhsuldar keçir, getdikləri ölkələrdə maraqlarına səbəb olanı cızma-qara edib ölkəyə qayıtdıqdan sonra bu əsərləri kətana köçürürlər. Pol Qoqen Taitidən olan bu balaca  sadə qızların simalarını fırçası ilə əbədiləşdirmiş və onların portreti uşaq mövzusunda çəkilmiş dünya şöhrətli əsərə çevirilmişdir. Əsər müxtəlif ölkərdə bir neçə dəfə auksionlarda satılmış və yalnız 1945-cı ildə Holsdorfun sovet ordusu tərəfindən işğalından sonra Almaniyadan Dövlət Ermitaj Muzeyinə göndərilmişdir.

     Pol Sezannın 1889-cu ildə ərsəyə gətirdiyi  “Qırmızı jiletli oğlan” portreti rəssamın yaradıcılığının yetkin dövrünün nümunəsidir. Sezann bu qırmızı jiletli italyan uşağın dörd portretini müxtəlif pozalarda çəkərək, personajla onun ətrafındakı məkan arasındakı əlaqəni araşdırıb. Portretlərdən ən məşhuru, həzin pozada başını ovucuna söykəmiş, stol arxasında oturan bir oğlanı təsvir edir. Əsər təntənəli şux rənglərə boyanmışdır. Pol Sezann rəngkarlığın həcm və ölçü, diaqonalların öyrənilməsi probleminə yönəlmiş əsərdə sadəcə ölçüləri nəzərə almamışdır, düşüncələrə dalmış oğlanın lirik obrazını, onun uşaq dünyasına məxsus arzuları “yol çəkən” gözlərinə həkk etmişdir.

    Kubizm cərəyanının banisi, yaradıcılığı bir neçə mərhələdən keçən ispan və fransız əsilli rəssam Pablo Pikasso uşaq təsvirləri ilə də yadda qalmışdır. Bacısının uşaq yaşlarında vəfatı, dostunun da qəfil ölümü onu çox təsirləndirir. Pikasso yaradıcılığıda soyuq çalarlara, qəmli mövzulara keçid edir. Buna görə də sənətkarın bu ərəfəni əhatə edən  yaradıcılığı mavi dövr adlanır. Ən erkən rəsmlərindən sayılan “Göyərçin ilə uşaq” əsəri də onun yaradıclığının mavi mərhələsinə aiddir. Rəssam kobud enli ştrixlərlər ilə rənglədiyi bu əsərdə impressionistlərin parlaq rəng palitrasından imtina etmişdir. Göyərçini böyük məhəbbətlə sinəsinə sıxan, bu balaca qızcığaz məsum baxışları ilə  uşaq zərifliyinin simvolu kimi çıxış edir. Rəssam əyninə ağ don geyindirdiyi balaca qızı aciz göyərçinlə eyniləşdirir. “Göyərçinlə uşaq” əsərində onun qıza olan isti, səmimi hissləri görünür. Çox güman, bu naməlum qız uşağı rəssamın kiçik yaşlarında xəstəlikdən vəfat edən bacısı Konçitadır. Bacısı vəfat edən zaman rəssam böyük sarsıntı keçirmişdir, odur ki, əsərin yaranmasında rəssamın uşaqlıq xatirələri böyük rol oynamışdır.

    Pikassonun kədərli süjet əsasında yaradılmış əsərləri sırasında “İt ilə oğlan” əsərinin də adını çəkə bilərik. Uşaq melanxoliyası və kədərə bürünmüş lirik dünyası rəssamı daima narahat etmişdir. Pikassonun çəhrayı dövründən fərqli olaraq, mavi mərhələdə kədər tragik xarakterini itirmiş və isti lirik tonlar ilə əvəzlənmişdir. Yoxsulluqdan, bəzən də aclığın sıxıntılarından yüklənən uşaqlar həyatın acı tərəfini çox erkən dadmış olurlar. Küçənin ortasında dayanan, hara gedəcəyini bilməyən bu ac, kimsəsiz uşaq və itin yanaşı təsviri ilə o, bəşəriyyətə bütün çətinliklərin arasından sıyırıb çıxara bildiyi mənəvi sevgi, yaxınlıq və yoldaşlıq məqamlarını çatdırır.

