“İncəsənətdə silinməz iz… Tofiq Ağababayev yaradıcılığı…”

05.10.2023 /
“İncəsənətdə silinməz iz…  Tofiq Ağababayev yaradıcılığı…”

 

  Cotto di Bondoneyə görə “Hər bir rəsm əsəri müqəddəs bir limana doğru yola çıxdığımız bir səyahətdir.” Bu səyahətə çıxan hər bir sənətkarın xəyali çantasında isə əsasən iki əsas anlayış olur; yaradıcı düşüncə və sənət üçün atan qəlb…

Qəlbi gözəl və zərif duyğularla süslənmiş sənətkarın ən böyük ilham mənbəyi eləcə həmin hisslərlə aşıb-daşan “yaradıcı” ruhudur. Məhz zəngin bədii irsi, pedaqoji fəaliyyəti və çoxşahəli yaradıcılığı ilə bu gün Azərbaycanın rəngkarlıq məktəbində önəmli bir rol oynayan, zəngin sənəti ilə tanınan, görkəmli sənətkar Tofiq Ağababayev də dünyanı dərindən duyan və fövrən qavrayan rəssamlarımızdan biridir. Tofiq Ağababayev peşəkarlığı və bacarığı ilə yanaşı ilahi vergisi, istedadı ilə də sənət sahəsində fəqlənən, seçilən sənətkardır.

Azərbaycanın xalq rəssamı olan Tofiq Ağababayev, həm də Bakının ilk baş rəssamı olmuşdur.

Tofiq Məmmədəli oğlu Ağababayev 8 sentyabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1946-1951-ci illərdə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Rəssam, 1953-1959-cu illərdə Baron Ştiqlits adına Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali-Sənaye Rəssamlıq Məktəbi) Keramika-şüşə fakültəsində təhsilini davam etdirmişdir. Həmin illərdə yaradıcılığa başlayan rəssam dekorativ, monumental rəngkarlıq janrlarında fərqli əsərlər yaratmışdır.

Rəssam 1960-cı illərdə keramika sənəti üzrə bir sıra əsərlər yaradır. Onun “Azərbaycan lirikası” adlı keramik triptixi (1960, Azərbaycan İncəsənət Muzeyi), Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonundakı mozaikaları ilk yaradıcılıq işlərindən sayılır. O, 1962-1970-ci illər özünü monumental sənətdə sınamışdır.

Ümumiyyətlə, incəsənət olduqca böyük və əhəmiyyətli bir anlayışdır. Hər bir insanda, həyatın hər ölçüsündə,hər bir qismində, hər peşədə biz bu anlayışa rast gəlir, ona ehtiyac duyuruq. Lakin sənətkarlar öz sənətləri ilə həyatın qarşılarına qoyduğu çətinliklərə asanlıqla cavab tapa bilir və yaradıcı həllər istehsal edərək, öz peşəkarlıqları ilə dünyanı özlərinə, öz estetika anlayışlarına heyran edirlər. T. Ağababayevin əsərləri də içindəki dərin mənalar və estetik zövqlər vasitəsilə tamaşaçı ilə ünsiyyət qurmağı bacarır. Həmin əsərlərə baxdıqca tamaşaçının qəlbinə hopan nüanslar, təfərrüatlar daha da artır və dərinləşir. Bu zaman onların nəzərini əsərdən yayındırmağa icazə verməyən ilahi bir qüvvə ərsəyə gəlir. Həmin bədii qüvvə, güc rəssamı və rəssamın sənət nümunələrini izləyicilərin yaddaşına əbədi həkk edir.

Əslində rəsm əsərlərinin hər biri bizim, hətta dünyanın varlığının estetik sübutudur. Bu bir görüntüdür, düşüncədir… Məhz bu düşüncəni sənətkarın biliyi, istedadı, yaradıcılığı və intuitiv gücü zənginləşdirir. Yaratdığı duyğu və düşüncəni ifadə etmək istəyən T. Ağababayev də öz dünya görüşünü, hisslərini, baxış bucağını məhz şux rənglərin cığırıyla izləyicilərə nümayiş etdirir.

Rəssam dəzgah rəngkarlığı və qrafik janrlarda da müxtəlif, gözoxşayan əsərlərin müəllifidir. O, 1966-cı ildə Bakı şəhərinin ilk Baş rəssamı vəzifəsində işləmiş, baş rəssam olduğu illərdə Bakı şəhər memarlığında bir çox heykəllərin yerləşdirilməsində böyük rol oynamışdır. Bu gün “28 may” metrosunun yanında ucaldılan, heykəltəraş Mirəli Mirqasımovun müəllifi olduğu  “Cəfər Cabbarlı” abidəsi onun səylərinin nəticəsidir. Bakı Soveti binasının üzərindəki gerbin bərpası, bəzi heykəllərin yerləşdirilməsi, şəhərimizin simvolik açarının düzəldilməsi kimi mühüm işlər də məhz T. Ağababayevin adıyla bağlıdır.

