“Rauf Şamilzadə yaradıcılığında şölələnən innovativ çalarlar…”

15.08.2023 /
“Rauf Şamilzadə yaradıcılığında şölələnən innovativ çalarlar…”

Sənətkar bir əsər yaratmaq üçün bütün ruhunu, hisslərini, yaşantılarını, sevinclərini, arzularını, ən önəmlisi də zamanını sevə-sevə həmin əsər uğrundə sərf edir. Xüsusilə də bu bədii yola böyük əmək verib, zəhmət çəkir. Nizami Gəncəvi dediyi kimi, hər gizli xəzinədən bir dürr çıxarmaq üçün səy göstərən, milli rəngkarlığımızı müasir kontekstdə təmsil edən zəhmətkeş sənətkarlardan biri də Rauf Şamilzadədir. Sənətin bütün məziyyətlərini bilən, onları öz orijinal üslubu ilə kombinə edən gənc və peşəkar rəssam Rauf Şamilzadə yaradıcılığının rəhnində avanqard bir tərz, innovativ bir üslub dayanmaqdadır.

Tur Xander qeyd edir ki, “Sənət əsəri sənətkarın yaradıcı təxəyyülünü hər dəfə yenidən canlandırmaqla zamanlar arasında virtual rabitə yaradır. “  

Rauf Şamilzadə də ənənəvilik ilə çağdaşlıq arasında, keçmiş ilə gələcək arasında xüsusi “yaradıcı” yanaşma tərzi ilə virtual rabitə yaradır, izləyicilərə öz təxəyyül aləmini təqdim edir. Qəlblərə və duyğulara ünvanladığı hər bir əsərində rəssam öz fəhmini, bədii tutumunu məharətlə ifadə edir.

Onun mənəvi və bədii səciyyəyə malik seçilən əsərləri arasında “Payız”, “Köpək balığı”, “Boz”, “Finiş”, “Fiqur”, “Boz gəlin”, “Saxsı qablar”, “Narşərab”, “Güllər”, “Gül ruhu”, “Tərk edilmiş”, “Su altındakı ev”, “Qırmızı maşın”, “Yasəmənlər”, “Qarpız dilimi”, “Yemiş dilimi”, “Ruhlar şəhəri”, “Həmzə Sultan sarayı”, “Tənha”, “9mm”, “Dəvətsiz qonaqlar”, “Ətir qabları”, “Qayıq”, “Dəmir baş”, “Gözüaçıq”, “Yad planetdə musiqi”, “İtmiş baş”, “Natürmort”, “Anbar”, “Döyüşdən sonra”, “Gülnar”, “Qayğı”, “Batil inanc”, “Böyük görsənən”, “Mavi diskus”, “Fırtınadakı gəmi”, “Sazan”, “Ağ gül”, “Kloun”, “Zənci ayağı”, “Parti”, “Qaranlıq”, “Qoca”, kimi bir çox kompozisiyaları mövcuddur.  

Deyirlər ki, həqiqi sənət əsəri qarşısında adətən zaman aciz qalır. Biz də adlarını sadaladığımız bu əsərlərin qarşısında dayandığımızda həm zaman, həm də məkan anlayışını unuduruq. Bu kompozisiyalar bizə müəllifin duyğu və düşüncə burulğanını xatırladır, faş edir…

Peşəkar rəssam Rauf Şamilzadə kimdir?

Rauf Sabir oğlu Şamilzadə 1986-cı ildə Bərdə şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olmuş, daha sonra hərbi xidmətə yollanmışdır. 2006-cı ildə hərbi xidməti başa çatdıqdan sonra, Bakıya qayıdan gənc rəssam bu səfər zərgərlik sənətinin sirrlərini öyrənmək üçün köhnə “Bakı” univermağında sənətkarlarla birgə fəaliyyət göstərmişdir. Rəngkarlığa olan bağlılığı əsla qeyb olmayan sənətkarın rəsm sənətinə qayıtmasında Əməkdar rəssam Vüqar Muradovun çox böyük rolu olmuşdur.