    Tabloda artıq sentimentallığa yol verilmədən, kasıb bir uşağın insani keyfiyyətləri göstərilir. Əsərin incə poeziyası - solğun, pis geyinmiş və zahirən ac uşaq obrazındadır. O, insani keyfiyyətlərini itirmədən, sadəcə olaraq, Allahın ona verdiyi ömrü yaşayır... “İt ilə oğlan” əsərində Pablo Pikasso bütün canlılara qarşı humanizmi ifadə edir.

    Müasir rus rəngkarlığında möcüzəvi, parlaq uşaq portretlərinin müəllifi Tatyana Artyomovadır. Bu əsərlər sıradan, adət etdiyimiz zahiri bənzərliyi, daxili aləmin də üzə çıxarılmasına xidmət edən portretlərə bənzəmir. Müasir dövrümüzdə kompüter texnikasında fotolardan yaradılan avatarları, eyni zamanda cizgi film obrazlarını xatırladan hiperrealist uşaq portretləri rəssamın üslubuna olan marağa səbəb olur. Onun uşaq obrazları o qədər gözəldirlər ki, bu balaca mələklər sanki işıq saçırlar. Çöhrələrindəki gülərüzlülük, mehribanlılığın insana bəxş etdiyi xoş təəssüratlarını sözlə ifadə etmək olmur. Onun “Şlyapalı qız”, “Qız portreti”, “Balaca qız” əsərlərində sadalanan xüsusiyyətlər öz əksini tapır.

    Qalina Strunina isə balacaların nağıl dünyalarını nümayiş etdirməkdə məharət göstərir. Onun realistik üslubda işlədiyi “Ana və bala” əsəri kompozisiya həlli baxımından klassik rus rəngkarlığını anımsadır. Şux rəngli, şən əhval-ruhiyyəli əsərdə uşağın pişik ilə oynama səhnəsi gözümüz önündə canlanır. Bu şıltaq qızcığaz pişiyi arabasına mindirib, özünü isə onun anası zənn edir. Körpələrin layiq olduğu əsl həyat, qayğısız, aclıq və səfalətin, müharibənin nə olduğunu bilmədiyi həyatdır. Qalina Struninanın tamaşçıya göstərmək istədiyi məhz budur...

     Çoxsaylı uşaq portretlərinin müəllifi  fransız rəssam Marina Duilin belə əsərlərində başqa bir səmimiyyət, saflıq və məsumiyyət özünü bütün çılpaqlığı ilə göstərir. Marinanın İlahinin yer üzünə bəxş etdiyi bu təmiz varlıqlara fərdi yanaşması diqqətəlayiqdir. Onun uşaq obrazları sanki cənnətdən çıxıb gələn mələklərdir. “Böyük ləqəb” adlı əkiz qardaşların təsvir olunduğu əsərdə sanki qanadları ilə vidalaşan balaca mələklər təsvir olunub. Bu obrazlar bizə İntibah, Barokko və Rokoko incəsənətində təsvirlərdə və heykəllərdə tez-tez rast gəldiyimiz qanadlı uşaq-Putti (Putto) adlanan mələk obrazlarını xatırladır. Marina Diul bu gün də uşaq mövzusu ətrafında yaradıclığını davam etdirir və orijinal obrazları ilə sənətsevərlərin qəlbini oxşayır.

     Çoxəsrlik tarixə malik Azərbaycan incəsənətində göz bəbəyimiz uşaqlara saysız-hesabsız əsərlər həsr olunmuşdur. Elə bir rəssam tapılmaz ki, bu pak varlıqları yaradıcılığında tərənnüm etməsin. Uşaq gözəlliyini təravətli bahara, sönməz günəşə bənzədən Bəhruz Kəngərli, Toğrul Nərimanbəyov, Tahir Salahov, Vidadi Nərimanbəyov, Vəcihə Səmədova, Güllü Mustafayeva, Sara Manafova, Arif Hüseynov, Bəyim Hacızadə, Rafiq Mehdiyev, Mikayıl Abdullayev, Mayis Ağabəyov  və s. kimi görkəmli rəssamlarımız bu mövzuya dönə-dönə müraciət etmişdirlər. Maraqlısı odur ki, sovet dövrünə xas  sosialist realizminin sərt rəng yaxmaları, qalın kontur xətlər, lokal rənglərdən geniş istifadə, uşaq obrazlarında mülayimliyin itməsinə səbəb olmuş, bu təsvirlərə dekorativ xarakter yüklənmişdir. Rəssamlarımız əsasən uşaqları iri gözlü, qalın qaşlı, incə dodaqlı təsvir edirdilər. Bəzən onlar Cırtdan, Tıq-tıq xanım  kimi nağıl qəhrəmanlarımızı xatırladırdı.