Rəssamın yaradıcılığı fikir, ideya baxımından olduqca əlvan, aydın və rəvan bir şəkildə özünü büruzə verir. Məhz bu orijinal dəst-xətt rəssamın həyat tərzi, duruşu, bədii dili, onun dissidentlik tərzidir. Bu, sənətkarın həyatı dərk etmək cəhdi, ona baxışı, hisslərini çatdırmaq üçün bir yol və vasitədir.

Rəssamın fəaliyyəti milli ruh və duyğular ilə bəzənmiş, bir növ sənətkarın vətən eşqinin alovlu tərcümanına çevrilmiş əsərlərdən ibarətdir. “Ümid rəngləri”, “Sözsüz”, “Yaz mahnısı”, “Şərq motivi”, “Yaz nəfəsi”, “Yuxu-Fantaziya 2”, “May”, “Döyüş”, “Dəvə”, “Bayramınız mübarək olsun”, “Toy”,  “Məhsullu payız”,  “Sofi Həmid” (2000), “Allahu-əkbər” (2001), “Müqəddəs yazı”, “Nardaran piri”, “Köhnə Bakı hamamı”, “Abşeronda xəzri”, “Zirə bostanı”, “Köhnə Bakı mədənlərində neft fontanı”, “Abşeron kəndi”, “Qız yaşıl şərf ilə”, “Qırmızı şlyapa”, “Müasirim”,  "Tələbə qız" (1972), "Akademik Z.Bünyadov" (1978), “Akademik İ.Orucova" (1978), "Ü.Hacıbəyov" (1992), “İlyas Əfəndiyevin portreti”, “Rasimin portreti”, ”Məhəmməd Füzuli” (1996), “Şah İsmayıl Xətai” (1988-89) kimi qiymətli əsərlər məhz bu qəbildəndir.

Öz sənətində kamilləşmiş sənətkar T. Ağababayevin hər bir əsərində xüsusi bir məna, əks-sədası ilə hər kəsi məst etməyə qadir musiqi, fəlsəfə, xüsusi bir aura mövcuddur. Həmin əsərlər milli və bəşəri duyğuları, dini inancları, adət və ənənələrimizi özündə ehtiva edən qiymətli nümunələrdir. Onun yaradıcılığında obyekt və ya obraz (sənət əsəri) həm forma, həm də məzmunca ardıcıl, ahəngdar, təsirli və düşündürücüdür. Rəssamın kompozisiya düzümündə mücərrədlik ilə yanaşı, həyatdan əkslər də var. Burada rəssam üçün önəmli olan hisslərini və düşüncələrini ifadə etməkdir. Rəssam rəng və formalardan ibarət əsərin kompozisiyasını ahəngdar və orijinal etmə öhdəliyini hər bir şeydən öndə tutur.

Sənət təhsili alan insan tarix boyu baş verən dəyişən estetik baxışlardan xəbərdar olmalıdır. Bu meyar Tofiq Ağababayevin də yaradıcılığında mühüm rol oynayır. B. Kroçenin “rəssam təbiəti təqlid etmir, ondan ilham alır; təbiət ancaq sənətkar gözü ilə baxanlar üçün gözəldir” sözləri sanki məhz görkəmli sənətkar Tofiq Ağababayev üçün deyilmişdir. Çünki ona başladığı bu bədii yolda ən əsas bələdçi məhz “rəssam gözü” və müşahidə qabiliyyətidir. Bu prossesdə rəng, forma, həcm, işıq-kölgə, kontrast, faktura, ritm, kompozisiya kimi anlayışlar elementar və mücərrəd təcrübələrlə rəssam tərəfindən məharətlə icra olunur.

Tofiq Ağababayevin V.Səmədova adına sərgi salonu (1994), Bakı Mədəniyyət sərgi salonu (1996), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonu (1977), eləcə də Moskvada (2002) fərdi sərgiləri keçirilmişdir. Tofiq Ağababayevin yaradıcılığı dövlət tərəfindən daima qiymətləndirilmiş, 1981-ci ildə  "Azərbaycan SSRİ əməkdar ali məktəb işçisi", 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür. Tofiq Ağababayev 2005-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Rəsm"  kafedrasının müdiri vəzifəsində çalışmışdır. Rəssama 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.

Bu gün görkəmli rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, İngiltərə, Kanada və bir çox başqa ölkələrin muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

Nigar Hətəmova