“Həyata həqiqət pəncərəsindən baxan rəssam… Ağəli İbrahimov yaradıcılığı.”

27.10.2023 /
“Həyata həqiqət pəncərəsindən baxan rəssam… Ağəli İbrahimov yaradıcılığı.”

Yaradıcılığında fəlsəfi və dərin mənaların təlqininə şahid olduğumuz sənətkar Ağəli İbrahimovun əsərləri onun həqiqətə baxış tərzi və ruhani aləminin kəsişməsini simvolizə edir. Axı incəsənət mahiyyətcə fəlsəfidir… Hər hansısa bir sənətkarın fəlsəfi-estetik baxışları nə qədər qabaqcıl olsa, sənət aşiqlərinin ondan ilham alması, təsirlənməsi bir o qədər mümkün olacaqdır. Bu, həm sənətkarın həm də sənət ilə yaxından məşğul olan bir kəsin fərdi bir şəkildə, sosial inkişafını və tərəqqisini təmin edəcəkdir. Odur ki, fəlsəfə ilə sənətin qovuşduğu nöqtədə ən əsas dayanan həmin kəs; məhz rəssamdır.

Ağəli Müsəllim oğlu İbrahimov  Bakıda anadan olmuşdur. Öncə

Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində (1960-1966),daha sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1969-1974) təhsilini tamamlamışdır. 1986-cı ildən beynəlxalq sərgilərdə iştirak etməkdə olan rəssamın əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunmuşdur. Xalq rəssamı (2007) Ağəli İbrahimov Azərbaycan Rəssamlar İttifaqının katibi vəzifəsini icra etməkdədir. Ağəli İbrahimov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. O, həm də bugün sənətin gələcəyi üçün ən ehtiyac duyduğumuz “hobbini” də icra edən, zövqlü kolleksionerlərdən biridir.

Mahir fırça ustası Ağəli İbrahimovun yaradıcılığında ən mühüm prinsip “mühafizəkarlıq”dır. Beləki, bu ifadə mahiyyətcə milli təsviri sənətin ənənələrini və klassikasını özündə kəsb edir. Rəssam klassikaya öz yanaşmasını qatır, keçmişə ilişib qalmadan, sənət naminə üzünü gələcəyə çevirir. Bu, sanki möhkəm təməllər üzərində əsası qoyulan individual və innovativ bir binaya bənzəyir. Bu binanı möhkəm edən ənənəvilikdən və klassikadan yaranmış bünövrə hesab olunur.

Rəssamın ruhunu və duyğularını kökləyən, ilham mənbəyini incəsənətə yönəldən, onun yaşadığı cəmiyyətin mədəniyyəti, tarixi, inancı və dəyərləridir.  Nəticə etibarilə, rəssam yaşadığı cəmiyyətdə gördüklərini özünküləşdirərək, müşahidələrinə əsaslanıb, onu kətana köçürərək bir növ elə cəmiyyətə qaytarır. Məhz bunun üçün də rəssam mənəvi şövqə, ruha qida verən qüvvəyə ehtiyac duyur. Ağəli İbrahimovun mənəvi dəyərlərinin işığında meydana gələn hər bir sənət əsəri isə öz ifadəliliyi, dərin mənası ilə seçilir. Həmin əsərlər gözəlliyi özündə ehtiva edir. Axı İslam dininin də köklərində gözəllik dayanır… Buna, Allahın kəlamını ən gözəl şəkildə yazmaq üçün mirzələrin, xəttatların göstərdiyi səyi misal göstərmək olar. Xəttatlıq sənəti islamın yazıya və qələmə verdiyi dəyərin də bariz nümunəsidir.

Usta sənətkar kimi bizlərin də gözəl səsə, gözəl simaya, gözəl təbiətə, ruhumuzu bürüyən xoş duyğulara meyl etmə cəhdimiz vardır. Bu baxımdan dinimiz də bu hissləri istiqamətləndirərək sənətin təzahüründə həvəsləndirici rol oynayır. Əslində bizim yaşadığımız, möcüzələrlə dolu olan yer kürəsi, kainat özü də nəhəng bir sənət əsəridir. Müqəddəs dinimizin peyğəmbəri də belə qeyd edir; “Allah gözəldir və o, gözəlliyi sevir.” Bunun üçün də müsəlmanlar hər daim gözəllik axtarışında olan, zərif və həssas ruhlu olmalıdırlar. Bu həssas və yaradıcı ruhlardan biri də peşəkar rəssam Ağəli İbrahimovdur.