     Xalq rəssamı Tahir Salahovu sənətsevərlər  dünya təsviri sənətinin qızıl fonduna daxil olmuş tematik tabloların, psixoloji portretlərin, lirik mənzərə və natürmortların müəllifi kimi tanıyırlar. Bütün bu müsbət məziyyətlər Tahir Salahova əsl sənətkar şöhrəti bəxş etmiş, onu zəmanəmizin görkəmli rəssamlarından biri kimi tanıtmışdır. Tahir Salahovun yaradıcılığı çoxşaxəlidir. Yaradıcılığına həmçinin, uşaq portretləri də daxildir. Buna qızı Aydan Salahovanın portretini misal göstərə bilərik. “Aydanın portreti”ndə diqqətçəkən məqam ondan ibarətdir ki, əsər başdan-başa ağ rəngə boyanmışıdr. O, qızına olan ata sevgisinin ən parlaq tərəflərini əsərə də yansıtmışdır. Aydanın iri qara gözlərindəki qayğısız parıltı, uşaq sevincini böyük ustalıqla kətana köçürən sənətkar, əsərə canlılıq gətirən rəng çalarlarından qətiyyən yararlanmayaraq, əsasən ağ və tünd rənglərin kombinasiyasından istifadə etməklə kifayətlənmişdir. Bununla belə o, yalnız yaxşı bələd olduğu qızının xarakterini, onun daxili dünyasını ötürə bilmək üzərində çalışmış və daha çox Aydanın gözlərinə verdiyi ifadə ilə əsərin ifadəliliyini artırmışdır. Tahir Salahovun yaradıcılığı hər kəsə məlumdur, sərt üslubun yaradıcısı olsa da, o uşaq portretində bu üslubda yaratdığı əsərlərdən fərqli olaraq daha yumuşaq istiqamət seçir. Bəlkə də, elə bəyaz rəngin üstünlüyü rəssamın sərt cizgilər və qalın kontur xətlərdən imtina etməsinə səbəb olmuşdur.

     Azərbaycanın ilk qadın rəssamlarından biri olan Güllü Mustafayevanın incəsənətimizdə böyük xidmətləri var. Xalq rəssamının yaradıcılığında “Bizim uşaqlar” silsiləsi uşaq portretləri mövzusunda xüsusi silsilədir. O, uşaq dünyasının paklığını, sevincini, səmimiliyini onlara həsr etdiyi əsərlərində elə təbii, dolğun və mükəmməl yaradıb ki, saatlarla nəzərlərini bu portretlərdən ayıra bilmirsən. Portret janrının ustası uşaq portretlərini də eyni dəqiqliklə işləmiş və azyaşlıların üzlərindəki məsumluğu, gözlərindəki dərin xəyali düşüncələri tabloya həkk etməyi bacarmışdır.

     Vidadi Nərimanbəyovun yaratdığı uşaq obrazları da Azərbaycan təsviri incəsənətində diqqətəlayiq yer tutmuşdur. Rəssam həmin əsərlərdə körpələrin məsum hisslərini, düşüncələrini, yaşadıqları acı günləri, xatirələrindəki xoş günləri böyük ustalıqla təsvir etmiş, eləcə də tamaşaçıya ötürməyi bacarmışdır. Onun “Nigar”, “Oğlumun portreti”, “Xatirələr”, “Leyla və yolunu azmış göyərçin” tabloları belələrindəndir.

     V.Nərimanbəyovun diqqətəlayiq əsərlərindən olan “Xatirələr” tablosunda əsərin mərkəzi qəhrəmanları iki uşaq obrazıdır. Rəssam çoxsaylı silsilə əsərləri sırasında müharibənin dəhşətlərinin uşaqlara vurduğu zərbəni də işıqlandırmışdır. Tabloda kimsəsiz uşaqların üzlərindəki ifadə hər şeyi tamaşaçı üçün aydınlaşdırır. Onlar amansız müharibənin gətirdiyi acı günləri yaşamağa məhkum olmuşlar. Bu körpələr təkcə valideynlərini deyil, bütün yaxınlarını, eləcə də ev-eşiklərini itirib, qayğısız uşaqlıq çağlarından ayrı düşmüşlər. Didərgin düşmüş qız uşaqları ata-analarını itirsələr də, ev-eşiksiz qalsalar da xoş xatirələrin təsiri altında analı-atalı günlərini düşünərək heç də ümidsizliyə qapılmayıblar. Hətta bu xoş xatirələr pozulmasın deyə, qımıldamadan bir-birinə qısılıb oturublar. Rəssam zəngin kolorit vasitəsi ilə əsərin yüksək dramatizmini daha da qabartmağa nail olmuşdur. 

