Təsviri sənət

Təsviri sənət incəsənətin bir növüdür. Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir. Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdır.Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur. Təsviri sənətə daxildir: - rəsm; - qrafika; -boyakarlıq; - heykəltəraşlıq; - dekorativ tətbiqi sənət; - bəzən memarlıq. Rəsm təsvirin əsasını təşkil еdir.Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini, mühitdə mövqеyini rəsm dilində əks еtdirir. Təsvirin həcmli, mühitin rеal görüntüsü üçün pеrspеktiva və işıq- kölgə qanunlarına müraciət оlunur. Rəsm kоmpоzisiya ilə əlaqədardır. Kоmpоzisiya tablоnun ümumi quruluşu, ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir. 

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur.Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur.Qobustan qaya rəsmləri – piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur.Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənli təpə), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər).

Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.