Dövlət Rəsm Qalereyasının rəhbəri: “Bəzi rəssamlarımızın əsərlərinin ölkədən çıxarılması məqsədəuyğun sayılmır” - MÜSAHİBƏ - Xəbərlər - ADRQ
sa sa 331
Dövlət Rəsm Qalereyasının rəhbəri: “Bəzi rəssamlarımızın əsərlərinin ölkədən çıxarılması məqsədəuyğun sayılmır” - MÜSAHİBƏ + Foto İyn 10, 2019 | 15:00 / Müsahibələr, çıxışlar

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor əvəzi Qalib Qasımovun APA-ya müsahibəsi

- Bu yaxında Dövlət Rəsm Qalereyası ilə “Auksion Baku” rəssamlarımızın əsərlərinin birgə hərracını təşkil etdi. Azərbaycanda bu şəkildə hərrac ilk dəfə keçirilirdi...

- Bəli, belə geniş hərrac ilk dəfə keçirilir, Azərbaycan təcrübəsində bu cür auksionun keçirilməsi və bu səviyyədə təşkili ilk dəfədir. Auksionun keçirilməsi ideyası ölkəmizin iqtisadi inkişafından, ölkəmizin insanlarının incəsənətə marağının artmasından, kolleksiyaçıların formalaşmasından irəli gəlir. O baxımdan belə hesab elədik ki, bu cür auksionun keçirilməsinin böyük önəmi var.

- Auksionda ümumilikdə nə qədər əsər iştirak edirdi?

- 12 əsər auksiona çıxarıldı. Onlardan 5 əsər alıcısını tapdı.

- Alıcıların hamısı yerli kolleksiyaçılar idi?

- Bir nəfər xarici, qalan iki nəfər isə yerli kolleksiyaçı idi.

- Deməli, cəmi üç kolleksiyaçı iştirak edirdi?

- Bəli.

- Auksionda iştirak edən əsərlərin qiyməti necə müəyyənləşdirilmişdi? Çünki hərracda ilkin qiyməti 70 min manat olan əsər də var idi...

- Əsərlərin qiyməti onların bədii keyfiyyətindən, mövzunun süjetlə uyğunluğundan, kompozisiyanın doğru-düzgün təsbit olunmasından asılıdır. Bir sözlə, deyə bilərəm ki, onların qiymətlərinin formalaşmasına yüksək bədii keyfiyyət təsir edir. Azərbaycanın müasir art-məkanında bunların bəlli bir dəyərləndirmə səviyyəsi var. Bu dəyərləndirmə ölçüsündə də əsərlər qiymətləndirilib.

- Sizcə, tabloların qiyməti çox yüksək qoyulmamışdı?

- Xeyr. Mən düşünürəm ki, yüksək deyildi. Auksionda start qiymətləri 500 manatdan başlamışdı, ən yüksək qiymət 70 min qoyulmuşdu. Düşünürəm ki, bunlar yüksək qiymət deyil. Elə əsərlər var ki, onların qiyməti milyon dollarla ölçülür.

- Amma auksiondakı əsərlərin çoxu alınmadı...

- Bu auksionda hansısa bir əsərin alınıb-alınmaması məsələnin mahiyyətini dəyişmir. Auksion ona görə keçirilir ki, yəni bu akt var. Deməli, münasibətlər formalaşıb ki, bunlar yarana bilir. Biz düşündük ki, artıq rəssamlarla, qalereyalarla, alıcılarla ünsiyyət qurmaq lazımdır. Biz də bu sistemi qurmağa çalışdıq. Əsas olan bu sistemin işləməsidir. Orada hansısa əsərin satılıb-satılmamasının  elə də böyük əhəmiyyəti yoxdur. Əsas olan odur ki, artıq bu sistem fəaliyyətə başlasın və öz işini görsün.

- Bəlkə baza qiyməti yüksək qoyulub deyə, əsərlərin çoxu alınmadı?

- Xeyr, ondan asılı deyil. Birincisi, o əsərlərə qiymətləri “Auksion Baku” və bizim Qalereya hərtərəfli düşünərək müəyyənləşdirib və bu, real potensiala hesablanmış qiymətdir.

- Auksion yenə keçiriləcək?