Rəssamın əsərlərində zəmanəyə, bəşəriyyətə, ruha, nicat çağırışına, qurtuluşa istinad vardır. Ağəli İbrahimovun bir-birindən maraqlı, estetik və fəlsəfi gücə malik olan kompozisiyaları arasında “Əbədiyyət”, “Oyanma”, “Sonun başlanğıcı”, “Çağırış”, “Yaradanın rəssamı”, “Ruhun vəhdəti”, “Həqiqət qarşısında” isimli tabloları yer alır. Bu tabloların əksəriyyətində baş rolda həqiqət və həyat anlayışları dayanmaqdadır.

Azərbaycan incəsənətində zirvə hesab olunan, hələ də öz təsir gücünü itirməyən, adı qocaman rəssamlar ilə birgə çəkilən Abşeron məktəbi Ağəli İbrahimov yaradıcılığının da əsas təsir mənbəyinə çevrilmişdir. İncəsənətin tənha dərvişi Səttar Bəhlulzadə, şərti və simvolik əsərlərin müəllifi Mircavad Mircavadov, heç bir normalara sığmayan, dövrünün cəsur rəssamı Əşrəf Murad, realist üslublu, şux palitralı Mikayıl Abdullayevin yaradıcılığı ilə yaxından tanış olan sənətkar, Ağəli İbrahimov üslubunun mükəmməlliyi də məhz buradan gəlməkdədir.

İstedadlı rəngkarın kompozisiyalarında rastlaşdığımız şeytan, iblis və digər məxluqlar olduqca maraqlı, xeyli orjinal bir şəkildə təsvir olunmuşdur. Belə əsərlərdə sanki rəssamın kətanının üzərində gərgin bir aura ərsəyə gəlir. Bu təsvirlər sanki xeyir ilə şərin mübarizəsini özündə ehtiva edir.

Məişət mövzusunda icra etdiyi, doğma sujetlərə əsaslanan əsərləri ilə də tanınan Ağəli İbrahimovun “Çıraq ilə natürmort”, “Nar dənəsi”, “Nar şirəsi”, “Qoç döyüşü”, “Qarabağ çobanları” isimli kompozisiyaları bu baxımdan çox dəyərlidir. İlk baxışdan həlim koloritə malik olan bu əsərlərdə rəssamın səmimiyyətini, daxili enerjisini duymaq mümkündür.

 

Həm bir sənətkar, həm də yurduna bağlı bir vətandaş kimi ölkəmizin başına gələn faciələrə, müsibətlərə səssiz qalmayan Ağəli İbrahimovun “Soyqırım” isimli böyük ölçülü əsəri intensiv rəng seçimi, üfüqi kompozisiya düzümü, forma orijinallığı ilə seçilməkdədir.

Ağəli İbrahimov təkcə şöhrətli bir rəssam, qayğıkeş bir pedaqoq, mötəbər bir incəsənət xadimi deyildir. O, həm də incəsənətin gələcəyi üçün çalışan sənət aşiqi, rəngkarlığımızın keçmişinə dəyər verən kolleksionerdir. Həm bizim rəssamlarımızın, həm də xarici rəssamların şah əsərlərini kolleksiyasında mühafizə edən rəssamın Azərbaycan rəngkarlığına verdiyi töhfələri isə saysız-hesabsızdır. Ənənəviliyi, müxtəlif çətinliklər ilə üzləşən Azərbaycan rəngkarlığının mərhum təmsilçilərinin əsərlərini gələcək nəsillərə ötürmək istəyən, “mühafizəkar” rəssam Ağəli İbrahimovun sənətə bu tərz yanaşması, şübhəsiz ki, hörmətə layiqdir. İncəsənətimizin keçmişini, tarixini, mərhum ustadlarımızın rəsm əsərlərini yenilik naminə, gələcək naminə dərindən bilmək və qorumaq vacibdir. Qustav Maler belə qeyd edir; “Ənənə külə sitayiş etmək deyil, əksinə odu yaşatmaqdır.”

 

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

 

Nigar Hətəmova