#ArtData rubrikasının növbəti qonağı finlandiyalı yazıçı, kurator və sosioloq Marjatta Heikkinendir.

05.06.2024 /
#ArtData rubrikasının növbəti qonağı finlandiyalı yazıçı, kurator və sosioloq Marjatta Heikkinendir.

#ArtData rubrikasının növbəti qonağı finlandiyalı yazıçı, kurator və sosioloq Marjatta Heikkinendir.

 

-Salam, Marjatta Heikkinen. İlk sualım sizə belədir; Finlandiya incəsənətinin “qızıl dövründən” bizə bəhs edə bilərsinizmi?

 

-Salamlar, Nigar xanım. Biz fin incəsənətinin “qızıl dövrünə” mədəniyyət sahəsində formalaşmağa başlayan və daha sonra möhkəmlənərək, öz təsdiqini tapan milli kimlik anlayışını aid edə bilərik. Bu, təxminən 1880-ci illər ilə 1910-cu illərə təsadüf edir. Tarixi aspektdən yanaşmalı olsaq, belə izah edə bilərəm ki, XIX əsrin ortalarında Rusiya imperiyasına aid Avtonom Çar Dukalığı olan Finlandiya müstəqillik uğrunda mübarizələrə başlamışdı. Bu mübarizənin təməli milliliyə, milli kimlik anlayışına əsaslanırdı. Məhz buna görə, finlandiyalı sənətkarlar öz istedadlarını vətənpərvərlik missiyaları ilə paralel təbliğ edirdilər. Azad bir millət üçün bədii ənənə yaratmaq səyləri Akseli Gallen-Kallela (Axel Gallén, 1865-1931) və bir neçə milliyətçi sənət tarixçiləri və tənqidçiləri tərəfindən şövqlə icra olunurdu. 1917-ci ildə müstəqilliyini elan edən Finlandiyada daxili çəkişmələr, fikir ayrılıqları davam edirdi. Xüsusən də bütün dünya tərəfindən qəbul edilən milliyətçi vurğusu Finlandiyanı geniş beynəlxalq arenalardan tamamilə ayırmışdı. Buna görə də, Finlandiya üçün “Qızıl Dövr” anlayışı vətənpərvərliyin güclü bir şəkildə təbliği ilə əlaqədardır.

 

-Sualımıza ətraflı cavab verdiyiniz üçün təşəkkür edirəm. Siz az öncə Akseli Gallen-Kallelanın incəsənətin inkişafına təsirindən söz açdınız. Bizə Finlandiyanın ən məşhur sənət əsərlərindən biri hesab olunan “Samponun Müdafiəsi” əsərinin müəllifi Akseli Gallen-Kallelanın bədii fəaliyyəti haqqında məlumat verə bilərsinizmi?

 

-“Samponun Müdafiəsi” əsəri sizi də heyrətləndirir, eləmi?

 

-Bəli, heyrətamizdir.

 

-Finlandiyanın milli dastanı “Kalevala”nın əsas səhnəsini təsvir edən “Samponun Müdafiəsi” əsəri canlı vizual atmosferi ilə onu yaxından görənləri daha da heyrətləndirir. Akseli Gallen-Kallela 1865-1931-ci illərdə yaşamış Fin simvolisti və romantik rəssamı olmuşdur. O, Finlandiyaya milli kimlik qazandıran və milliyyətçiliyə təşviq edən fin dastanı “Kalevala” üçün yaratdığı illüstrasiyalar ilə tanınır. “Kalevala” həm Finlandiya, həm də Kareliya mənşəli mifologiya və folklorundan ibarətdir.

 

-Biz Finlandiya incəsənətini milli romantizm üslubuna aid edə bilərik?

 

-Bəli,  Akseli Gallen-Kallela da bədii fəaliyyətə naturalizm ilə başlamış,milli romantizm ilə davam etmişdir.

 

-Dinamizm, keyfiyyət və yaradıcı ideyalar Fin rəngkarlığını xarakterizə edən əsas şərtlərdir. Bir az da bu sənətin melanxolik və simvolik tərəflərindən bəhs etməyinizi istəyərdik.

 

-Belə deyə bilərəm ki, Fin sənətində simvolizm hərəkatı 19-cu əsrin ortalarından 20-ci əsrə qədər davam etmişdir. Melanxolik duyğuları da özündə təcəssüm etdirən simvolizm mistik bir ab-hava ilə icra olunurdu. Bu mistik duyğu isə daha çox ruhani səciyyə daşıyırdı. Belə əsərləri anlamaq üçün adətən izləyiciyə məntiq, zəka, səmimiyyət lazım olur.

 

-Finlandiya incəsənəti və simvolizm dedikdə, ağlımıza ilk gələn isim Hüqo Simberq olur. Həmçinin onun məşhur əsəri “Yaralı mələk” gözümüzün önündə canlanır.

 

-Çox gözəl, “Yaralı mələk” əsəri Hüqo Simberqin psixi sarsıntı keçirib, müalicə aldıqdan sonra xəstəxanadan çıxdığı ilk zamanlarda təsvir etdiyi kompozisiyadır.

 

-Əsər, olduqca melanxolik abu-havaya malikdir.

 

-Haqlısınız, “Yaralı mələk” tablosunda gözləri sarğılı və qanadı qanayan mələk və xərəkdə onu daşıyan iki yeniyetmə oğlan təsvir edilmişdir. Oğlanlardan biri bir qədər müəmmalı baxışlarla birbaşa tamaşaçıya baxır. Oğlanın nə düşündüyü və ya hiss etdiyi çox aydın deyil. Həmin oğlan sanki mələyə qarşı neytral duyğu bəsləyir.

 

-Zəhmət olmasa, bir qədər də Finlandiyanın müasir incəsənətindən bizlərə bəhs edin.

 

-Fin modernizmində əsasən azadlığa istinad edən perspektivalar görmək olar. Bəzən konkretlik, bəzən həndəsi abstrakt forma, unikallıq, bəzən də subyektiv baxış bucağı fin müasir təsviri-sənətini özündə birləşdirən əsas xüsusiyyətlərdir. Mən düşünürəm ki, bizim gənclərimiz öz üzərlərində çalışaraq, fin müasir incəsənət qavramını daha yüksək səviyyəyə qaldıracaqlar. Təbii ki, bütün bunlara nail olmaq üçün müəyyən vaxt lazımdır. Mənim fikrimcə hər bir gənc vətəndaşımız və yaxud tələbə, ya da övladlarımız mədəndən çıxarılan çox qiymətli bir daşa bənzəyirlər. Həmin daşlar gözlərimizi qamaşdırsa da, toxunduğumuz zaman olduqca sərt və kələ-kötür olduğu üçün ələ-ovuca sığmayacaqlar. Onları cilalamaq üçün təmkin, zəka, diqqət, fəhm və səbir gərəkdir. Bu proses isə çox uzun bir zaman və zəhmət tələb edir.

 

-Cavablarınız üçün təşəkkür edirəm, Marjatta Heikkinen. Son olaraq bizə nə demək istərdiniz?

 

-Sizinlə söhbət etməkdən çox məmnun oldum. Layihəniz çox maraqlıdır. Fərqli ölkələr, müxtəlif düşüncə tərzləri, mədəniyyətlər haqqında belə layihələrin mövcud olması, belə layihələrdən maraqlı məlumatlar əldə etmək çox böyük və faydalı bir imkandır. Bu növ layihələrdə iştirak etməyi özümə borc bilirəm. Azərbaycan Dövlət Rəsm Qalereyasına da təşəkkürlərimi bildirmək istəyirəm. Uğurlar sizə!