- Bəli, auksionlar bundan sonra davamlı olaraq keçiriləcək. Növbəti auksionu sentyabr-oktyabr aylarında keçirməyi planlaşdırırıq. Çünki gördük ki, tələbat çoxdur, bu auksiondan sonra bizə çoxlu müraciətlər olub; kolleksiyaçılar, ayrı-ayrı sənət həvəskarları, qalereyalar əsər əldə etmək istəyirlər. Bundan başqa, müəlliflər müraciət edərək auksiona əsərlərini təqdim etmək istədiklərini bildiriblər. O baxımdan biz növbəti auksiona hazırlaşırıq.

- Auksiondakı əsərlər hamısı Dövlət Rəsm Qalereyasına məxsusdur, yoxsa ayrı-ayrı kolleksiyalardan götürülüb?

- Bu məsələyə tam aydınlıq gəlməsini istəyirəm. Dövlət Rəsm Qalereyasının kolleksiyasına və fondlarına daxil olan əsərlər auksion predmeti ola bilməz. Auksiona çıxarılan əsərlər ayrı-ayrı müəlliflərin və kolleksiyaçıların kolleksiyalarına daxil olan əsərlər idi. Dövlət Rəsm Qalereyası auksionda yalnız vasitəçi rolunda çıxış edib.

- Bizdə belə qayda var ki, Azərbaycan üçün əhəmiyyətli olan əsərlərin əcnəbi kolleksiyaçılar tərəfindən alınmasına məhdudiyyət qoyulsun?

- Hazırda dövlət varidatı elan edilən əsərlərin siyahısı hazırlanıb. Bu siyahıya daxil olan heç bir əsər auksiona çıxarılmır. Biz hesab edirik ki, Azərbaycan xalqı üçün böyük önəm daşıyan, milli sərvət nümunəsi hesab olunan əsərlər Azərbaycanda qalmalı, Azərbaycan muzeylərində nümayiş etdirilməli və yaxud Azərbaycandakı yerli kolleksiyaçılarda olmalıdır. Auksion keçirilərkən bu əsərləri nəzərə alırıq. Onu təklif edəcəyimiz alıcılar qismi Azərbaycandan olmalı və yaxud həmin əsərin Azərbaycanda qalacağına təminat verməlidir. Bu şərtləri əvvəlcədən bildiririk. Tutalım, Səttar Bəhlulzadənin bir əsəri var, bu əsərin Milli İncəsənət Muzeyində saxlanılması daha önəmlidir, o zaman biz heç zaman xarici kolleksiyaçıya deyə bilmərik ki, bunu ala bilərsiniz.

- Əsər şəxsi kolleksiyadadırsa və həmin adam əsəri daha baha qiymətə xaricə satmaq istəyirsə, onda necə?

- Düşünürəm ki, Azərbaycanda olan şəxsi kolleksiyaçı xarici kolleksiyaçıya əsər sata bilər. Amma həmin əsərin ölkədən çıxarılmasına Dövlət Ekspert Komissiyası icazə verəcəkmi, bax, onu bilmirəm.

- Bu yaxında dövlət varidatı elan olunan ədəbi əsərlərin və filmlərin siyahısı açıqlandı. Rəsm əsərlərinin də bu cür siyahısı var?

- Konkret belə bir siyahı yoxdur. Sadəcə, Mədəniyyət Nazirliyinin və Dövlət Rəsm Qalereyasının bəlli fondları var. Həmin fondlardakı əsərlər xüsusi inventar kimi qorunur. O dediyiniz əsərlər fondların inventarına daxil olunubsa, onlar artıq dövlət mülkiyyəti hesab olunur və onların satışı da qadağandır. Onları ölkədən yalnız sərgi keçirilməsi məqsədilə çıxarmaq olar. Bir şeyi də qeyd edim, elə rəssamlarımız var ki, onların əsərlərinin ölkədən çıxarılması məqsədəuyğun sayılmır.

- Bir-ikisinin adını qeyd edə bilərsiniz?

- Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Tahir Salahov, Murad Əşrəf... Bu kimi rəssamların əsərlərinə xüsusi həssaslıqla yanaşırıq və ölkədən çıxarılmasının tərəfdarı deyilik.

- Şəxsi kolleksiyaçılar da onlara məxsus əsərləri satmaq istədikdə, dövlət  birinci...