Bəzən assimetrik formalar, rəng ləkələri, maraqlı ornamentlər ilə öz üslubunun estetikasını müəyyənləşdirməyə çalışan rəssamın yenilikçi və fərqli bədii ifadə tərzi xüsusi harmonik ab-hava ilə daha da zənginləşir. Öz estetikası və fəlsəfəsi olduqca “dəbli” vizual görkəmə malik olan rəssamın perspektivli və mündəricəli mövzu seçimi olduqca maraqlıdır.

Məsələn, rəssamın “Fırtınadakı gəmi” əsəri ilk baxışdan melanxolik ab-havası ilə seçilir. Bulanıq, sezilməyən bir kompozisiyanın mərkəzində tənha qalmış və fırtına ilə mübarizə aparmağa çalışan gəmi fiquru görürük. Əsərdən dinamika, ritm və yetəri qədər gərgin aura duyulmaqdadır. Müəllifin kompozisiyaya aşıladığı fərqli və “çiy” enerji izləyicilərin diqqətini özünə cəlb edir. Əsər sanki tamaşaçıları həmin ana sürəkləyir. Rəssam gəminin taleyini, aqibətini izləyicilərin öz təxəyyüllərində sonlandırmağı üçün xüsusi bədii “həmlələrdən” istifadə edir.

Müəllifin yaradıcılığında seçilən, bir başqa maraqlı əsər “Tərk edilmiş” isimli kompozisiyadır. Yenə melanxolik ab-hava ilə icra olunan bu əsərdə maraqlı kontrast mövcuddur. Tənha və tərk edilmiş, dağılmaq üzrə olan ev fiquru ilə rəssamın seçdiyi şux və canlı palitra olduqca ziddiyyətli, bir o qədər də həmahəng görünməkdədir. Məhz bu “həmlə” kompozisiyanı mənalandıran, ona xüsusi maraq aşılayan əsas amillərdən biri hesab oluna bilər.

Boşuna demirlər ki, rəng həm ondan istifadə edən rəssam üçün, həm də onu qavrayan və qiymətləndirən tamaşaçı üçün ən yaxşı təəssürat vasitəsidir. Rauf Şamilzadə də bu təəssüratın gücündən məharətlə istifadə edir. O, rəngləri, rəng kombinasiyalarını çox gözəl tanıyır, onlardan yerindəcə istifadə edə bilir.

Bunun ən gözəl nümunəsi rəssamın “Gül ruhu” əsərində özünü büruzə verməkdədir. Fərqli hisslər doğuran rəngin gücünə bu kompozisiyada dolğun bir şəkildə müraciət edən rəssamın seçdiyi pastel tonlarındakı rənglər tamaşaçıda həqiqətən də çiçəklərin zərif ruhununun mövcudluğu təəssüratını oyadır. Titrək fırça vuruşları ilə icra olunan “Gül ruhu” həqiqətən də kətanda mistik bir şəkildə kölgələnir…

Rauf Şamilzadənin kolorit seçiminin ən gözəl kətan üzərində təzahürlərindən biri də “Payız” əsəridir. Kompozisiyada xəzan yeli, “qızıl” payız ab-havası qabarıq şəkildə vurğulanmışdır. Sanki çırağı xatırladan rəng və forma seçimi rəssam tərəfindən ustalıqla tamamlanmışdır. Payızın xatirinə alışıb, odlanan ağac fiquru, bozumtul, yarı tutqun səma və xəzana dönən yarpaqlara əbədi yuva olan torpaq Rauf Şamilzadənin bədii-estetik tutumunu özündə ehtiva edən ən gözəl sənət nümunəsinə çevrilmişdir.

Gənc rəssamın yaradıcılıq kredosuna nəzər saldığımızda, onun yeni bədii ifadə arayışlarında olduğunu, hər zaman öz üzərində çalışdığını, təkrarı və təqlidi sevmədiyini açıq-aydın anlamaq olur. Məhz Rauf Şamilzadə kimi innovativ və perspektivli gənc istedadların Azərbaycan rəngkarlığının bu günü və sabahı üçün olduqca dəyərli və önəmli olduğunu vurğulamaq isə mütləqdir. Belə ki, gənc rəssama sənət yolunda bol-bol uğurlar və müvəffəqiyyətlər arzu edir, perspektivli əsərlərinin davamlı olmasını diləyirik.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi