“Hiss və həyəcanın apofeozu; Leyla Altunayın sənət yolu…”

18.07.2023 /
“Hiss və həyəcanın apofeozu; Leyla Altunayın sənət yolu…”

 

 

Bəzən sənət ən yaxşı katarsisdir. Bəşəriyyət mövcud olduğu zamandan bəri sənət həmişə öz aktuallığını qoruyub, saxlaya bilmişdir. Çünki bəşəriyyət daima özünü sənətlə ifadə etməyə ehtiyac duyan bir anlayış olmuşdur. Ələlxüsus da, sənətkarlar üçün… Ümumiyyətlə, sənət sənətkarın özünü ifadə tərzidir. Bugünki dövrümüzdə sənətkar öz hisslərini, düşüncələrini mücərrəd bir yol ilə ifadə etmək, aydın bir şəkildə çatdırmaq istəyir.

İncəsənətdə sənətkar öz ülvi hədəfinə çatmaq üçün bədii yaradıcılıq fəaliyyəti üzrə yorulmadan çalışmalı, ona səbir, təxəyyül, qətiyyət, səmimiyyət və maraq göstərməlidir. Müasirlik sənətkarın varlığının ən mühüm, hətta əvəzedilməz prinsiplərindən biridir.  Məhz bu baxımdan yeniliyə və yenilənməyə önəm verən gənc, peşəkar sənətkar Leyla Altunayın yaradıcılıq fəaliyyəti fərqlənərək, sənətsevərlərin diqqətini cəlb edir, öz orijinallığı ilə hər zaman seçilir.

Ənənəvi bədii standartlardan imtina edərək, xəlqilik ruhunun təfsirinə və improvizasiyaya diqqət yetirən rəssam Leyla Altunayın yaradıcılığı xüsusilə də öz orijinallığı ilə xarakterizə olunur. Ənənəvi ünsürləri öz müasir şərhi və üslubu ilə birləşdirən rəssam elə ki , çox uzun, xəyali bir “yaradıcılıq”  yolu qət edir.

Leyla Altunayın sənəti öz gücünü ənənəvilik və keçmiş ilə qurduğu dərin münasibətinin səmimiliyindən alır. Rəssam bəzən ulu sivilizasiyamızdan, bəzən qədim ənənələrimizdən, bəzən də aktual dünyadan istinad etdiyi motivləri birləşdirərək, özünəməxsus tərzdə kətan üzərində icra edir.

Leyla Muxtar qızı Nəsibova (Altunay) 9 may 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1998-ci ildə Respublika İncəsənət Gimnaziyasını bitirmişdir. Rəssam 1998-2002-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təsviri sənət və rəsmxət” ixtisası üzrə bakalavr, 2002-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” ixtisası üzrə magistr dərəcəsində təhsil almışdır. Leyla Nəsibova 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqına üzv olmuşdur.

Leyla Altunay yaradıcılıq fəaliyyəti ilə yanaşı həm rəsm müəllimi, həm moda dizayner, həm də interyer dizayner kimi fəaliyyət göstərməkdədir.

 

Rəssamın əsərlərində ilk baxış bütün əzəməti ilə kompozisiyanın mərkəzində ilişir qalır, bəzən isə baxış nöqtəsi kətanın üzərində sanki səyahətə çıxaraq, kəşf olunmağı gözləyən kodları deşifrə etməyə və onlardan orijinal bir hekayə qurmağa can atır.  Bu zaman, kompozisiyada rəssamın xəyal və düşüncələrinin qapıları izləyicilər üçün geniş bir şəkildə açılır və keçmişin bütün təfərrüatları birdən-birə sujetin məğzində fokuslanır.  Leyla Altunayın da əsas qayələrindən biri aid olduğu dünyanı,  öz yaradıcı varlığını tamaşaçılara xatırlatmaqdır.  Sonsuz bir rotasiyaya əsaslanan bu bütövlük həm zamana, həm də sərhədlərə sığıb, sığışa bilmir. Peşəkar rəssamın sənət vasitəsilə ifadə etmək niyyətində olduğu hər bir ideyası yüksək psixoloji improvizasiya ilə zənginləşir. .

İntuisiya, anlayış və qavrayış…

Bu üç fərqli anlayışları bir konsepsiyaya istiqamətləndirən rəssam Leyla Altunayın bədii yaradıcılığı onun çağdaş düşüncələrinin və mənəvi tələbatının parlaq əksidir.