- ...bəli, dövlət birinci özü nəzarət edir. Milli İncəsənət Muzeyinin nəzdində fəaliyyət göstərən ekspert komissiyası var. Həmin ekspert komissiyasının tərkibində çox tanınmış ekspertlər fəaliyyət göstərir. Ekspert komissiyası hər həftə iclas edir, satış, sərgi, hədiyyə məqsədilə ölkədən çıxarılan əsərlərə baxış keçirir, onları dəyərləndirir. Əgər ekspert komissiyası müəyyən edirsə ki, misal üçün, Mikayıl Abdullayevin hansısa əsərini ölkədən çıxarmaq məqsədəuyğun deyil, o zaman həmin əsərə ölkədən çıxarmaq haqqında sertifikat verilmir.

- Yəni şəxsi kolleksiyada olsa belə, ölkədən çıxarmağa icazə yoxdur...

- Bəli. Şəxsi kolleksiyada olsa belə, ölkədən çıxarmağa icazə yoxdur. Həmin adamlara tövsiyə edirik ki, əsərləri ölkədə saxlasınlar. Mən də ekspert komissiyasının üzvüyəm. Öz təcrübəmdən yararlanaraq bizim vətəndaşların duyarlılığına, anlayışına görə onlara bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz deyəndə ki, bu əsərlər Azərbaycan xalqının mənəvi sərvətidir, onlar çox rahatlıqla bunu qəbul edir və çox sevinirlər ki, həmin əsərlər Azərbaycanda qalır və milli incəsənətin nadir nümunələri kimi saxlanılır.

- Praktikada belə hadisə çox yaşanıb?

- Belə nümunələr çox olub. Bilirsiniz ki, Lahıc turistik bölgədir. Orada 1960-cı ilə qədər istehsal olunmuş misgərlik nümunələri çox olur, həmin misgərlik nümunələrini turistlər əldə edir və ölkədən çıxarmağa çalışdıqda, lazımi sertifikat almaq üçün bizə müraciət edirlər. Biz onlara izahat veririk ki, bu misgərlik nümunələrini ölkədən çıxarmaq olmaz, onlar da bunu çox anlayışla qəbul edirlər. Dəfələrlə bu cür hadisələr yaşanıb. Ümumiyyətlə, xaricə incəsənət nümunəsi çıxaranda Dövlət Ekspert Komissiyasına müraciət etmək lazımdır. Dövlət Ekspert Komissiyası qərarların çıxarılmasında subyektiv yanaşma nümayiş etdirmir. Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalar var və Komissiya da o qaydalar əsasında işlərini qurur.

- Dövlət Rəsm Qalereyasında hazırda nə qədər əsər yer alır?

- Hazırda fondda 10 200-dən çox əsər var. Bunların içində əsasən rəngkarlıq, qrafika, heykəltəraşlıq və dekorativ təsviri sənət nümunələri yer alır. Bu əsərlər 1960-cı illərdən etibarən bizim kolleksiyaya daxil olublar. Bu illər ərzində Azərbaycan rəssamlarının bütün nəsillərinin əsas nümayəndələrinin əsərləri toplanılıb.

- Əsərlər harada saxlanılır?

- Dövlət Rəsm Qalereyasının fondunda olan əsərlər iki binada saxlanılır. Onlar üçün Muzey Mərkəzinin binasında xüsusi sahə ayrılıb və əsərlərin saxlanılması üçün bütün şərait yaradılıb. Heykəltəraşlıq nümunələri isə başqa bir fondda saxlanılır.

- Azərbaycan Film Fondunun binasında yerləşmisiniz. Nə əcəb Dövlət Rəsm Qalereyasının ayrıca binası yoxdur?

- Təəssüf ki, belədir. Güman edirəm ki, yaxın illərdə bu məsələ öz  həllini tapacaq. Çünki məsələyə sıralama nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Cənab Prezidentin xüsusi tapşırığı əsasında Azərbaycan Milli İncəsənət Muzeyinin hər iki korpusu yenidən bərpa olunub, Xalça Muzeyi üçün ayrıca bina tikilib. Mən inanıram ki, bu sıralamada Azərbaycan Dövlət Rəsm Qalereyasına da diqqət ayrılacaq.

- Rəssamlardan əsərlərin alınması necə həyata keçirilir?

- Təkcə bu il bizim kolleksiyamıza ona yaxın əsər daxil olub. Bunların içində xalq rəssamları Mirnadir Zeynalovun, Arif Hüseynovun, Siruz Mirzəzadənin və başqalarının əsərləri var. Bunlar Mədəniyyət Nazirliyinin xətti ilə alınaraq bizim fonda verilir. Fond Satınalma Komissiyası fəaliyyət göstərir. Komissiya müraciətləri dəyərləndirir və büdcə  imkan verdikcə bu əsərləri əldə edir.

