XƏBƏRLƏR
“Xəzinə” adlı rəsm sərgisinin açılış mərasimi baş tutub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı və Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə fevralın 20-də Muzey Mərkəzində “Xəzinə” adlı rəsm sərgisinin açılış mərasimi baş tutmuşdur.
Sərgidə ilk öncə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin keçirilməsi məqsədindən söz açıb . Bildirib ki, Azərbaycan bədii ənənələrini, mədəni irsini, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün yaradıcı mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində işləyən gənc, perspektivli rəssamların aşkarlanması, habelə onların dəstəklənməsi, region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunması vacibdir.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov , Azərbaycanın xalq rəssamı , professor Arif Əziz çıxış edərək sərginin əhəmiyyətindən söz açıblar.
Sərgidə Orxan Qarayev, Elçin Hüseyn, Nazim Babayev, Akif Hüseynov, Şaiq Məmmədov, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov və digər rəssamların əsərləri nümayiş olunur.
Sərgi fevralın 25-ə kimi davam edəcəkdir.