Mürəkkəb fikirlərini belə ən sadə motivlər ilə ifadə etməyə can atan rəssamın müasir yanaşma tərzi təsviri sənət və müxtəlif mədəni ifadə formaları arasında körpü qurmağı hədəfləyən əsas prinsipdir.

Peşəkar rəssamın bədii fəaliyyətində millilik, şərq ab-havası, qərbsayağı minimalizm, nəfis ornamentallıq və dekorativ elementlərə müraciət onun yaradıcılığının bədii-fəlsəfi təməlidir.

Mənəvi təzad və ruhi təbəddülatlar Leyla Altunay üçün yaradıcılıqda məna və mahiyyətin əsasını təşkil edir.  Sərbəst, ekspressiv və şəxsi emosional ifadəsini qiymətləndirərək, kətana köçürən rəssamın geniş spektrli texnika və icra üsullarından istifadə etməsi onun yaradıcılığını orijinallaşdıran ən önəmli prinsiplərdən biridir.

Rəssamım mücərrəd kompozisiyaları onun daxili impulsunun əksidir. Sanki rəssamın bütün duyğu və düşüncələri kətan üzərində hərəkət edir, əsla dayanmaq bilmir.

Ümumiyyətlə, rəssam öz bədii axtarışlarını əsərlərinə əks etdirmək niyətindən əsla əl çəkmir. Həmin əsərlər isə adətən sənətkarın axtarışlarının nəticəsi olan müəmmalarla zənginləşdirilir. Tam olaraq Leyla Altunay da öz bədii axtarışlarında ta qədimliyə, ənənəvilik və keçmişə aid cizgilərin varlığının əyaniliyinə toxunur. Kompozisiyalarına biomorfik, piktoqrafik və ornamental ünsürlər əlavə edən Leyla Altunay bütün bunlardan düşüncə və ideyalarının özəl şifrələri kimi istifadə edir.

Onun yaradıcılıq fəaliyyətində xüsusi rol oynayan, eyzən fikirdə bədii niyyətinin əksinin substansiyasını təmsil edən “Orxon-Yenisey mədəniyyəti” xüsusilə diqqətəlayiqdir. Türklərin ibtidai tarixini, kökənlərini özündə ehtiva edən bu mədəniyyətdən ilham alan rəssamın motivlərində, ornamentlərində və mövzu seçimlərində bunu açıq-aydın bir şəkildə görmək mümkündür. Rəssam bir çox kompozisiyasında qədim türk yazısına müraciət edir . Leyla Altunay öz imza seçimində də qədim türk əlifbasından istifadə edir. Türklər öz kimliyini əbədiləşdirmək üçün əsrlər boyu mif, əfsanə, "Orxon-Yenisey" kitabələri, "Qobustan" qaya abidələri, "Kitabi-Dədə Qorqud", "Manas", "Koroğlu", "Alpamış" və s. eposlar ərsəyə gətiriblər. Bütün bu qədimi nümunələr türkün tarixdəki qüdrətini, təfəkkürünün gücünü özündə əks etdirən önəmli abidələrdir. Daş abidələrin sonsuza qədər məhv olmadan dayana biləcəyi inancına sahib olan qədim türklər onlara “bengu” adını vermişlər. “Bengu” qədim türkcədə əbədi mənasını verməkdədir.

Müəllif hər zaman, tamaşaçılarına öz rəsmlərinə yaxın baxış nöqtəsindən nəzər yetirməsi üçün şərait yaradır, rənglərin onları tam əhatə etməsinə imkan verməyə can atır, bunun üçün müəyyən üsullardan istifadə etməyə çalışır. Leyla Altunayın əsərləri sənətlə tamaşaçı arasında möhkəm bir əlaqə yaratmağa cəhd edən, gizli mənalarla dolu yeni bir “dosta”,  “sirdaşa” bənzəyir… Kətandan bir növ xaotik fon kimi istifadə edən sənətkarın dinamik və müxtəlif fırça vuruşlarında ehtiras və rəngin gurultulu ifadəsi gizlənməkdədir. Onun əsərlərində hərəkət, tarazlıq, dizayn, diqqət, rəng, forma və kompozisiya seçimi ilə yanaşı, sərbəstliyə yönəlmiş güclü və daxili impuls daha da vurğulu bir şəkildə əks olunmaqdadır.