- Yalnız müəlliflər müraciət edir, yoxsa siz özünüz də təşəbbüs göstərirsiniz?

- Mədəniyyət Nazirliyi bu məsələlərə həssaslıqla yanaşır. Çalışırıq ki, əsərlərin alınmasında bütün rəssamlarımızı əhatə edək. Ona görə də ildə iki dəfə - yaz və payız aylarında satış sərgisi keçirilir. Bundan başqa, sərgiləri izləyirik. Biz demək olar ki, mütəmadi şəkildə rəssamların emalatxanalarını gəzirik. Yeni yaranan əsərlərlə tanış oluruq. İki gün öncə Azərbaycan Rəssamlar İttifaqının Əhmədli qəsəbəsində yerləşən yaradıcılıq evinə baş çəkdik, iyirmidən artıq rəssamın emalatxanasında olduq. Yəni biz  mütəmadi şəkildə emalatxanaları gəzirik, gördüyümüz əsərləri dəyərləndiririk və lazımi işləri həyata keçiririk.

- Sirr deyilsə, əsərlər hansı qiymətlər alınır?

- Qiymətlər müasir dövrün bazar konyunkturasına və Nazirlər Kabinetinin müəyyənləşdirdiyi qiymətlər meyarlarına əsasən təyin olunur. Qiymətlər min manatdan on min manata qədər dəyişir.

- Dövlət Rəsm Qalereyası emalatxanaları gəzib əsərləri seçir. Əsərlərin bədii dəyərini necə müəyyən edirsiniz?

- Burada önəmli məsələ əsərin bədii dəyəridir. Dövlət Rəsm Qalereyasının artıq bəlli bir kolleksiyası var. Yəni əsas meyar bədii dəyər, ikinci meyar isə kompleksləşdirmədir.

- Qalereyanın fondunda əcnəbi rəssamların da əsərləri yer alır?

- Bir vaxtlar Azərbaycanda yaşamış rus rəssamların, bir alman rəssamın və başqa millətlərdən olan bir neçə başqa rəssamın əsərləri yer alır.

- Dövlət Rəsm Qalereyası başqa hansı funksiyaları həyata keçirir?

- Respublikada təşkil olunan sərgilərin təşkilatçısı kimi çıxış edir. Bundan başqa, hər dəfə xaricdə mədəniyyət günləri və sərgilər keçirilən zaman Dövlət Rəsm Qalereyasına daxil olan əsərlər nümayiş olunur. XX əsr Azərbaycan Rəngkarlığı Muzeyində bizim əsərlərimiz nümayiş olunur. Bir çox yerli sərgilər keçirilən zaman kolleksiyalarımıza müraciət edilir. Yəni Dövlət Rəsm Qalereyası əsas mənbə rolu oynayır. Bizim bir çox əsərlərimiz zamanında Mədəniyyət Nazirliyinin əmri ilə başqa muzeylərə verilib, yəni balansdan-balansa keçirilib. Hazırda biz fond-uçot işlərini daha səmərəli aparmaq üçün elektron baza yaratmışıq. Qeyd elədiyim kimi, Dövlət Rəsm Qalereyasında hazırda on mindən çox əsər saxlanılır. Biz bu əsərlərin pasportlaşdırma işlərini aparırıq. Onları elektron bazaya yerləşdirəcəyik. Hansısa bir əsəri axtarışa verdikdə, onun qalereyamızda hansı stelajda saxlanması haqqında məlumat əldə etmək, fotosunu, ölçülərini görmək mümkün olacaq.

- Baza nə vaxt hazır olacaq?

- Məlumatlar artıq emal edilib, yaxın günlərdə bazaya yerləşdirəcəyik. Bu proses davamlı şəkildə aparılacaq. Bundan başqa, 2017-ci ildə rəssamların vahid informasiya bazasını da yaratmışıq. Hazırda Rəssamlar İttifaqının 1830 nəfərə yaxın üzvü var. İttifaqın üzvü olmayan rəssamlar da daxil olmaqla onların hamısı haqqında bu bazada məlumat yerləşdirilib. Bəzən rəssamlar haqqında təhrif olunmuş məlumatlar yayılır, bizim bazada isə tam dəqiqləşdirilmiş, dürüst məlumatlar yer alır.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook