XƏBƏRLƏR
Gəncədə yaşayan rəssamlarla onlayn görüş keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bölgələrdə yaşayıb-yaradan rəssamlarla əməkdaşlığın genişləndirilməsi məqsədi ilə start verilən layihə çərçivəsində 18 fevral tarixində Gəncə şəhərində yaşayan rəssamlarla “Zoom” proqramı vasitəsilə onlayn görüş keçirilib.
Rəssamların muzey və qalereyalar arasında əməkdaşlığın sıxlaşdırılması, regionda rəssamlığın keyfiyyətinin artırılması və istedadlı insanların sərgilərdə fəallığını təmin etmək məqsədi ilə keçirilən görüş Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun iştirakı ilə baş tutub.
İkitərəfli dialoq şəklində keçən görüşdə Gəncə şəhərində yaşayan rəssamlar qarşılaşdığı problem və təklifləri bildiriblər.
Rəssamlıq sənətinin inkişafını stimullaşdıracaq bir çox məsələlər haqqında qarşılıqlı əlaqələrin yaradılması üçün fikir mübadiləsi və müzakirələr aparılıb.
Xatırladaq ki, rəssamların əlaqələr şəbəkəsinin eyni platforma üzərində qurulmasını, onların problem və təkliflərinin dinlənməsini təmin edən layihə Respublikanın müxtəlif bölgələrində yaşayan rəssamları əhatə edir.