Rəssamın emosional çaşqınlığını ifadə edən hər bir kompozisiyada universal bir dünya kölgələnir. Belə rəsm əsərlərinə nümunə olaraq; “Antik daraqlar”, “Mavidə”, “Təbiət”, “Dəvətikanı”, “Hüruf”, “Köhnə çıraq”, “Eklips”, “Köhnə xalı”, “Lampa”,  “Qıfıllanmış qapı”,”Qayçı”, “Voleybol”,”Yeni Əhval”, “Ümidin əlləri”,   “Olimpik medallar”, “Şamanın qayığı”, “Qızıl ay”,  “Pəncərədən”, “Qırmızı xalı”, “Mexaniki mələk”, “Çin yelpikləri”, “Həyat çiçəyi”, “Şəbəkə”, “Antik sırğalar”, “Antik zərgərlik”, nəhəng “Kələğayı” silsiləsi, “Kamal Əhmədə ithaf”, “Zooastr”, “Balıqlar”, “Halüsinasiya” və s. adlarını çəkə bilərik.

Kətan üzərində yağlı boya işləri ilə tanınan peşəkar sənətkar Leyla Altunayın, müraciət etdiyi alternativ texnikalar da vardır. Müxtəlif materialların üzərində icra etdiyi mürəkkəb tətbiqləri, optik illüziyalar, xüsusi rəng şkalasından istifadə edərək yaratdığı işıq-kölgə oyunları, simvollar, fiqurlar, naxışlar və motiflər onun bədii ifadə tərzindən, üslub seçimindən bizə geniş xəbər verir. Gənc rəssamın rəsmlərinə nəzər saldıqda müşahidə etmək olar ki, hər bir əsər onun öz instinkt və intuisiyalarına əsaslanaraq, öz həyat təcrübəsindən və real duyğu selindən çıxış edərək yaradılmışdır. Tədqiq olunan bəzi nümunələrdə rəssamın ekspressiv, təfərrüatlı rəsm üslubunun və yumşaq rəng keçidlərinin olduğu, bəzi nümunələrdə isə daha səthi və sadə formaya müraciətin üstünlük təşkil etdiyini görmək mümkündür. Bu əsərlər birmənalı olaraq, bizə abstrak ekspressionizmin xüsusiyyətlərini xatırladır.

Abstrakt ekspressionizm qeyri-reprezentativ kompozisiya yaratmaq üçün rəssamın spontan və özünü ifadəli boya tətbiqini vurğulu bir biçimdə tətbiq etməsi ilə xarakterizə olunur.

Leyla Altunayın bədii fəaliyyətində aktual abstraksiya deyil də, daha isti, intim, nizamsız, hətta romantik bir ab-hava hiss olunur.

Onun bütün rəngləri bəlağətlidir. Həmin güclü rənglərlə vurğulanan duyğu və hisslər rəssamın düşüncələrinin tərcüməçisinə çevrilir.

Duyğularının ritmini tuta bilən və onu kətan üzərində dolğun bir şəkil ifadə edə bilən sənət əsəri yaratmağın yeganə yolunun məhz abstrakt ekspressionizm olduğuna inanan rəssam beləcə kompozisiyalarına “ruh” mövhumunu aşılayır.

Reallıqdan tamamilə arınmış bu təsvirlərdə yalnız fantaziyalar ön planda vurğulanır.

Rəssam tez-tez müraciət etdiyi silsilə əsərlərə dekorativ və olduqca minimalist aspektdən yanaşmağa can atır. Rəssamın silsilə əsərləri yüksək sənətkarlıq keyfiyyətlərinə malik, təsviri-sənət üçün olduqca qiymətli nümunələr hesab olunmaqdadır. Leyla Altunayın Azərbaycan rəngkarlığının inkişafında, bədii ifadə dilinin zənginləşməsində özünəməxsus yeri vardır.

Bugün abstrakt və ekspressionist üslubu ilə Azərbaycanın aktual incəsənət səhnəsində özünəməxsus yer və dəyər qazanan peşəkar rəssam Leyla Altunayın yaradıcılıq fəaliyyəti öz yolu ilə irəliləyib, zənginləşib, inkişaf etməkdədir. Sənətkara yaradıcılıq fəaliyyətində uğurlar arzulayır, yüksək enerji və maraqlı təxəyyülünün bədii məfkurəsindən çıxış edərək, hər zaman qəlbən bağlı olduğu incəsənət dünyasına töhfələr verməsini diləyirik.

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının  kiçik elmi işçisi