      “Leyla və yolunu azmış göyərçin” əsərində V. Nərimanbəyov qədim Bakının fonunda ağ geyimli balaca Leylanın dekorativ, ümumiləşdirilmiş qız obrazını təsvir etmişdir. “Xatirələr” əsərinin əksinə olaraq, burada süjet xoş əhval üzərində qurulmuşdur. İçərişəhərin dar məhəllələrində oynayarkən qızcığazın yolunu azmış balaca göyrəçinə kömək etməklə yaşadığı sevinc hissini rəssam böyük ustalıqla nümayiş etdirmişdir.

     Milli rəngkarlıq sənətimizin ən tanınmış nümayəndələrindən biri, öz fitri istedadı sayəsində mədəniyyətimizin inkişafına dəyərli töhfələr vermiş görkəmli rəssam Toğrul Nərimanbəyovun da yaradıcılığında yaddaqalan uşaq obrazları vardır. Azərbaycan incəsənətinin zəngin ənənələrindən qidalanan və bənzərsiz üslubu ilə səciyyələnən sənətkarın əsərləri Şərq əfsanə və nağıllarının motivləri əsasında yaradılıb. “Yatmış uşaq” əsəri də sənətkarın uşaq mövzusunda yaratdığı tematik tablolarındandır. Əsərin qəhrəmanı balaca qızcığazdır. O, nar ağacının altında şirin yuxuya dalmışdır. Bu əsər üçün də Torğul Nərimanbəyovun öz dəsti-xəttinə məxsus kompozisiyanı nar, xalça kimi milli ünsürlərlə zənginləşdirmək ənənəsi səciyyəvidir. Şux və əlvan rənglərin bir-birini tamamlaması rəssamın fırçasının gücündən xəbər verir. Yaradıcılıq palitrasının rəng əlvanlığı Toğrul Nərimanbəyova təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmək imkanı vermişdir. Xalqımızın milli ruhunu ehtiva edən obrazlar, adət-ənənələrimiz və doğma yurdumuzun təbiəti Nərimanbəyovun əsərlərində dolğun təcəssümünü taparaq milli və ümumbəşəri idealları özündə əks etdirmişdir.

     Toğrul Nərimanbəyovun “Aysel” aldı portretində sanki Azərbaycan nağıllarından balaca qız boylanır. Bu portretdə də sadaladığımız sovet dövrünə xas rəngkarlıq metodlarından istifadə etməklə rəssam uşaq cizgilərindən daha çox onun zərif aləmini təcəssüm etdirir.

     Günümüzdə uşaq mövzusunda çəkilmiş portretlərdə uşaq gözəlliyi, ülviliyini tərənnüm etməyə üstünlük verilir. Qərb mədəniyyətinə məxsus ali təbəqələrin uşaqlarını tərənnüm etmək, onların zənginiliyini, saray etik qanunlarına xas təkkəbbürlülüyü nümayiş etdirən portretlərdən fərqli olaraq, bu gün sosial mənşəyindən asılı olmadan, uşaqlar arasında fərq qoyulmadan çəkilən portretlərə daha çox rast gəlinir. Təbii ki, hər bir dövr öz qanunlarına tabedir. Keçmişin zənginliyini diqqətə çatdıran əsərləri də məhz bu qanunlar ilə bağlı idi. Zaman-zaman bir-birini əvəz edən dövrlərdə və ayrı-ayrı dövlətlərin mədəniyyətlərində uşaq mövzularına yanaşmalar da özünü fərqli tərəflərdən göstərirdi. Məsələn, Qərbi Avropa ilə Rus təsviri sənətini müqayisə etsək, klassik rus təsvirlərində uşaqlar şən, həyat dolu yaxud da müharibənin dəhşətlərindən sarsılmış göstərildiyi halda, avropada təmtəraqlı, zəngin sosial vəziyyəti göstərən statik duruşu ilə uşaqlara xas xüsusiyyətlərini itirmiş obrazları görə bilərik. Müasir dünyamızda isə bu təsvirlər uşaq gözəlliyini, dostluğunu, sevigisini, onların sevincini, kədərini nümayiş etdirən müxtəlif mövzulu tablolardır.

 

Dürdanə Qurbanova

Sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi